Yay təmizliyi ailələrin cibini necə “təmizləyir”?

Baxış sayı: 1. 841

Qadınlar seriallardan həvəslənir, təmizlik şirkətləri ev əşyalarını maya qiymətinə təmizləyir; divan-kreslonu 120 manata, xalçanı 100 manata yuyan firmalar barədə bilmədiklərimiz

Yay fəsli qapını döyən gündən evlərdə təmizlik işləri də artıb. Xalça-palaz yuyanlar, yorğan-döşək yununu yuyub, sırıyanlar, evin böyük təmizliyi… Yay fəsli təmizliyi sevir, amma eyni zamanda əziyyəti də. İndiki zamanda isə iş rejimi, ağır qrafik, bir çox hallarda xəstəlik, ən əsası ilə maddi imkan xanımlarımızı bu işdən imtinaya, daha doğrusu, onu başqasına gördürməyə sövq edir.. 
Elə gün olmur ki, telefonumuza bu və ya digər təmizlik şirkətindən sms gəlməsin: “Xalçalarınızın bu yay təmiz olmasını istəməzsiz?” elanı ilə. Üstəlik, elanlarda müştəriyə təqdim olunan ucuz qiymətlərlə reallıq arasındakı qosqoca fərq. Bu haqda bir qədər sonra.
Bu, adi xalçadır, ya sehirli?
Bildiyiniz kimi, indi xalça yudurtmaq üçün xeyli seçim imkanları var. Həyət, bağ evi olanlar bu qovurucu istilərdə xalçanı özləri, sırf zövq üçün yuyurlar. Daha bir seçim “moyka”lardır ki, burda da sahəsi 6 kvadrat metr olan xalçaların 15 manata yuyulması mümkündür. Xalçanın həcmi böyüdükcə təbiidir ki, qiyməti də artır. Bu halda daşınma xidməti xalça sahibinə aiddir.
Amma “qonşu xala”ların xidmətindən yararlanmaq istəsəz, sövdələşmə nəticəsində daha ucuz qiymətə bu işi həll etmək mümkündür. Bütün hallarda xalçanın ölçülərindən asılı olaraq qiymət dəyişə bilər. Bu iş üçün minimum 10, maksimum 30-40 manat ayırmaq lazım gəlir.
Keçək özəl firmalara. Hansılar ki, hər gün internetdə elanlarını yayır, mobil telefonunuza mesajlar yollayırlar.
Başlayaq “Pak Xalça” firmasından. Bu firmada xalçanın kvadrat metrini 2.50 AZN-ə yuyurlar. İşdir, siz divan-kreslo təmizliyi üçün də firmanın köməyindən istifadə etmək istəyirsizsə, bu halda məsrəfiniz artacaq. Belə ki, 3 nəfərlik divanın təmizlənməsi 60, 4 nəfərlik divanınkı isə 80 manatdır. Bura iki ədəd kreslonun təmizliyini də əlavə etsək, qiymət müvafiq olaraq 100-120 manat olacaq.
“Dəniz Xalı” firmasında isə qiymətlər nisbətən ucuzdur. Burada xalçanın bir kvadrat metri 1.80 manata yuyulur. Divan 30 manat, kreslolar 10 manat, pərdə 2 manat(1 kvadrat metri), odeyal 10 manat, yorğan isə 15 manata yuyulur. Firmadan bizə bildirdilər ki, xalçanın yuyulması ilə bağlı verilən elanda bir “detal” qeyd edilməyib. Belə ki, xalçanın uzunluğu 5, eni isə 4 metr olarsa, hər kvadratmetrinin yuyulma qiyməti 3 manat olur. Pərdələrlə bağlı durum da elanda göstərildiyi kimi deyil. Belə ki, pərdənin ancaq tül hissəsi 2 manata (çəkiyə müvafiq – bir kilosu) yuyulur. Pərdənin günlüyü, yəni daha qalın hissəsinin bir kilosunun yuyulma məsrəfi isə 4 manatdır. Şirkətlər bir qayda olaraq, divan-kreslonu evdə təmizləyir. Amma digər təmizlənəcək əşyalar aparılır, firmada təmizlənəndən sonra geri qaytarılır. Bundan başqa, yorğan-döşək təmizliyi deyəndə da yun olmayanlar, yəni sentifonlar nəzərdə tutulur.
Divan-kreslonu az qala onun maya dəyərinə yuyub təmizləyirlər
Özəl təmizlik firmalarından birinin təmizlik xidmətindən yararlanan Tahirə Mehdiyeva deyir ki, qiymətlərin bahalığından narazıdır: “Evimiz qonaqlı-qaralıdır. Qonaqlıqlardan birində uşaqlar divana gilas şirəsi tökmüşdülər, ləkəsi getmirdi, kreslolar da çirklənmişdi. Özüm təmizləməyə risk eləmədim. Dedim, xlorun izi qalar, xarab olar. Telefonda demişdilər ki, 90 manata təmizləyərik. Gəldilər, divan-kreslonu bir yerdə təmizləməyə 130 manat istədilər. 3 dəfə belə təmizlik etdirsəm, təzə divan-kreslonun pulu çıxar ki. Özlərinə də dedim ki, axı burda 130 manatlıq iş yoxdur. Dedilər, kimyəvi təmizlikdir, kimyəvi maddələr, istifadə etdiyimiz texnikanın qiyməti bahadır. Ondan sonra bir daha istifadə etmədim xidmətlərindən”.
Yorğan-döşək yununun yuyulması, qurudulub sırınması isə daha çox xalq arasında “köhnə arvadlar” deyilən, yaşlı qadınlara etibar edilir. Hansılar ki, yorğanı necə sırımağı bilir, onu qaydasına uyğun təmizləyib sahibinə qaytarır. Redaksiyamızın yaxınlığında bu cür xidmət göstərən yaşlı xalalardan biri ilə danışanda məlum oldu ki, bir yorğanı sırımaq üçün 15, döşək üçün adətən 30 manat alır. Onların işi yay aylarında daha çox olur. Buna səbəb toyların daha çox payız aylarına təsadüf etməsi, qızların cehizlərinin bu vaxt hazırlanmasıdır. Bundan başqa, yay aylarında qadınlar təmizliyə daha çox əhəmiyyət verir. Və hər şeydən önəmlisi, yay fəsli, isti hava yunun lazımi qaydada quruması üçün ideal fəsildir.
Xadimələr insaflıdır, təmizlik şirkətləri “nemes üsulu” ilə işləyir
Yazının girişində haqqında danışdığımız ev təmizliyi barədə də bir neçə kəlmə. Heç kimə sirr deyil ki, hazırda xadimələrin, təmizlikçi qadınların xidmətindən daha çox imkanlı təbəqə istifadə edir. Bu, müntəzəm həmin xidmətdən yararlananlara aiddir. Amma evi təmirdən yeni çıxan, xəstəsi olan, “künc-bucaq” ev təmizliyinə ehtiyacı olanlar zaman-zaman bu xidmətə müraciət edir. Xadimələrlə işləyən xanımlar daha çox anlaşma yolu ilə qiymətləri tənzimləyir. Birdəfəlik təmizlik xidmətinin məbləği 20-30 manat arasında dəyişir. Bura ütü xidməti daxil olmur. Amma həftədə 3 dəfə təmizlikçi xidmətindən istifadə edən qadınların bunun üçün aylıq 250 manat ödədikləri apardığımız sorğu nəticəsində üzə çıxdı. Sonuncu daha sərfəli üsul kimi görünür.
Təmizlik şirkətlərindəki qiymətlər isə “göydə uçur”. Məsələn, “BG Cleaninq” şirkətindən öyrəndik ki, təmizlikdən öncə şirkət evə öz işçilərini göndərməli, evə baxış keçirməlidir. Bu zaman təmizlik qiyməti müəyyənləşə bilər. Evin nə dərəcədə təmirli olması, əşyaların sayının azlığı-çoxluğu, evin təmiziliyi qiymətin müəyyənləşməsində çox önəmlidir. Amma ikiotaqlı mənzilə iki nəfərlik heyət göndərəcəkləri və bunun üçün də qiymətin 140 manat olacağı firmadan bildirildi.
 
“Flower Cleaning” şirkətindən isə bildirildi ki, onlar da dediyimiz otaq sayını 150 manata təmizləyirlər. 
“Primeria Cleaninq” şirkəti isə kiçik evlərə bir xadimə göndərməklə kifayətlənir. Kiçik evlərin təmizlik işi üçünsə xadiməyə 30 manat ödəmək bəs edir.
Sosioloq “qadınlar seriallardakı həyatı yamsılamağa çalışır” deyir…
Sosioloq Aytən İmanova hesab edir ki, müasir qadınlar fiziki işləri təmizlik şirkətlərinə, eləcə də xadimələrə həvalə etməklə öz yüklərini azaltdıqlarını düşünsələr də, bu zaman da maddi yükün altına girmiş olurlar: “Bir qadın həftənin 5-6 günü, sutkada 8-9 saat çalışırsa, təbii ki, cəmi bir istirahət günündə özünü ev işlərinə həsr etmək istəməyəcək. Əgər qazancı normaldırsa, evə xadimə çağıracaq, bu işi ona gördürüb, fiziki yükünü azaldacaq. Amma bu, vərdiş halına çevrilsə, artıq ailə büdcəsi üçün ciddi məbləğə çevriləcək. Bu isə ailəni maddi yükün altına salacaq. Bu da problemdən çıxış yolu deyil”.
Müsahibimiz hesab edir ki, bir çox hallarda qadınlar seriallarda, filmlərdə gördükləri həyatı öz gündəlik rejimlərinə daşımaq istəyirlər. Yəni öz görə biləcəyi işi də müxtəlif bəhanələrlə görmək istəmir ki, bu da ailədə problem yaradır: “Xəstəlik, ağır iş qrafiki olduğu halda köməkçinin xidmətindən istifadə etməni anlayışla qarşılamaq mümkündür. Amma indiki ağır dolanışıq şəraitində bunu sırf kapriz üçün edən xanımların durumunu anlamaq çətindir”.
Sevinc Telmanqızı



Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir