Xoşbəxt ailə üçün əsas şərt sevgi dillərinin eyni olmasıdır?

Baxış sayı: 1. 418

Görəsən, ailədə ancaq sevgi dilləri eyni olanlarmı xoşbəxt olurlar? Ya da ailənin xoşbəxt olması üçün əsas şərt sevgi dillərinin eyni olmasıdırmı? Təbii ki, yox. Ailədə hər iki tərəfin sevgi dillərinin eyni olması yaxşıdır.

Üstəlik, bu, tərəflər arasında ünsiyyətin artması deməkdir. Ancaq bəzən bunun əksi də olur. Yəni, ailədə ünsiyyəti təkcə sevgi dillərinin eyni olması yox, fərqli olması da artırır. Elə isə “sevgi dili” nədir? Qısa bir şəkildə desək, sevgi dili sevginin ifadə olunması və ya qəbul edilməsi formasıdır. Bu baxımdan, bəzi tərəflər sevgi dilində daha çox sözə üstünlük verirlər. Məsələn, adi “səni sevirəm” sözü onlar üçün çox şey ifadə edir. Bəzilərinin isə sevgi dili hədiyyədir. Başqa sözlə, onlar öz sevgilərini hədiyyə ilə ifadə edirlər…

Təbii ki, bu maddələrin sayını artırmaq da olar. Ancaq, əsas məsələ tərəflərin eyni sevgi dilinə malik olması yox, bir tərəfin qarşı tərəfin sevgi dilini bilməsidir. Ona görə də, tərəflər “Onsuz da həyat yoldaşımı sevirəm” və ya “Belə şeylərə ehtiyac görmürəm” deməməli və təkcə öz sevgi dillərinin təsiri altında qalmamalıdırlar. Başqa sözlə, həyat yoldaşınız sizə işlərinizdə kömək edirsə və ya işlərinizi asanlaşdırmağa çalışırsa, bu onun dilində “səni sevirəm” sözünü ifadə edə bilər. Əvəzində bunu görməmək və özünüzü yalnız bu cümləni eşitməyə kökləmək təbii ki, sizə uğur gətirməyəcək. Üstəlik, bu, tədricən qarşı tərəfin bezməsinə səbəb olacaq. Elə isə, nə etməli? Hər şeydən əvvəl qarşı tərəfin sevgi dilini öyrənmək üçün həyat yoldaşınızı müşahidə edin. Hansı hərəkətlər ona necə təsir göstərir? Nə vaxt hansı reaksiyanı verir? Digər tərəfdən, həyat yoldaşınızın sizin sevgi dilinizi öyrənməsi üçün gözləyə, ya da bu məsələni oturub bir yerdə müzakirə edə bilərsiniz.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir