hebs

Feysbuk dostunu evinə dəvət etdi, arvadına söz atdı – DƏHŞƏTLİ QƏTLİN TƏFƏRRÜATI

Baxış sayı: 2. 024

Qətl hadisəsi törətməkdə təqsirli bilinən Lənkəran rayonu, Girdəni kənd sakini, 1981-ci il təvəllüdlü Hafiz Səmədovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Hafiz Səmədov 10 dekabr 2014-cü il tarixdə, saat 02 radələrində Sabunçu rayonu, Ramana qəsəbəsi, Şuşa şəhərciyindəki yeni yaşayış massivində kirayədə yaşadığı Ruhiyyə Novruzovaya məxsus evdə tanışı Əli Seyidov ilə birlikdə yemək yeyib, spirtli içki qəbul edib.

Bundan sonra onlar marixuana çəkiblər. Əli Seyidov Hafiz Səmədovun telefonunda ikincinin ailə fotolarına baxaraq təhqiredici sözlər işlədib.

Əli Seyidov ona arvadının çox qəşəng olduğunu və onun öz arvadına yaraşmadığını, vaxt keçirməli qadın olduğunu deyib. Əli Seyidovun bu hərəkətlərini Hafiz Səmədov ağır təhqir kimi qəbul edib.

Hafiz Səmədov qisas almaq üçün onu öldürmək qərarına gəlib. Evdən həyətə çıxan Hafiz Səmədov dəmir parçasını götürərək geri qayıdıb. O, dəmirlə Əli Seyidovun başına iki zərbə endirib. Əli Seyidov aldığı zərbələrdən yerindəcə dünyasını dəyişib.

Hafiz Səmədov cinayətin izini gizlətmək üçün meyiti “skoç”la dolayıb soyuducuya yerləşdirib və qapaqları da yapışqanla bərkidib.

Hafiz Səmədov dekabrın 10-da Şuşa şəhərciyində həyət evini kirayələyib, soyuducunu “Qazel” markalı yük maşınında həmin evə gətirib. Dekabrın 13-də Hafiz Səmədov evin həyətində quyu qazaraq soyuducunu torpağa basdırıb.

Lakin Xətai rayon Polis İdarəsinin 34-cü polis bölməsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində dekabrın 16-da Əli Seyidovun meyiti aşkar edilərək həmin quyudan çıxarılıb. Hafiz Səmədov Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə ittiham edilib. Cinayət işi Bakı Ağır Cinayətlər Məhkəməsində araşdırılıb.

Hafiz Səmədov ifadəsində hadisədən 2 ay əvvəl evləndiyini bildirib. Əli ilə sosial şəbəkədə tanış olduğunu deyən Hafiz Səmədovun sözlərinə görə, onunla bir neçə dəfə telefonla danışıb: “Sonra onunla görüşdük və onu evimə dəvət etdim. Birlikdə narkotik qəbul etdikdən sonra Əli arvadım Sevinc haqda nalayiq ifadələr işlətdi. Mübahisəyə də məhz bu səbəb oldu. Hər ikimiz nəşələnmişdik. O, arvadımla könül əyləncəsi keçirmək istədiyini bildirdi. Bundan çox əsəbləşdim. Ona görə də qətl hadisəsini törətdim”.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Hafiz Səmədov 12 il müddətinə azadlıqdan məhrum edilib. Hökmdən narazı qalan Hafiz Səmədov apelyasiya şikayəti verib.

Həmçinin mərhumun atası Səfər Seyidov da apelyasiya şikayəti verib. O, şikayətində Hafiz Səmədovun cəzasının 20 ilədək artırılmasını istəyib.

Hər iki tərəfin şikayəti araşdırılması üçün Bakı Apelyasiya Məhkəməsinə göndərilib. Apelyasiya şikayətinin dəlillərini araşdıran hakim kollegiyası sonda qərar elan edib. Qərara görə, tərəflərin şikayəti təmin edilməyib.

Bundan sonra tərəflər Ali Məhkəməyə üz tutub. Tərəflərin kasasiya şikayəti Ali Məhkəmədə, hakim Gülzar Rzayevanın sədrlik etdiyi kollegiyada araşdırılıb.

Kasasiya şikayətlərinin dəlillərini araşdıran hakim heyəti sonda qərar açıqlayıb. Qərara görə, həm təqsirləndirilən şəxsin, həm də zərərçəkmiş tərəfin kasasiya şikayəti təmin edilməyib. (teleqraf.com)




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir