yol

Yollarda sürət həddinin endirilməsi nə dərəcədə effektivdir?

Baxış sayı: 529

Paytaxtda 30 km/saat sürət limitli zona təşkil edilib. Bakı Nəqliyyat Agentliyindən (BNA) verilən məlumata görə, 30 km/saat sürət limiti təyin olunan zonaya Bakının mərkəzi hissəsini əhatə edən 33 küçə daxildir. Həmin zonaya daxil olan küçələrdə müvafiq yol işarələri quraşdırılıb, nişanlanma işləri aparılıb.

BNA-nın mətbuat katibi Mais Ağayev bildirilir ki, belə bir qərarın verilməsi – 30km/saat sürət limitli zonanın yaradılması yol hərəkəti iştirakçılarının təhlükəsizliyinin təmin olunması ilə əlaqədardır:

“Bu qərarın tıxacların artmasına səbəb olacağı barədə deyilən fikirlərlə razı deyiləm. Çünki bu əsaslandırma olmadan səsləndirilən fikirlərdir. Birincisi ona görə ki, bu zonanın əhatə etdiyi küçələr paytaxtın əsas arterial küçə və prospektlərinə hər hansı bir təsir etmir, xüsusi bir nəqliyyat dəhlizləri deyillər. Eyni zamanda araşdırmalar da göstərir ki, 30 km/saat sürət şəhər daxilində yolların təhlükəsiz hərəkəti buraxma qabiliyyəti üçün ən ideal sürət həddi sayılır”.

Avropa Mobillik Çərçivəsində verilən bu qərar daimi olacaqmı?

M.Ağayev bildirir ki, bu qərar bütün nəqliyyat vasitələrinə şamil edilir və daimi xarakter daşıyır. BNA rəsmisi belə hesab edir ki, bundan öncə də qurumun atdığı başqa bir addım da qınaqla qarşılansa da, zaman hər verilən qərarın effektli olduğunu göstərdi. Bu səbəbdən BNA rəsmisi belə hesab edir ki, haqqında danışılan addım da effektli olacaq.

İnformasiya və Kommuniksiya Texnologiyaları üzrə ekspert Osman Gündüz isə bildirib ki, BNA-nın paytaxtda sürət limitini 30km/saata endirməklə bağlı qərarı gözlənilməz və absurddur:

“Dövlətin nəqliyyatı intellektual idarə etmək, ağıllı svetaforlar, ağıllı rəqəmsal həllər tətbiq etmək və bununla şəhər daxilində mövcud orta sürət həddini artırmaq, bununla tıxacları minimuma endirmək kimi innovativ nəqliyyat siyasəti var idi. Yəni, 130 milyon dəyəri olan nəqliyyatın intellektual idarəetmə sisteminin tətbiqində məqsəd həm də şəhərdəki mövcud orta sürəti artırmaq olub”.

Ekspert bildirir ki, BNA parklanma məsələsinə sərt yanaşma tətbiq etməklə, qanunsuz parklamanı tənzimləməklə də, dolayısıyla, həmin orta sürətin artırılması məqsədini qarşıya qoymuşdu:

“Ümumiyyətlə, nəqliyyat sahəsində, piyada keçidləri sahəsində, yol nişanları və tənzimləmə sahəsində indiyədək atılan bütün rəqəmsal addımlar paytaxtda orta sürəti artırmağa, tıxacda iməkləyən avtomobillərin orta sürət vahidini yüksəltməyə yönəlik addımlar olub. Lakin bunun əksinə olaraq paytaxtda nəqliyyatı tənzimləməyə səlahiyyətli olan dövlət qurumu birdən-birə sürət həddini endirdi”.

“Buradan belə qənaətə gəlmək olar ki, hökumət özü də fərqindədir ki, sektorda atılan innovativ, intellektual və administrativ addımlar özünü doğrultmayıb. Ümid edirəm, qərar qəbul edənlər bunun fərqindədir”, – deyə o əlavə edib.

Nəqliyyat üzrə ekspert Eldəniz Cəfərov isə bildirir ki, Avropada mobillik həftəsinin keçirilməsində məqsəd iri şəhərlərdə ekosistemi yaxşılaşdırmaq, avtomobillərdən ətraf mühitə buraxılan zəhərli qazların miqdarını azaltmaq, eyni zamanda da qəzaların sayını azaltmaq və mobilliyi təmin etmək olub:

“Bu gün isə Bakının 33 küçəsində sürət həddi 30km/saat olub. Lakin bu küçələrin siyahısı ilə tanış olduqda görə bilərsiz ki, burada elə küçələr var ki, onlarda maksimal sürət həddi 10km/saatdır. Bu küçələr Bakının əsas, baş küçələri deyil, onlar ara küçələrdir. Düşünürəm ki, bu qərar vətəndaşalara problem yaratmayacaq”.

“Sadəcə olaraq bu məhdudiyyəti mütəmadi olaraq qəzaların baş verdiyi küçələrə aid etmək daha yaxşı olardı. Belə olan halda sırf həmin 33 küçəyə sürət məhdudiyyətinin qoyulmasının əhəmiyyəti olmayacaq”, – deyə o əlavə edib.

Lakin E.Cəfərov onu da bildirir ki, ictimai nəqliyyat şaxələndirilmədən, lazım olan müəyyən addımlar atılmadan belə bir qərarın heç bir effekti olmayacaq:

“Hazırda Bakıda hərəkət iflic vəziyyətdədir. Sürətin endirilməsi, artırılmasının heç bir əhəmiyyəti olmayacaq. Faktiki oaraq hazırda nə piyada, nə velosipedçi, nə də ki, sürücü kimi hərəkət edə bilirsən. Metroda isə sıxlıqdır. Görünür ki, bizdə sadəcə olaraq Avropa Mobillik həftəsinə görə belə bir addım atılıb”.

Qeyd edək ki, Bakı Şəhər Baş Dövlət Yol Polisindən belə bir qərarın effektli olub-olmaması, tıxacların qarşısını almaqda rolunun nə dərəcədə olub-olmadığını zamanın göstərəcəyi bildirilib.

Bəs, dünyada 30 km/saat sürət limitli zonasının nə kimi üstünlükləri var:

Yol hərəkəti iştirakçılarının təhlükəsizlik səviyyəs artır

Sağlamlığa dəyən ciddi zərərlər, səs kirliliyi azalır, havanın keyfiyyəti artır

 

Nigar İsgəndərova




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir