xocali

“Xocalı qətliamı necə gerçəkləşdi?” – Türkiyə mediası yazır

Baxış sayı: 1. 906
Qardaş Türkiyə və onun mətbuatı Ermənistanın Azərbaycana qarşı təcavüzü başlanandan bəri obyektiv münasibəti ilə seçilib. Xüsusən də münaqişənin ilk illərində – Azərbaycan informasiya blokadasında olduğu dövrdə qonşu ölkə mətbuatının oynadığı rol əvəzsiz olub. Xocalı soyqırımı baş verən günlərdə bu, xüsusilə özünü göstərib. Soyqırımından sonrakı illərdə qardaş ölkənin mətbuatı Türkiyə ictimaiyyətinə, eləcə də türkdilli ölkələrdə olan çoxmilyonluq auditoriyasına faciəni obyektiv şəkildə çatdırıb və indi də bu missiyanı daşımaqdadır.
Bu günlərdə nüfuzlu “Milliyət” qəzeti ənənəsinə sadiq qalaraq “Xocalı qırğını necə reallaşdı?” başlıqlı məqalə dərc edib və 25 il bundan əvvəl yaşanan faciəni türk ictimaiyyətinə geniş şəkildə çatdırıb. Azərbaycanın İstanbuldakı konsulu Məsim Hacıyev tərəfindən təqdim edilən materialda qeyd edilir ki, erməni qüvvələri Xocalı qəsəbəsində, 83 uşaq, 106 qadın və 70-dən çox yaşlı daxil olmaqla, 613 nəfəri qətlə yetiriblər. Məqalədə tarixə ekskurs edilərək bildirilir ki, 1980-ci illərin ikinci yarısından etibarən Azərbaycan ilə Ermənistan arasında gərgin bir dövr başladı: “Ermənistan Azərbaycana aid olan Qarabağ bölgəsinin dağlıq hissəsində erməni əhalisinin çox olduğunu ifadə etdi. Bölgədə erməni əhalisinin çox olmasının səbəbi Sovetlər Birliyinin illər boyu sürən siyasəti ilə bağlı idi. Region beynəlxalq təşkilatların də qəbul etdiyi kimi, tarixi və hüquqi olaraq Azərbaycana aiddir. O zaman Dağlıq Qarabağın ən əhəmiyyətli ərazisi olan Xocalı qəsəbəsi erməni qüvvələri tərəfindən hərbi hədəfdə idi. Qəsəbə aylarla top atəşinə tutuldu və nəticədə erməni qüvvələrinin mühasirəsinə düşdü. Ətrafla əlaqəsi kəsildi. Qırğının reallaşdığı tarixlərdə 10 min əhalisi olan Xocalıda 3 min azərbaycanlı var idi. Yaşanan yalnız insanların qətlə yetirilməsi deyildi. Cəsədlər üzərində edilən araşdırmalar onların bir çoxunun yandırılmış olduğunu, gözlərinin oyulduğunu təsbit etdi. Hamilə qadınlar və uşaqların da bu vəhşiliyə məruz qaldığı müəyyən olundu”.
Daha sonra qeyd edilir ki, Xocalıda yaşanan bu qırğına Birləşmiş Millətlər Təşkilatı və Qərb dövlətləri ciddi bir reaksiya göstərmədilər. “Qərb ölkələrinin bu mövqeyi və rus dəstəyi ilə erməni qüvvələri qısa bir müddət ərzində Dağlıq Qarabağ bölgəsini və ətraf torpaqları işğal etdilər. Ermənistan ilə Azərbaycan arasındakı bu müharibə 1994-cü ilə qədər davam etdi. 1994-cü ildə iki tərəf arasında atəşkəs təmin edildi. Ancaq atəşkəsin ardından başlayan sülh danışıqlarında hər hansı bir nəticəyə gəlinmədi”, – deyə məqalədə vurğulanıb.
Bildirilir ki, ulu öndər Heydər Əliyevin tapşırığıyla yaradılmış komissiya 2002-ci ildə hesabatını açıqlayaraq Xocalı faciəsini soyqırımı elan edib. Prezident İlham Əliyevin birbaşa təmasları nəticəsində ABŞ-ın 21 ştatı və dünyanın təxminən on ölkəsi və parlamenti Xocalı faciəsini soyqırımı olaraq tanıyıb və o istiqamətdə qərarlar qəbul edib. Konsul öz yazısında qeyd edir: “Bu məzmunda ən böyük dəstəyi, əlbəttə ki, qardaş Türkiyədən gördük və görməkdəyik. Xocalı soyqırımı baş verdiyi gündən bu yana Türkiyə ən böyük dəstəkçimiz və mənəvi təsəlli yerimiz oldu. Hər il Xocalı həftəsində Türkiyə Böyük Millət Məclisində iqtidar və müxalifət nümayəndələri bununla bağlı müzakirələr aparır, soyqırımını türk cəmiyyətinə bir daha xatırladır. Başda Ankara olmaqla, Türkiyənin müxtəlif şəhərlərində açılmış Xocalı soyqırımı abidələri, parklar, dərc edilən kitablar, təşkil edilən yığıncaqlar soyqırımını törədənlərin iç üzünü bir daha ortaya qoyur. Biz Xocalı soyqırımını törədənlərin cəzalandırılması faktıyla torpaqlarımızın erməni işğalından şərtsiz azad edilməsini bir-birindən ayrı tutmuruq. Çünki Xocalı soyqırımını edən canilər bizim torpaqlarımızı işğal etmiş canilərin ya özləri, ya da yaxınları, qardaşlarıdır. Xocalı qatillərinin beynəlxalq cəza məhkəməsinin önünə çıxmaları üçün bütün hüquqi addımları atırıq”.
 x
Ümumiyyətlə, qardaş ölkənin mətbuatı Azərbaycan üçün önəmli olan Qarabağ mövzusunda bütün hadisələrə öz səhifələrində yer ayırır. Məsələn, son günlər medianın diqqəti işğal altında olan Lələtəpə yüksəkliyinin azad edilməsi nəticəsində Cocuq Mərcanlı kəndinə sakinlərin qayıtmasına yönəlib. Türkiyə mətbuatı bu hadisəni Azərbaycanın böyük uğuru kimi qələmə verib. Nüfuzlu “Yeni Şafak” qəzetinin “Azərbaycan Lələtəpəni geri aldı” başlıqlı məqaləsində vurğulanır ki, işğaldan azad edilən Cocuq Mərcanlı kəndindən zorla qovulan insanların öz evlərinə qayıdışı həyata keçirilir. Məqalədə, həmçinin xarici media mənsublarının iştirakı ilə kəndə səfər təşkil edilməsindən bəhs olunub: “Öz torpaqlarına dönməyi dörd gözlə gözləyən azərbaycanlılar üçün prezident İlham Əliyevin tapşırığıyla geri dönmə layihəsi başlanıb. Qaçqın və məcburi köçkünlər üzrə Dövlət Komitəsinin nümayəndəsi Fuad Hüseynov bildirib ki, ilkin mərhələdə 50 ev və məktəb təmir ediləcək”. Bundan əlavə, “Timeturk” nəşri, “Anadolu”, “Arti 49” agentlikləri də Cocuq Mərcanlıdan reportaj təqdim ediblər. “Dağlıq Qarabağa “Böyük Dönüş”ün başlangıcı: Cocuq Mərcanlı” başlıqlı məqalələrdə Azərbaycanın işğal altında olan bütün torpaqlarının azad ediləcəyi günün uzaqda olmadığı vurğulanıb.



Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir