alis-vveris

Yeni İl endirimlərindən qalib çıxmağın qızıl qaydaları

Baxış sayı: 1. 614

Yeni ili qadınlar üçün ikiqat bayram edən səbəblərdən biri də Miladqabağı endirimlərdir. 30, 40, 50 bəzən hətta 70%-ə çatan bu endirimləri necə gözləməyəsən axı?! Çoxumuz ‒ elə mən də alacağım şeyleri ilsonu endiriminə saxlayırıq ki, qənaət edə bilək. Amma bəzən bu qənaət ancaq sözdə qalır. Marketoloqların tələsinə elə düşürük ki, heç xəbərimiz də olmur. Bir də ayılırıq ki, pulumuzu xərcləyib qurtarmışıq, ehtiyacımız olan şeyləri isə almamışıq. Ayağını sıxmağına baxmayaraq aldığın bahalı ayaqqabının şan-şöhrətli paketini əlində yelləyə-yelləyə gedirsən.

Amma içində qəribə bir narahatlıq var. Niyə? Çünki alış-verişə gəlməmiş nəzərdə tutduğun, sənə həqiqətən lazım olan şeylerin yerinə 4-5 paket səni həyəcanlandıran şeylər almısan. Disco tərzli yaşıl ətəyi hələ də niyə aldığını anlamırsan. Birincisi əyninə dar oldu bir ölçü böyüyü isə yox idi. İkincisi sonuncu dəfə nə vaxt diskoya getdiyin yadında deyil axı sən o ətəyi hara geyinəcəksən?! Bütün bunlar biz qadınların başına tez-tez gəlir və həqiqətən də belə hallarda etdiyin şopinq səni sevindirmir, ehtiyacların ödənmir, büdcən isə tükənir. Nəticədə qarderobunda etiketi sallanan bir neçə geyim olmasına baxmayaraq yenə də geyinməyə heç nəyin olmur. Bu xoşagəlməz vəziyyətə düşməməyin üçün həm şəxsi təcrübəmdən, həm də mütəxəssilərin dediklərindən ibarət alış-veriş planı hazırladım.

Həyəcənlanma! Bilirəm, bilirəm… Qırmızı hərflərlə yazılmış “endirim” sözünü görəndə həyəcanlanırsan. Amma məhz bu qırmızı rəng marketoloqların düşündüyü birinci tələdir. Bu rəng insan beynində həyəcan siqnalı yaratmağı bacarır. Həyəcanını basdır! Təmkinli davrananda daha uğurlu alış-veriş etdiyini xatırla. Hər-hansı bir şeyi almaq istədiyin anda fikirləş ki, əgər bu şey endirimdə olmasaydı da onu bəyənəcəkdinmi? Yəni bu şey həqiqətən sənin zövqünə uyğundurmu?

 

Həyat tərzinə uyğun alış-veriş. Ola bilsin ki, mağazada çox qəşəng ziyafət ayaqqabısı və ya çanta endirimə düşüb. Onu almamışdan qabaq nə qədər sıxlıqda ziyafətlərə getdiyini düşün. Və ya çox gözəl bir idman geyimi 70% endirimə düşübsə belə idmanla məşğul olmursansa onu almağa ehtiyac yoxdur.

Ölçünə uyğun alış-veriş. Əgər bədən ölçün 38-dirsə heç bir endirim onu 36 və ya 40 edə bilməz. Arıqlayacam-kökələcəm yalanlarına inanmayacaq yaşdayıq artıq. Bir də sırf rəfiqələrimə 36 geyinirəm deyəcəyəm deyə kiçik ölçü paltar alanlar var. Bir şalvarın və ya donun düyməsi əyninizdə bağlanırsa bu hələ sizin ölçünüzdür demək deyil. Əynimizə balaca olan geyimdə olduğumuzdan 3-4 kq artıq göründüyümü bilirdinmi? Unutmayın ki, heç kim paltarın etiketindəki ölçüyə baxmır. Amma hamı qarnını və ya budlarını dar paltardan pırtlayıb çıxmasını görür.

Məlumatlı ol! Əksər mağazalar endirim zamanı alınan malların dəyişdirilməsinə icazə vermir. Amma bu psixoloji təzyiqdən başqa bir şey deyil və alıcı haqlarına ziddir. Aldığın malı 14 gün ərzində mağazada dəyişə bilərsən. Bunun üçün qəbzi saxlamağı unutma!

Özünə lazım olanları seç! Bunun üçün alış-verişə getməmişdən əvvəl şkafını aç və qarderobunu yaxşıca incələ. Nələrə ehtiyacın olduğuna fikir ver. Bundan əlavə qarderobunun digər parçalarını da yadında saxla ki, onlara uyğun alış-veriş edəsən. Axı aldıqlarını onlarla uyğunlaşdırıb geyinəcəksən. Bir də başqa maraqlı looklar yaratmaq üçün hansı aksessuarlarının olmadığına diqqət et.

Alış-verişdə müflis olma. Mağazalara yollanmamışdan əvvəl büdcəni nəzərdən keçir, ona zərər vermədən alış-verişə xərcləyə biləcəyin məbləği təyin et və ondan artıq artıq pul götürmə. İnan ki, “hər ehtimala qarşı” götürdüyün artıq pul heç vaxt yerinə qayıtmır.

Endirimdə alınmalı şeylər. Alış-veriş zamanı daha çox t-shirt, evdə dörd dənə olmasına baxmayaraq beşinci cins şalvar və ya bluz kimi şeylər almasan daha yaxşı olar. Bunları endirimisiz də əldə edirsən. Daha  çox keyfiyyətli ayaqqabı, çanta və ya üst geyimi almağa çalış. Keyfiyyətli alt paltarları alış-verişini də endirim vaxtına saxlamaqda fayda var.

Başqa bir tələ. Endirim zamanı bizi aldadan və almağa sövq edən amillərdən biri də malın üstündəki ikiqiymətli etiketdir. Əvvəlki baha qiyməti görəndən sonra sonrakı qiymət sənə çox ucuz gəlir. Halbuki normalda bu sviterə heç sonrakı – yəni endirimli qiyməti də verməyə razı olmazdın amma indi əvvəlki baha qiyməti görüb özünü qənaət etmiş sayırsan. Amma yanılırsan. Unutma ki, bəzən endirim vaxtı mağazada aşağı keyfiyyətli və əvvəldən mağazada olmayan mallar da qoyulur və onların etiketindəki birinci qiymət tamamilə qondarma bir şeydir.

Zaman hər şeyi həll edir. Şəxsən bu üsulu öz təcrübəmdə çox sıx istifadə edirəm və həmişə də köməyi olur. Mağazada bir don bəyənirsən qiyməti isə nəzərdə tutduğundan bir az bahadır. Bu zaman qaça-qaça kassaya getməzdən əvvəl özünə azca vaxt  ver. Don (ətək, palto, gödəkcə də ola bilər)  əynindəykən güzgüdə şəklini çək ki almağa qərar versən bir də geyinməli olmayasan. Sonra isə özünə 15-20 dəqiqə vaxt ver. Bu vaxt ərzində çay və ya qəhvə  içə bilərsən. 15 dəqiqə, səni tutan alış-veriş panikasının keçməsinə kifayət edəcək, daha sağlam düşünəcəksən və o donu həqiqətən istəyib-istəmədiyini və ya sənə nə qədər lazımlı olduğunu anlayacaqsan. Yəqin məni narahat etdiyi kimi səni də endirim vaxtı mağazalardakı basabas, kassa önündəki növbələr narahat edir. Çarəsi var: Mağazaya səhər saatlarında gedin. Aradakı fərqi özün də hiss edəcəksən. Bundan başqa rahat alış veriş etməyin üçün mütləq rahat geyin. Alış-veriş zamanı tez-tez geyinib soyunduğuna görə ən əlverişli geyim rahat ayaqqabılar və dondur. İki hərəkətlə soyuna biləcəksən. Son olaraq endirim zamanı sevdiyin mağazada xoşuna gələn heç nə tapa bilmirsənsə üzülmə və lazımsız alış-veriş etmə. Unutma ki,  bu pulu yığmaq üçün neçə ay qənaət etmisən və indi bu pulları sırf endirimdir deyə lazımsız şeylərə xərcləmək olmaz. Online alış-veriş etməyi sına və inan ki, bu zaman şopinq üçün ayırdığın məbləğə daha çox şey ala biləcəksən.

Sənə uğurlu  alış-verişlər arzu edirik! Bəlkə də endirim vaxtı mağazaların birindəki basabasda görüşdük!

 

Nigar Xəlilova




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir