DAYE

Dayə axtaran validyenlər daha çox nəyə diqqət etməlidirlər?

Baxış sayı: 1. 502

Ölkəmizdə dayə xidmətindən istifadə geniş hal alıb. Bu tendensiya ən çox paytaxtda müşahidə olunur. Dayə xidmətindən istifadə edən valideynlərin sayı çox olsa da, bəzən neqativ hallara da rast gəlirik. Bəs, dayə axtaran validyenlər daha çox nəyə diqqət etməlidirlər?

Dayələr üzrə ixtisaslaşmış ekspert Diana Əliyeva bildirib ki, dayə işləmək hər xanımın bacaracağı bir peşə deyil:

“Bu işlə məşğul olacaq adam ilk öncə ana olmalıdır, çünki həmin şəxs uşaqların bütün tərsliklərinə bələd olmalı və onlarla necə davranacağını bilməlidir. Analar daha çox işini bilən dayələrə üz tuturlar. Onlara bu iş üzrə təhsil çox da vacib deyil. Biz də dayə kimi işə qəbul edərkən ən birinci həmin qadının ana olmasını vacib sayırıq. Çünki həmin şəxs analıq hissini duyan biri olmalıdır. Uşaqlarla kobud deyil, nəvazişlə və diqqətlə davranmalıdır”.

Related image

Ölkəmizdə dayəliyi peşə kimi qəbul edən insanların sayının çox az olduğunu deyən psixoloq Orxan Oruc isə sherg.az-a açıqlamasında bildirib ki, bu işlə məşğul olan insanların əksəriyyətti işsizlikdən və ya məcburiyyətdən dayəliyi özlərinə peşə kimi seçirlər:

“Ona görə də çox vaxt işlərindən heç də yüksək məmnunluq duymurlar. Dayəliyi başqasının uşağına baxmaq kimi qəbul edirlər və “kimsə kef edir, amma mən onun uşağına baxıram” kimi düşüncələrlə bu işə yanaşırlar. Sözsüz ki, işə belə düşüncə ilə yanaşanda həmin işdən keyfiyyət gözləmək mümkün deyil. Təəsüf ki, ölkəmizdə dayəliklə əlaqədar xüsusi kurslar və yaxud sertifikasiya mərkəzləri yoxdur. Ayrılıqda hansısa kurslar təşkil edirlər, amma sırf peşəkarlaşdırma, xüsusi bir ixtisasvermə mərkəzlərinə rast gəlməmişəm”

O.Orucun sözlərinə görə, valideynlər də dayələrə hansısa kursdan keçdikləri ilə bağlı tələb qoymurlar:

“Ona görə də dayə axtarışı adətən dost-tanış, kiminsə qohumu və ya işsiz şəxslər vasitəsilə həyata keçir. Adətən valideynlər “dayə var, mənim məsuliyyətim azalır” kimi düşünürlər. Belə olduqda isə getdikcə uşaqla valideyn arasındakı emosional bağlılıq zəifləyir. Uşaq bu emosional bağlılığı daha çox gündəlik ünsiyyətdə olduğu insanla qurur. Çünki bu bağlılıq ünsiyyət prosesində yaranır. Bəzən dayələr emosional bağlılığa maraqlı olmasalar da, istər-istəməz uşaqda bağlılıq yaranır və müəyyən psixoloji travmalarla nəticələnən bir bağlılığa çevrilir. Bəzi valideynlər tez-tez dayə dəyişirlər. Beləliklə uşaqda emosional bağlılığın yaranması qırılmalarla nəticələnir və bu hal gələcəkdə həmin uşağın xarakterinin formalaşmasına mənfi təsirl göstərir”.

“Dayəliklə məşğul olacaq adam mütləq ana olmalıdırmı?” sualına gəlincə, psixoloq belə bir tələbin əsassız olduğunu dedi:

“Bəziləri bunu empati hissinin qurulması ilə əlaqələndirirlər. Yəni ki, öz uşağı olmayan dayə başqasının uşağına canıyanalıq edə bilməyəcək və ya onu başa düşməyəcək. Düşünürəm ki, peşəkar dayəlik xidmətində və beynəlxalq təcrübədə belə bir amil yoxdur ki, dayə olan şəxs özü mütləq valideyn olsun. Məsələn, gənc dayələr var ki, onlar valideyn deyil, evlilik barədə düşünmürlər, amma öz işlərinin öhdəsindən çox gözəl gəlirlər”.

 

 

Yeganə Bayramova




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir