istirahet

İstirahət zamanı itkin düşənlər

Baxış sayı: 495

Keçən il hindistanlı turistin Zaqatala ərazisində itkin düşməsi hadisəsini yəqin ki, bir çoxumuz xatırlayırıq. Turistlərin, rayonlarımıza səfər edən şəxslərin itkin düşməsi halları tez-tez təkrarlanır. Belə hal ən çox Qax, Zaqatala kimi şimal bölgələrimizdə baş verir. Həmin ərazilərdə meşədə azanların, heyvan hücumuna məruz qalanların sayı xeyli çoxdur. Bəs bu hallar niyə yaşanır? İnsanlar özlərini belə hallardan necə sığortalaya bilərlər?

 

Qeyri-peşəkar olduqları üçün cığırı itirirlər

Turizm məsələləri üzrə ekspert Əziz Şiriyev düşünür ki, vətəndaşlar tanımadıqları ərazilərdə özbaşına səyahət etməyə çalışmamalıdırlar: “Bu, əsasən məlumatsızlıqdan irəli gəlir. Belə hallar daha çox hiking və trekking zamanı olur. Trekking peşəkarların hər hansı bir zirvəyə ilk dəfə cığır açması, yürüş etməsinə deyilir. Hiking isə həvəskarların peşəkarların açdığı cığırla yürüşüdür. İstər xaricdən gələn, istər yerli vətəndaşlar peşəkar olmadıqları halda həvəskar şəkildə zirvələrə qeydə alınmamış yollarla qalxıb, fəth etmək istəyirlər. Amma bu, asan deyil. Çünki qeyri-peşəkar olduqlarından cığırı itirirlər”.

Peşəkar insanlarla yola çıxmaq lazımdır

Ekspertin fikrincə, hər kəs belə yürüşlərə çıxmamalıdır: “Maarifləndirmə işləri aparılmalı, insanlarda məlumat olmalıdır. İkincisi isə, yalnız peşəkar insanlarla yola çıxmaq lazımdır. Fiziki baxımdan özündə güc hiss etməyən insanlar belə yerlərə səfər etməməlidirlər. Çünki hiking ekstrim turizm növünə aiddir. Ona görə mütləq hazırlaşmaq lazımdır. Əgər dayanarlarsa, mütləq geri qayıtmalıdırlar. Çünki gedib qabaqdakı qrupa çata bilməyəcəklər və azacaqlar”.

 

Adi turlarda belə problemlər olmur

Ə.Şiriyevin sözlərinə görə, ekstrim yerlərə tək getmək əvəzinə, turla, qruplarla səyahət etmək daha yaxşıdır: “İlk növbədə kifayət qədər məlumat toplamaq gərəkdir. Əşyalara – çanta, geyim, ayaqqabı və sairə dair məlumatları dəqiq bilmək lazımdır. Ayaqqabılar sürüşkən olmamalıdır. Bu amillər hamısı nəzərə alınmalıdır. Sadalanan amillərə riayət edilməsə, təbii ki, itkilər çox olacaq. Amma daha yaxşı olar ki, yürüşə çıxarkən peşəkar bələdçi ilə getsinlər. Adi turlarda belə problemlər olmur. Çünki turlar çox rahat yerlərdə həyata keçirilir. Həmin turlarda da turistlərin yanında mütləq rəhbərlər olur”.

 

Həyatınıza son qoya biləcək təhlükələri nəzərə alın

Təhlükəsizlik məsələləri üzrə ekspert Elmar Nurəliyevin fikrincə, təhlükəsizlik amili belə məsələlərdə çox vacibdir: “İstər xarici, istər daxili səfərlər zamanı istirahətə gedərkən, turlar təşkil edərkən bəzi məqamları nəzərə almaq lazımdır. Bu, həmçinin fərdi şəkildə rayonlara, xarici ölkələrə istirahət, səfər üçün gedənlərə də aiddir. Adrenalin həvəskarları, ekstrim xoşlayanlar bu cür yerləri özlərinə istirahət üçün seçərkən təhlükəsizliyi ön plana çəkməlidirlər. Öncə gedəcəkləri yerin təyinatını, spesifik xüsusiyyətlərini, qarşılaşa biləcəkləri təhlükələri, orada indiyə qədər baş vermiş təhlükəli anları araşdırmalıdırlar. Bilməlidirlər ki, getdikləri yerdə hansı təhlükələrlə qarşılaşa bilərlər, bu zaman nə etməlidirlər, haradan kömək çağırmaq lazımdır, gözlənilməyən təhlükə olduqda hansı davranışları sərgiləməlidirlər, bu təhlükələrlə qarşılaşmamaq üçün nə etmək lazımdır… Bunların hamısını diqqətə almaq lazımdır. Ondan sonra səfəri təşkil etmək olar. Bir çox hallarda insanlar sadaladıqlarımızı diqqətə almır. Gedib hansısa uçuruma, dumana, yağışa, uçquna düşürlər, azırlar, vəhşi heyvanların hücumuna məruz qalırlar, dərəyə düşür, xəsarət alır, yaxud köməksiz vəziyyətdə həyatlarını itirirlər”.

Tək səfər edənlər üçün təhlükə riski daha yüksəkdir

Ekspert bildirdi ki, səfərlər turizm şirkətlərinin iştirakı ilə olduqda təhlükə riski minimum olur: “Tur şirkətləri gedəcəkləri yerin təyinatı, yollar, təhlükəsizlik tədbirlərini nəzərə alırlar. Götürəcəkləri əşyalar, avadanlıqlar, qurğular, ilk tibbi yardım vasitələri və s. hamısı təmin olunur. Həmçinin, əraziyə bələd olan rəhbərlər olduğu üçün təhlükə riski minimumdur. Tək səfər edən insanlar üçün təhlükə riski daha yüksəkdir. Bəzən insanlar ərazini tanımır, birinci dəfə gedir. Üzərlərində çətin vəziyyətə düşdükdə yardım edə biləcək heç nə olmur. Bəzən şəbəkə olmayan yerlərdə qalırlar. Amma bələdçi ilə səyahət zamanı ərazini göstərən GPS cihazları, ilk tibbi yardım vasitələri, kömək üçün şəbəkəsiz radio rabitə qurğuları var. Həmçinin, vəhşi heyvanların hücumuna qarşı alətlərə sahibdirlər”.
E.Nurəliyev qeyd etdi ki, vətəndaşlar gedəcəkləri yeri araşdırarkən bunu internetdən öyrənməkdənsə, turizm şirkətlərindən soruşsalar daha yaxşı olar.

 

Zərif Salmanlı

 




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir