deleduz

Kart dələduzlarının bitib-tükənməyən fantaziyaları

Baxış sayı: 599

Son zamanlar kart dələduzlarının artdığının şahidi oluruq. Özü də bu sahədə fəaliyyət göstərənlər zaman keçdikcə “texnoloji qabiliyyətləri”ni sürətlə inkişaf etdirirlər. Məsələn, bəzən olur ki, insanlar pul köçürmək lazım olduqda içində vəsait olmayan kartlarını göndərirlər. Düşünürlər ki, boş olan kartlarının göndərilməsi onlara heç bir problem yaratmaz.  Lakin dələduzlar bu boş kart vasitəsilə insanların pul olan hesablarına çıxış imkanı əldə edirlər. Bəs, görəsən, bir kart vasitəsilə digər karta necə daxil olmaq olur?

 

Dələduzlar bankların mobil tətbiqlərini oğurlayırlar

İT mütəxəssisi Fərid Pərdəşünas bildirdi ki, dələduzlar kartlara bankın mobil tətbiqi vasitəsilə daxil ola bilirlər: “Son vaxtlar dələduzlar bank kartlarını yox, bankların mobil tətbiqlərini oğurlayırlar. İnsanlara bununla bağlı təhlükəsizlik kodu göndərilir. Şəxsiyyət vəsiqəsinin FİN-i əldə olunaraq bank kartlarının hamısına birdən daxil olurlar. Bir kartı götürüb oradakı məlumatlarla bank tətbiqinə daxil olub digər kartlara keçid edirlər. Mobil tətbiqi oğurlayırlar deyə, həmin banka bağlı olan bütün kartları idarə edə bilirlər”.

Şəxsi kart kodlarınızı heç kimə verməyin

Ekspertin sözlərinə görə, vətəndaşlar heç bir halda şəxsi kodlarını üçüncü tərəflə paylaşmamalıdırlar: “Ona görə də vətəndaşlar şəxsiyyət vəsiqələrinin FİN kodlarını, mesajla gələn təhlükəsizlik kodlarını heç kimə verməli deyillər. Çünki FİN kodla da bankın mobil tətbiqlərində qeydiyyatdan keçmək olur. Qeydiyyatdan keçəndə 3D kod göndərilir. O kodu da adətən vətəndaşlardan istəyirlər. Onları necəsə aldadıb ələ keçirirlər”.

 

Müştəridən bu rahatlığı almaq olmaz

Bank məsələləri üzrə ekspert Emin Mahmudov isə deyir ki, bank tətbiqi olmadıqda hesablara çıxış əldə etmək mümkün deyil: “Proqram isə müştərinin rahatlığı üçündür. İndi 100 mində bir oğurluq olur deyə, müştəridən bu rahatlığı almaq olmaz. Kart biznesi hər zaman iki məsələ arasında qalır: təhlükəsizliyi də qorumalı, müştəriyə rahatlıq da verməlidir. Qeyd olunan situasiyalarda dələduzlar bir kartı alıb proqramda qeydiyyatdan keçir və kart sahibinin digər hesablarına da daxil olurlar”.

 

Bankdan gələn mesajda böyük hərflərlə yazılır ki…

Mütəxəssis bildirdi ki, heç bir bankda pul köçürməsi zamanı kartın üzərindəki 16 rəqəmdən başqa bir məlumat tələb olunmur: “Kim deyirsə ki, istifadə müddəti, üç rəqəmli kod, telefona gələn təhlükəsizlik şifrəsini istəyir, bu, yalandır, istəyən şəxslər dələduzdur. Bankdan gələn mesajda böyük hərflərlə yazılır ki, kartınızdan pul silinəcək və ya bu proqrama giriş kodunuzdur, onu başqa şəxslərlə paylaşmayın. Amma insanlar o kodu yenə də kimlərəsə verir. Sonra bankı məhkəməyə verirlər ki, təhlükəsizlik sistemi kifayət qədər qurulmayıb, ona görə də məlumatlarım oğurlanıb”.

Müştəri təhlükəsizlik sms xidmətini aktiv etməlidir 

E.Mahmudovun fikrincə, vətəndaşlar mütləq 3D təhlükəsizlik sms xidmətini aktiv etməlidirlər: “Bəzi banklarda bu xidmət pullu olduğu üçün insanlar xəsislik edib xidmətə qoşulmurlar. Halbuki bu xidməti aktiv etsələr, kartdan pul çıxılanda xəbər tutacaq, silinmələr olmamış kartı bloklaya biləcəklər. Sosial şəbəkələrdə maarifləndirmə işi aparmaq, kartların təhlükəsizliyi ilə bağlı video roliklər hazırlamaq bankların məsuliyyətidir. Roliklərdə bildirilməlidir ki, məlumatlarınızı paylaşmayın, bank adından zəng edib sizdən kod istədikdə inanmayın. Amma müştəri özü aldanırsa, burada bank artıq heç nə edə bilmir”.

 

Vətəndaş da düşünür ki, kart məndədir, nə edə bilər ki?

Ekspert qeyd etdi ki, dələduz pulu kartdan çıxarır, lakin yerli banklarda saxlamır: “Köçürülən banka müraciət edirlər, məlum olur ki, pul artıq xaricdədir. Bu zaman məsləhət görülür ki, köçürülən bankı polisə ver, araşdırsınlar, bəlkə, tapılar. Araşdıranda da köçürməni edən şəxslər çox zaman sadə vətəndaşlar çıxır. İnternetdə vətəndaşlara təklif edirlər ki, banklar tərəfindən pulsuz verilən kartları satsınlar. Hətta bəzən deyirlər ki, kart özü lazım deyil, şəklini, rəqəmlərini göndər. Təsdiq mesajı gələn nömrəni də dəyişirlər. Bu zaman kart vətəndaşın adına olur, lakin onu dələduz işlədir. Vətəndaş da düşünür ki, kart məndədir, nə edə bilər ki? Burada dələduzluq edənin adı heç bir yerdə hallanmır. Vətəndaş nə qədər desə də ki, mən kartı başqasına vermişəm, yenə də məsuliyyətə cəlb olunur”.

Bankın məsuliyyəti yalnız vətəndaşa xəbərdarlıq etməkdir

E.Mahmudovun sözlərinə görə, son 2-3 ildir bank kartlarına qarşı dələduzluq halları çoxalıb. Paralel olaraq banklar da bu illər ərzində sistemlərini təkmilləşdiriblər: “Heç kim deyə bilməz ki, kodu vermədiyim halda mənim kartımdan pul silinib. Banklar vətəndaşa mesajla xəbərdarlıq edir, kod səhv yığıldıqda kartı bloklayır, zəng edib soruşur ki, əməliyyatı edən sizsiniz? 3D kod olmadan həyata keçirilən əməliyyatlarda müəyyən limitlər qoyur. Vətəndaş özü məlumatlarını verirsə, artıq bank sistemi onu tuta bilmir, vətəndaşın etdiyi əməliyyat kimi qəbul edir. Beynəlxalq ödəniş kartları -VİSA, MASTERCARD da ödəniş 3D kodla olursa, sistem əməliyyatı müştərinin etdiyi kimi qiymətləndirir, heç bir etiraz sorğusu açmaq olmur. Bankın məsuliyyəti yalnız vətəndaşa xəbərdarlıq etməkdir”.

 

Vətəndaşdan xəbərsiz onun kartının şəklini çəkib…

Mütəxəssis deyir ki, əməliyyat zamanı kodun gəlib-gəlməməsini kart yox, sayt təyin edir: “Amazon”, “Aliexpress” kimi saytlar 3D kodu tələb etmir. Deməli, kənar şəxs vətəndaşdan xəbərsiz onun kartının şəklini çəkib belə saytlarda əməliyyat edə bilər. Beynəlxalq əməliyyatları açıq olan istənilən kartla bunu etmək mümkündür. Bankın məsuliyyəti limit qoymasındadır. Limiti qoyur ki, yüksək miqdarda nəsə ala bilməyəsən. Məsələn, gündə maksimum 5 min dollardan yuxarı və ya 5 dəfədən çox əməliyyat etmək olmaz”.

 

Kartınızda çox pul varsa, onu bloklayın

E.Mahmudov deyir ki, bankların proqramlarında limiti vətəndaş özü də dəyişə bilər: “Yaxşı olar ki, kartı alandan sonra bankın tətbiqini yükləyib, internet və bildirişləri açıq qoysunlar. Bu zaman karta müdaxilə olduqda proqram vasitəsilə bloklaya biləcəklər. Kartınızda çox pul varsa, onu bloklayın. Lazım olduqda açıb istifadə edin, sonra yenidən bağlayın. Məsələn, dələduz karta daxil oldu, amma limitlər 0, kart blokda olduqda əməliyyat etsə belə, imtina ilə bağlı mesaj gələcək. O zaman biləcəksiniz ki, kimsə karta müdaxilə edir”.

 

Zərif Salmanlı




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir