pul

Hansı cins pulla necə davranır?

Baxış sayı: 417

Bu günlərdə “BBC Azərbaycanca”da dünyanın ən varlı qadınları ilə bağlı dosye hazırlanıb. Həmin dosyedə dünyanın varlı qadınlarının kimliyi, onların bu sərvəti necə əldə etməsi ilə bağlı məqamlara toxunulub. Amma burada sual doğuran məqamlardan biri də hər iki cinsin var-dövlət amilinə nə qədər, hansı prinsiplərlə önəm verməsidir. Daha bəsit formada desək, hansı cins pulla necə davranır?

Amerikada həyata keçirilən yeni araşdırmaya görə, varlı qadınlar maddi olaraq özlərinə bərabər gördükləri kişiləri cazibədar hesab etdikləri halda, kişilərin öz partnyorlarında axtardıqları daha fərqli məqamlardır.

Yüksək gəlirli kişilər qarşılarındakının fiziki özəlliklərinə görə seçim etdikləri halda, yüksək gəlirə sahib qadınlar təxminən eyni məbləğdə pul qazanan və sabit gəliri olan kişiləri seçir.

Yaşı 18-75 arasında dəyişən 28.000 kişi və qadının qatıldığı araşdırma Amerikanın Kaliforniya ştatında yerləşən Chapman Universiteti tərəfindən həyata keçirilib. Bu araşdırma isə akademik jurnal olan “Personality and Individual Differences”’ın 2016-cı il yanvar sayında yayımlanıb.

Chapman Universitetinin sağlamlıq psixologiyası üzrə professoru Deyvid Frederick bildirib ki, onları ən çox təəccübləndirən qadınlar və kişilər arasındakı kəskin fərqlilikdir. Araşdırmaya qatılan qadınların 46 faizi partnyorlarının ən azı onlar qədər pul qazanmasının vacib olduğunu dediyi halda, kişilərin, sadəcə, 24 faizi buna önəm verir. Qadınların yüzdə 66-sı isə partnyorlarından uğurlu bir karyeraya sahib olmasını gözlədikləri halda, kişilərin 33 faizi belə bir gözlənti içindədir.

Amma kişilərin 80 faizi partnyorlarının fiziki cizgilərinin gözəl olmasını istədikləri halda, qadınların cəmi yüzdə 58-i fiziki özəlliklərə diqqət edir.

Almaniyanın İqtisadi Araşdırmalar İnstitutu tərəfindən bu gün nəticələri açıqlanan araşdırmaya görə, gəlir səviyyəsi yüksək qadınların ömrü kasıb qadınlarla müqayisədə daha uzun olur. Araşdırmanı aparan Friedrich Breyer gəlir səviyyəsi yüksək qadınların daha yaxşı bir təhsillə birlikdə daha yüksək bir sağlamlıq anlayışına da sahib olduğunu deyib. Bu baxımdan da varlı qadınlar kasıb qadınlarla müqayisədə 3 il daha çox yaşayırlar.

Daha bir maraqlı məqam isə varlı qadınların psixoloji durumları ilə bağlıdır. Psixoloqlar onlarla bağlı aşağıdakı nəticəyə gəliblər. Birincisi və ən önəmlisi, varlı, güclü qadınlar haqlarını axtarmaqdan heç vaxt çəkinmirlər. Onlar digər bir çox həmcinslərinin etdiyi səhvi təkrarlamırlar. Kişi hegemonluğunda olan bu dünyanın klişe qaydalarına heç bir zaman boyun əyməzlər. İstər iş həyatında, istərsə özəl həyatda, özlərinə edilən haqsızlıq qarşısında səslərini də, “dırnaqlarını” da çıxarmaqdan qorxmazlar. Düzdür, bəzən bu xüsusiyyətlərinə görə problem yaşayırlar, amma əsasən qazanan onlar olurlar.

Картинки по запросу Pul ilə davranış

Hər şeydən şikayət edən, narazı qadınların əksinə olaraq, güclü qadınlar bu əhvaldan mümkün qədər uzaq dayanırlar. Çünki onlar şikayət edərək, bir şey əldə edə bilməyəcəklərini bilirlər. Bunun onlara yalnızca zaman və enerji itkisi olaraq qayıdacağından əmindilər çünki. Bu səbəbdən də şikayət etmək yerinə məmnun olmadıqları vəziyyəti dəyişdirməyə çabalayırlar. Və sözün böyük mənasında etmək istədikləri dəyişiklik məsələsində də haqlı çıxırlar.

Bundan başqa, qadın varlı və güclüdürsə, mütləq istədiyi işi görür. Lazım gəlsə sevgilisinə, ya da ərinə, ailəsinə etiraz edərək istədikləri yolu seçir. Yəni maddi güc onlara həm də psixoloji güc, əminlik olaraq geri qayıdır. Onlar eyni zamanda məcbur olduqları üçün heç nə etməzlər. Ətrafındakı hər kəs evlənib yuva qurduğu üçün qabağına çıxan ilk adamla evlənməyə razı olmazlar. “Yaşın gəldi, keçir, artıq uşaq dünyaya gətir” kimi sözlərə məruz qaldıqları üçün ana olmağı seçməzlər. Boşanmaq çox çətin olduğu üçün bədbəxt evliliyi davam etdirməyə çalışmazlar. Qısacası, güclü qadın məcbur olduğu üçün bir şey etməyə razı olmaz.

Sərvətinin hamısını özü yaratmış milyonerlər üzərində qurulan və 25 il davam edən araşdırmalara görə, varlı olmaq zehində başlayır və pul qazanmaqla bağlı düşüncələriniz, inanclarınız varlı olub-ola bilməyəcəyinizə təsir edən ən önəmli faktor olaraq qarşımıza çıxır. İnsanların varlı olmalarına mane olan amil ehtiras əskikliyindən daha çox inanc əskikliyindən qaynaqlanır və bu, olduqca əhəmiyyət daşıyan nəticələrdən biridir.

Varlı kişilər başqa insanların pullarından istifadə edərək, gələcəklərini  qurmaqdan heç vaxt çəkinmirlər. Əgər gözəl bir iş fikri taparlarsa və bunu həyata keçirməyə kifayət edəcək qədər pulları yoxsa, o iş fikrini həyata keçirmək məqsədilə başqa insanların pullarından istifadə edərək, irəliləməyə çalışırlar.

Amma bu, varlı qadınlar üçün keçərli deyil. Çünki onlar risk almaqda qarşı cins qədər həvəli və cəsarətli deyillər.

Kişilər isə bilirlər ki, bir şeyi gerçəkləşdirməyə kifayət edəcək pula sahib olmamaq onu həyata keçirməyə əngəl deyil. Əsas məsələ buna investisiya qoymağa və ya əziyyət çəkməyə dəyib-dəyməməsidir.

Orta sinif insanlar maddi gözləntilərini aşağı səviyyədə tutaraq, xəyal qırıqlığına düşməkdən qaçarkən varlılar gözləntilərini son dərəcədə yüksək tutur və qarşılaşacaqları hər cür çətinliyə hazır olurlar.

Xüsusən də varlı kişilər çox arzuladıqları bir hədəf müəyyənləşdirdikdən sonra həvəslə işə başlayır və bu hədəfə çatmaq üçün müxtəlif yollar axtarırlar: “Çempionlar nələrinsə olmasını gözləmirlər, onu gerçəkləşdirirlər”.

 

Kişilər müflis olmaqdan qadınlar qədər qorxmur

Varlı kişilər həyata, işə və pul qazanmağa bir oyun kimi baxırlar. Məhz bu səbəbdən milyonerlər varlı olmalarına baxmayaraq, yenə də hər gün işə gedir və bir sonrakı hədəflərinə çatmağa çalışırlar. Bu insanlar üçün pul növbəti hədəfə çatdıqlarını göstərən bir göstəricidən başqa bir şey deyil.

Bundan başqa, “oyun oynamanın həyəcanı” davamlı olaraq gözləntini yüksəltmək adına onları təşviq edir. Onlar müflis olma ehtimalını da varlı qadınlar qədər ağrılı qarşılamırlar. Çünki varlı kişilər bir çox hallarda məsələyə həm də bir oyun kimi baxırlar. Uduzub, yenidən oyuna başlamaq kimi…

Varlılar pulu ən yaxşı dost və ortaq olaraq görürlər. “Yuxusuz gecələr boyunca duyulan qayğıya, fiziki ağrıya son verəcək gücü olan və hətta həyatlarını xilas edə biləcək bir dostdur pul”.

Böyük adamlar qorxuya yer olmayan bir anlayış, məntiq səviyyəsində yaşayırlar. Bu düşüncə tərzində olan insanlara görə hər şey mümkündür. Çılğınlıq kimi görünən hər cür xəyal onlara görə həyata keçə bilər.

Bu səviyyədə bir anlayışa, beyinə sahib ola bilmək üçün öncə hər varlının etdiyi kimi öz rahatlıq səviyyənizin xaricinə çıxmalısınız. Dünya səviyyəsində məsələni təhlil edənlər ilk növbədə milyoner olmağın asan olmadığını bilirlər və bir müddət davam edən qeyri-müəyyənlik halında belə özlərini rahat hiss edirlər.

Və ən nəhayət. Varlı qadınlar öz sərvətini nəyə xərcləyir, kişilər nəyə? Əslində bu sualla bağlı konkret bir araşdırma nəticəsi ortada olmasa da, ümumi tendensiya bəzi həqiqətləri ortaya qoyur. Belə ki, xüsusən miras sahibi olan varlı qadınlar öz pulları ilə xeyriyyə tədbirlərinə daha çox meyl edirlər. Vəqf quran, möhtac insanlara yardım edən varlılar say etibarilə çoxluq təşkil edir. Bundan başqa, varlı kişilərin həyat yoldaşlarında da bu meyl, bu xətt özünü göstərir.

Amma varlı kişilər daha çox investisiyalarını artırmaq, pullarına pul qatmaq üçün yeni layihələrə meyl edirlər. Yəni onlar pulu həm də bir vasitə kimi görürlər. Daha çox pul qazanmaq üçün.

 

Sevinc TELMANQIZI




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir