efzeleddin R

Yeni qurulan ailələrə “böyük” zərbəsi – “AİLƏ DOSTU”

Baxış sayı: 476

Yeni qurulan ailədə yaranan problemlərin ən mühüm səbəblərindən biri də, ona kənardan istənməyən müdaxilələrin olmasıdır. İstər yeni qurulan ailə, valideyn ailəsi ilə birgə yaşasın, istərsə də, ayrı həyat sürmüş olsunlar, ailəyə olan kənar müdaxilələr ona zərərli təsir bağışlayır. Əgər xoşbəxt ailənizin olmasını istəyirsinizsə, heç kimin ailənizin daxili işlərinə dəxalət etməsinə yol verməməlisiniz! Ələxsus da, birinci dərəcəli yaxınlarınızın, yəni valideyninizin, bacı-qardaşınızın belə ailənizə müdaxilə etməsinə icazə verməyin. Özünüz ağılla, məntiqlə, düzgün duyğular və hisslərlə öz problemlərinizi həll etməyə çalışın.

Bəs nə üçün valideynlər, bacı-qardaş, əmi-dayı, bibi-xala və sair yeni qrulan ailələrə müdaxilə edirlər? Bunun müxtəlif səbəbləri ola bilər:

1) Çox sevdikləri üçün. Yəni oğul hələ də anasının “şirin-şəkər” balasıdır, qız hələ də, anasının “gözünün nurudur”. Buna görə də, yeni ailə qurduqları zaman ona müdaxilə etməyə haqları olduğunu düşünürlər.

2) Eqoist olduqları üçün. Bəzən eqoist olduqları üçün müdaxilə edirlər. “Mənim qarışmağa haqqım var”, “mən qarışa bilərəm”, “mən saçımı süpürgə etmişəm sənin üçün”, “mən səni 9 ay qarnımda daşımışam”, “mən nə əziyyətlər çəkmişəm, gecələr yatmamaışam sənin üçün” kimi bəhanələrdən istifadə edərək, yeni qurulan ailələrə qarışmağa haqlarının olduğunu önə sürürlər.

3) Həm sevgi, həm eqoizmin sintezi. Həm ürək yandırdığı üçün, həm də buna tam haqqının olduğunu düşündüyü üçün dəxalət edirlər.

4) Övladının artıq yetkin bir insan görmədiyi üçün. “Onlar bilməz”, “onlar uşaqdır”, “onlar başa düməz”, “onlar bacarmaz” kimi bəhanələrlə ailənin işlərinə qarışmağa başlayırlar.

5) “Böyüklük haqqı” və yaxud “ərk etmək” niyyəti ilə. Bəzən də ailəyə dəxalaət edən şəxslər ata-ana, əmi-bibi, dayı-xala, böyük qardaş və bacı buna haqları olduğunu, sırf yaşca böyük olduqları səbəbilə əlaqələndirirlər. “Böyüyə hörmət lazımdır”, “böyüyün qarşısında söz deməzlər”, “böyüyün təcrübəsi çoxdur, siz hələ cavansınız” -deyə bəhanələrlə istədikləri şəkildə cavan ailələrə guya ki “ərk” edirlər.

6) Keçmiş travmalardan qaynaqlanan müdaxilələr. Bəzən bəyin, yaxud gəlinin yaxınları arasında keçmişdə həyatlarınnda yaşadıqları travmalara əsaasən yeni qurulan ailəyə anormal müddaxilələrə cəhd edilir. Natamamlıqdan əziyyət çəkənlər bir cür, daim əzilmiş olanlar başqa cür, həmçinin şəxsiyyət çatışmazlığı olanlar isə tamam başqa şəkildə, sanki öz nöqsan və problemlərini ört-bastır etmək, yaxud da xəyallarını reallaşdırmaq üçün yeni bir “fürsət” və “oyun səhnəsi”ni kəşf edilər. Tənqidlər, təhdidlər, küsməklər, ağsaqqallıqlar və özlərinin həyata keçirə bilmədikləri arzuların reallaşdırılması səyləri özünü anormal və qeyri-etik şəkildə biruzə verməyə başlayır.

Bunun zərərlərindən qurtulmaq üçün yeni evlənən cütlüklərin istənməyən müdaxilələrin qarşısında bir sədd çəkməsi, aydın şəkildə mövqe ortaya qoyması zəruridir. Bu sahədə bir neçə məsələyə adınlıq gətirmək istərdim:

  • Yeni ailə quran cütlüklər, təzə ailə həyatına başlasalar da, onlar özlərini, münasibətlərini və ailəsini idarə etmək qabiliyyətinə malik olan insanlardır. Onlara bu sadəcə naşı və bacarıqsız kimi yanaşmaq anormal baxış tərzidir. Çünki əgər cütlüklər davranış tərzinə və ailə olmağı bacarmırlarsa, onların heç evlənməyi belə doğru deyildir. Öz azad iradəli ilə bu qərarı alan insanlar, deməli, ailə olmağı və münasibətlərini idarə etməyi bacaran insanlardır. Əks təqdirdə bunu heç bir formada bacarmayanların evlənməsi düzgün addım sayılmaz. Ailə quran şəxslər duyğusal və emossional cəhətdən, fiziki cəhətdən və əqli baxımdan yetkin insanlar olmalıdır. Bir kişi, yaxud bir qadın ailəsini idarə edə bilmirsə, bu sahədə valideyninə və yaxud bacı-qardaşına möhtacdırsa onun ailə qurması düzgün deyildir. İnsan özü öz ailəsinin rəhbəri olmalıdır.
  • Ailədə söz-söhbət, anlaşılmazlığın olması bir baxışdan təbiidir. Bu o deməkdir ki, hər iki fərd ailədə özünü ifadə edə bilir. Anormal olan bu problemlərin düzgün ifadə edilməməsi və yaxud onun həllinə doğru olmayan şəkildə yanaşılmasıdır. Fikirlərin toqquşması və istəklərin uyğunsuzluğu narahatedici deyildir, bu hal o zaman ciddi problemə çevrilir ki, tərəflər onu həll etmək qabiliyyətinə malik olmasınlar.
  • Əgər ailədə problemlər yaranarsa, anlaşılmazlıqlar olarsa, bunu bəy və gəlinin yaxınları deyil, peşəkar ailə müşaviri, yaxud psixoloq həll etməlidir. Çünki cütlüklərin yaxınları məsələyə real deyil emossional olaraq baxacaqlar. Həmçinin, bundan əlavə, onlar məsələnin həllinə elmi yanaşmayacaqlar. Buna əsasən də, problemin əslində haradan qaynaqlandığını anlamadıqları üçün yanlış yönləndirmə ehtimalları çox yüksəkdir. Burada məsələni yaş və ya təcrübə həll etmir, elmi əsaslar həll edici rol oynayır.
  • Unutmaq lazım deyildir ki, “böyüklük” oğulun, yaxud qızın ailəsinə “istədiyim kimi dəxalət etmək” demək deyildir. Böyüklüyün adı üzərindədir “böyüklük”! Yəni, böyüklük alicənablıqdır, mərhəmətdir, əfvdir, güzəştdir, sındırmamaqdır, ucaltmaqdır, eyb axtarmamaqdır, əksinə eyb örtməkdir, başqasının işinə qarışmamaq və yerini bilməkdir. Can yandırmaqdır, övladının ailəsində problemin olmasının istəməməkdir. Nəinki hər dəfə bir şeyi bəhanə edib dava salmaqdır. “Böyüklük” düyğular və emossional manipulasiyalardan istifadə edərək, valideynlik, qardaş-bacılıq haqqından istifadə edərək kiminsə ailəsində narahatçılıq yaratmaq demək deyildir. Bu məkrdir, hiylədir! “Böyüklük” ona qarşı hansısa narahatçılıq olsa belə, övladının ailəsində problem, söz-söhbət yaranmasın deyə bunu üzə vurmamaqdır, şişirtməməkdir.
  • Nə kişi, nə də ki qadın öz probemlərini ailələrinə deməməlidir. Özləri həll etməlidir. Problemləriizi ailənizə dediyiniz zaman hər iki tərəfin ailəsi qarşı-qarşıya gələcəkdir. İstər-istəməz yanlış struktur qurulacaq və pərdələr aradan qaldırılacaqdır.
  • Unutmayın! İstər haqlı olsun, istərsə də haqsız, yaxınlarınızın sizin ailənizə hər hansı bir formada qarışması, özü haqsızlıqdır! Sizin onlara ailənizin daxili işlərinə qarışmağa icazə verməməyiniz, onlara hörmətsizlik etdiyiniz mənasına deyildir, özünüzə hörmətsizlik edilməsinə icazə verməməyiniz mənasınadır.
  • Bəzən kişilər ailəsinin işlərini anasından məsləhət alırlar. Hətta bəzi cəmiyyətlərdə bunun ən ifrat dərəcələri belə görülür. Oğul hər şeyi anasına danışır, ondan məsləhət alır. Bu yetişməmiş şəxsiyyətin və asılı bağlılığın nişanəsidir. Bu ana tərəfindən əsir götürülmüş oğul deməkdir. Unutmayın! Öz sözü, öz qərarı, öz idarəsi və iradəsi olmayan kişiyə qadın hörmətlə yanaşmayacaqdır. Hörmət düzgün duruş, müstəqil fikir və alicənablıqla əldə edilir.

 

PhD. Əfzələddin Rəhimli

İlahiyyat üzrə fəlsəfə elmlər doktoru,

Peşəkar ailə müşaviri, Həyat koçu




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir