hgr

İtirdiyimiz xüsusiyyətlər: xeyirxahlıq -XVI YAZI

Baxış sayı: 332

Xeyirxahlıq bu dünyada insana özünü yaxşı hiss etdirə biləcək ən böyük əməldir. Bu, əslində, insanın öz mənəviyyatına etdiyi ən böyük kapitaldır, maddi olmayan, mənəvi yatırım. Birinə yaxşılıq etmək, xeyir iş görmək insan mənəviyyatı üçün inanılmaz bir qidadır. Biz yeyərək maddi bədənimizi doyururuq, amma ruhi bədənimiz acanda onu yedirtmək üçün tənbəllik edirik. Halbuki, xeyirxahlıq ruhun qidasıdır, onu qidalandırmaqla özümüzə yaxşılıq edirik əslində. Bədənimiz doyanda necə rahatlıq tapırıqsa, ruhumuz doyanda da eyni rahatlığı hiss edirik. Yəni, xeyirxahlıq etmək bizi xoşbəxt edir.

Yaxşılıq etmək, başqalarına kömək etmək, xeyirxah insan olmaq sağlamlığımız üçün faydalıdır. Çünki həm yaxşılıq edən, həm yaxşılıq edilən, həm də bu yaxşılığa şahid olanlar bu prosesdə məmnunluq hissi yaşayırlar. İstər yaxşı iş gör, istər sənə yaxşılıq edilsin, istərsə də başqasına edilən yaxşılığa şahid olasan, hər üç halda beynimizdən oksitosin hormonu ifraz olunur. Bu hormon qorxu, narahatlıq və stressi azaldır, eyni zamanda sakitlik və təhlükəsizlik duyğusunu artırır. Sevgi hormonu kimi tanınan oksitosinin, qan təzyiqini aşağı saldığı, ümumi ürək sağlamlığının yaxşılaşmasına kömək etdiyi, özünə inamı artırdığı da məlumdur. Bu hormon həmçinin bədənimizdə nikbinlik və qarşılıqlı münasibətlərdə empatiya və bağlılıq hissini gücləndirir.

Həmçinin, yaxşı işlər görəndə, xeyirxahlıq edəndə beynimizdə, adətən idmandan sonra da ifraz olunan endorfin hormonu ifraz olunur və bu hormon insan bədənindəki ağrıları azaltmaq funksiyasını yerinə yetirir. Üstəlik yaxşılıq etmək orqanizmimizin ən təhlükəli reaksiyalarından biri olan stressi azaldır və dolayısı ilə stresslə bağlı yaranan xəstəliklərdən qoruyur. Yaxşlıq edən, xeyirxah işlər görən insanın orqanizmində dərhal serotonin ifraz olunmağa başlayır. Yaxşılıq etdiyimiz zaman bədənimiz sakitləşdirici effekti verən, xoşbəxtlik hormonu tanınan serotonin istehsal etməyə başlayır. Başqa sözlə desək, xeyirxahlıq etmək təkcə xoşbəxtliyi artırmır, həm də insanları depressiv vəziyyətdən çıxarır.

İnsan övladı yaranışından bu günədək xoşbəxtlik, mənəvi rahatlıq tapmağın bütün mümkün yollarını axtarıb. İbadət etmək, başqalarına yardım etmək, kimsəsizə kimsə olmaq, ehtiyaclının əlindən tutmaq kimi istəklər beləcə yaranıb. Xeyirxahlıq insanlıq əlaməti olmağa başlayandan bu günədək insan mənəviyyatı da yüksəlib. Xeyirxahlıq asılılıq yaradır insanda, bir dəfə etsinsə ömür boyu etmək istəyirsən. Çünki həmin an orqanizmdə istehsal olunan endofrin, serotonin və oksitosin hormonları bizi xoşbəxt və məmnun edir, bu məmnuniyyəti dəfələrlə yaşamaq istəyirik.

Bəzən xeyirxahlığımız başımıza bəla da olur. Biz ehtiyacı olduğunu düşündüyümüz, köməksiz olduğuna inandığımız insanlara təmənna güdmədən, qarşılıq gözləmədən kömək edirik, onlar bizdən faydalandıqları və bizi aldada bildikləri ilə öyünürlər. Biz pul kisəmizdəki sonuncu manatı onlara verəndə, kartımızdakı son pulumuzu yaxından tanımadığımız adama göndərəndə onun ehtiyacı olduğunu düşünürük, o isə bizi aldada bildiyinə sevinir.

Qəssab dükanı önündə marığa yatmış pişik kimi virtual yardım qruplarında fürsət gözləyən insanlar da istismar edir xeyirxahlığımızı. Onlar əllərinə keçən bütün imkanlardan istifadə etməklə hər ay yaxşı gəlir əldə edirlər. Mərhəmətinə yenilib son manatını paylaşılan kart hesabına göndərən insanların sayəsində ən yaxşı yerlərdə əylənir, ən bahalı əyləncə məkanlarında gəzirlər. İanə edilən pullarla bir qazinin, bir uşağın, bir ailənin köməyinə yetdiyini düşünən saf insanlar beləcə aldadılır. Aldadıldığının fərqinə varanda çətin ki bir də xeyirxahlıq etmək fikrinə düşsün. Beləcə bizi xeyir iş görməkdən iyrəndirirlər və itirdiyimiz dəyərlərin sırasına biri də qoşulur. Həqiqi ehtiyaclı insanlar da o fırıldaqçıların güdazına gedir.

Xeyirxahlıq edənlər və bundan fərqli məqsədlər güdənlər də cürbəcürdür. Öz reytinqi üçün edənlər, məşhurlaşmaq istəyənlər, yardım edib bunu öz lehinə çevirənlər, xeyirxahlığı ilə öyünənlər. Hərəsinin öz məqsədi var. Öz reytinqi üçün edən qisim xeyirxah deyil, sadəcə “like” toplamaq üçün, səhifəsinə baxış qazandırmaq üçün özünü yardımsevər kimi göstərir. Məşhurlaşmaq istəyənlər var ki, ehtiyacı olan ailələri tapıb ictimailəşdirir, onların ehtiyacını şouya çevirir və beləcə öz məşhurluğuna qovuşur. İanə toplayıb yardım edənlər var ki, xeyirxahlığı öz xeyrinə istifadə edir, özününküləşdirir. Bir qisim insan da var ki ətrafına yaxşı imic təsiri bağışlamaq üçün xeyirxahlıq edir. O xeyirxah deyil, qəlbi yaxşılıq üçün yaranmayıb, xeyir işləmək onun üçün səhnədə artistlik etmək kimi bir şeydir. Daxili xeyir olmayan insanlar xeyirxah ola bilmir, onlar publikaya oynayır.

Biz bu gün bunun nümunəsini çox görürük. Xüsusilə sosial şəbəkələr həyatımıza bu qədər pərçimləndikdən sonra insanlar hər şeyi orada yaşayır, həyatının hər anını, hər addımını orada nümayiş etdirirlər. Xeyirxahlığı şouya, yardımlaşmağı teatra döndərən insanlar üçün sosial şəbəkələr münbit platformadır. “Sağ əlin verdiyini sol əl bilməməlidir” frazası indi öz gücünü itirib, indi əlin verdiyini bütün ölkə bilməlidir ki, o əlin sahibi öz səhifəsinə “like” yığa bilsin. Xeyirxahlıq öz mahiyyətini itirib təbliğat maşınına çevrilib.

Bir də efirlərdəki “xeyirxahlıq” şouları var. Ehtiyacı olan kəsi, kəsləri, ailələri efirə çıxarıb tənqid yağışına tutduqdan, hətta təhqir etdikdən sonra ona dəstək göstərdiyini iddia edən bu layihələr əslində öz reyqinqi üçün çalışır. Çoxuşaqlı ailəni efirə çıxarıb özündən müştəbeh aparıcılar və ekspertlər kasıblıq yaşadığı halda nəsil artırmaqlarını tənqid edirlər, boyu boyda oğlu-qızı olan atanı ailəsinin və milyonlarla tamaşaçının önündə təhqir edirlər, hamilə qadını avamlıqla günahlandırırlar, planlı hamiləlik barədə danışırlar, hamiləlikdən qorunma yolları barədə məsləhətlər verirlər, ailəni yerdən-yerə vurduqdan, bütün ölkəyə tanıtdıqdan sonra “yardım” edirlər. Yardımı xalq edir, paylaşılan kart hesabına ianə göndərir insanlar. Amma sonradan adına yardım yığılan şəxslər həmin pulun hamısının onlara verilmədiyini, yığılan yardımın yarısının proqram və ya aparıcılar tərəfindən mənimsənildiyini deyirlər. Beləcə insanlarda inamsızlıq, güvənsizlik, sui-istifadə edilmə hissi yaradırlar.

Xeyirxahlıq yoluxucudur, yaxşılıq etmək pandemiya effektlidir. Yoluxun, yoluxdurun. Bizi biz edən, bizi insan edən bu dəyəri itirməyin, unutmayın. İtirilən xüsusiyyətlərə bu da əlavə edilməsin. Xeyir iş görməyin verdiyi həzz, mənəvi rahatlıq başqa heç bir işin müqabilində yaranmır. Ona görə də günü-gündən çətinləşən həyat şərtləri, maddi problemlər bizi xeyirxahlıq etməkdən uzaqlaşdırmasın. Məbləği, dəyəri, həcmi əhəmiyyətli deyil, yaxşı əməl buğda boyda olsa da xeyirxahlıqdır. Xeyirxahlıq bumeranqdır, bu gün etdiyimiz hər yardım, göstərdiyimiz hər köməklik dönəcək, dolaşacaq və yenə özümüzə qayıdıb gələcək. Bəlkə də bu gün qarşımıza çıxan yaxşılıq, hansısa xətadan sovuşmağımız, təhlükədən yaxa qurtardığımız nə zamansa etdiyimiz bir xeyirxahlığın nəticəsidir, kim bilir?!

 

Lalə Mehralı




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir