isgal

Xocalı haqqında filmlər niyə çəkilmir? – Sevda Sultanova yazır…

Baxış sayı: 537

Hər dəfə Xocalı soyqırımının ildönümü yaxınlaşanda, müxtəlif təhsil müəssisələri, təşkilatlar nümayiş etdirmək üçün Xocalı hadisələrinin əks olunduğu bədii film soraqlayırlar. Dərin təəssüf hissiylə yazıram: Xocalı faciəsi haqda ötən 30 ildə bir keyfiyyətli, sənət meyarlarına cavab verən tammetrajlı bədii film istehsal olunmayıb. Sözügedən mövzuda sənədli kinoda uğurlu nümunələr (“Günəşin batdığı yer” – rejissor Elşən Zeynallı, “Sonsuz dəhliz”-rejissor Andreas Brokas, “Xocalı soyqırımı” rejissor Mehriban Ələkbərzadə və s) olsa da, bədii kinoda indiyədək keyfiyyətli əsər ortaya çıxarılmayıb.

Söhbət Xocalı soyqırımının hansısa filmdə fraqmentar şəkildə əksindən getmir təbii ki… Halbuki, Xocalı faciəsinin bədii ekran çərçivəsində həlli üçün material da, mövzu da, qəhrəmanlar da, universal, təsirli vəziyyət və hekayələr də var.

Ötən illər ərzində nazirliyin dəstəyi ilə bu mövzuda 2007-ci ildə “Biz qaydıacağıq” (rejissor Elxan Qasımov, ssenarist Natiq Rəsulzadə) bədii filmi çəkilib ki, onun qəhrəmanı Xocalı hadisələrində doğmalarını itirən Zakirdir (Pərviz İbrahimli). O, muğam dərsləri alır, müsabiqədə qalib olur, amma sonda birinci yerdən imtina edərək Hərbi Akademiyaya oxumağa gedir.

Əksər müharibə filmlərimizdə olduğu kimi bu hekayənin də əsasını pafos təşkil eləyir, müəllif yanaşması əsasən fakt səviyyəsindən o yana getmir. Yəni faktın bədii interpretasiyası əvəzinə, sənədli kadr və fotolarda əks olunan vəziyyətlərin, o cümlədən qəhrəmanın emosional enerji ötürməyən hekayəsinin bədii-estetik məziyyətləri işlənmədən sadəcə ekrana köçürülməsini görürük. Misalçün, ilk epizodlardan birində düşmən hücumundan qaçan insanların ümumi planda texniki təsviri bu hadisəni, ölümü bir növ statistikalaşdırır, ümumiləşdirir və bu səbəbdən fərdin dramı, ağrısı yaşanmır.

Ümumiyyətlə, süjet qarmaqarışıq təsir bağışlayır. Baş rolun ifaçılarından biri kimi Zakirin anasını oynayan Ayan Mirqasımova qeyd edilir. Lakin filmin yarısından ana obrazı harasa yoxa çıxır və final səhnələrində yenidən peyda olur. Bu müddətdə isə rejissor Zakirin iki əsas məqsədini çatdırmağa cəhd göstərir: ailəsinə maddi mənada dayaq olmaq və müsabiqədə qalib gəlmək. Hərçənd ki, Zakirin məqsədinə çatması yolunda qarşısında duran maneələri, çətinliyini, təkliyini, iztirablarını, mübarizəsini ifadə edən dərin, psixoloji situasiyalar tapılmır. Klip stilistikasında, izafi və lirik musiqinin müşayiəti ilə qəhrəmanın əzmkarlığı sosrealizmə xas tərzdə ideallaşdırılır. Maşın şüşələrini silməklə bu işi görən digər uşaqların puluna şərik çıxan Zakirin onlarla konflikti, bu toqquşmada təkbaşına qətiyyətli duruşu “Şərikli çörək” filmindəki həmin məşhur səhnəni xatırladır. Vaqifin bazarda su satan yaşıdlarıyıla münaqişəsini nəzərdə tuturam.

Sosial təbəqələr arasındakı ziddiyyəti ifadə edən paralel səhnələr təbii şəkildə yetişmir, yəni vəziyyətin tələbiylə meydana çıxmır, müəlliflər bu epizodları süni şəkildə əhvalata daxil edirlər. Misalçün, qaçqın cütlüyün toy mərasimi zamanı humanitar yardım gətiriləndə bütün qonaqlar bəylə gəlini mağarda unudaraq yardım gətirilən maşına doğru qaçırlar. Zakir şəhərdə gəzişəndə, necə olursa, varlı toyuna rast düşür və xəyalında zənginlərin humanitar yardım gətirən maşına doğru cummasını canlandırır. Səhnənin əhvalatdakı dramaturji yükü, hadisələrin inkişafında, qəhrəmanın həyatında rolu aydın deyil.

Yaxud toyda kameranın (Rafiq Əliyev) birdən-birə müharibə iştirakçısının əlilliyinə fokuslanması əsaslandırılmır. “Biz qayıdacağıq” filmində belə əlaqəsiz, əsaslandırılmamış təsvirlər yetərincədir.

Vahid Mustafayev də 2012-ci ildə lentə aldığı “Xoca” filmində sənədli materialları kino dilinə çevirməyib, ona görə də Xocalı ağrısını hiss etdirə bilməyib. Sənədli kadrların, fotofaktların müəyyən bədii elementlərlə illüstrasiyası kimi çəkilən “Xoca” soyqırımla bağlı ən azı emosional, fikir yenilənməsi yaratmır.

… Xocalı faciəsi haqda uğurlu tammetrajlı bədii filmin yoxluğu, öncəki məqalələrimdə dediyim kimi, Mədəniyyət nazirliyinin kino (indiki audiovizual və interaktiv media şöbəsi) şöbəsinin yeni rəhbərliyindən çox, sabiq rəhbərliyin məsuliyyətsizliyidir. Amma bütün hallarda Xocalı soyqırımının 30-cu ildönümü günündə yeni bir filmin premyerası baş tutmalıydı…




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir