karyera

Karyera qurmaq üçün məsləhəti kimdən alaq?

Baxış sayı: 994

«Oxumağa hara getməli» sualı əksər yuxarı sinif şagirdlərini, abituriyentləri və onların valideynlərini dərindən düşündürür. Onlar bu sualın dəqiq cavabını gələcək uğurlu karyeralarının təminatı kimi görürlər. Eyni zamanda, ekspertlər hesab edirlər ki, karyera üçün əsas, ali məktəbin yox, peşənin seçimidir. Rusiyanın Ural şəhərində yaradılan Karyera Məsləhətçiləri Assosiasiyasında hesab edirlər ki, bu vacib məsələnin cavabı üçün üç mühüm sualın – «Nə ilə məşğul olmaq istəyirsən?», «Bu sənət üçün səndə lazımı bacarıqlar varmı?» və «Bu peşə əmək bazarı üçün nə qədər tələb olunandır?» suallarının cavabı tapılmalıdır.

Karyera Məsləhətçiləri Assosiasiyası yeni peşələri öyrənməyə, əmək fəaliyyətini dəyişməyə kömək edir. Məqsəd karyera inkişafı sferasında peşəkarları birləşdirmək, kouçinq xidmətini və ixtisaslaşmanı, qarşıya qoyulan məqsədlər istiqamətində sivil bazar təkliflərini qabartmaq və onların keyfiyyətini artırmaqdır. Baxmayaraq ki, karyera məsləhətçisi sənəti Rusiyanın özündə də yeni yaranıb, ancaq bu, əmək bazarının trendlərini analiz etməyi bacarır. Mütəxəssislər iddia edirlər ki, bu gün yaradıcılıq, müasir dünyada əsas bacarıq hesab olunur. Karyera Məsləhətçiləri Assosiasiyasının köməyi ilə valideynlər, yaşlı adamlar da öz fəaliyyət sferalarını dəyişə bilərlər. Analitiklərin qərarı belədir ki, bir sənət seçimi ömür boyu uğurlu olmaya bilir. Bu baxımdan, peşə seçimini bütün yaşlarda dəyişmək mümkündür. Amma fərq budur ki, əgər yaşlı nəsil öz iş müddətində, məsələn 5-ə qədər ixtisas dəyişirsə, gənclər, ümumiyyətlə, bir yerdə uzun müddət qərar tuta bilmir və özlərini axtarmağa başlayırlar.

Qeyd edək ki, artıq Rusiyanın digər şəhərlərində də məsləhət baxımından ixtisaslaşma sferasında kifayət qədər inkişaf hiss olunur: «Başa düşmək lazımdır ki, ixtisaslaşma dəfələrlə baş verən hadisə və yaxud üz tutduğun həkimin təyin etdiyi «diaqnoz» deyil. Bu, daim özünüaxtarma prosesidir. Özünün hər hansı peşəni seçmək maraqlarınla bağlıdır»- deyə Assosiasiyanın sədri Svetlana Filatova bildirib. Sədrin sözlərinə görə, gənclər tez-tez «universiteti necə seçməli?» sualı ilə quruma konsultasiyaya müraciət edirlər. “Belə məqamda onlara başa salmaq lazımdır ki, instituta daxil olmaq və diplomun özü özünüifadə etmə məqsədi deyil. İxtisası düzgün seçmək və seçimin variantlarını göstərmək əsas məsələdir. Bunun üçün bugünkü əmək bazarını öyrənmək kifayət deyil”. Ekspertlər gənclərə gələcəyə boylanmağı təklif edirlər. Məsələn, 2030-cu ilə qədər ayrı-ayrı ölkələrin elmi-texnoloji inkişafı ilə bağlı proqnozlarla tanışlıq məsləhət görülür.

Təbii ki, eyni suallarla bu gün bizim orta məktəbi bitirməkdə olan şagirdlər və onların valideynləri də qarşılaşır. Çox vaxt onlar seçimlərini kor-koranə edirlər. Bu gün “Mövcud əmək bazarının tələbləri nədir» sualı onlar üçün əksər vaxt çözülməmiş qalır. Valideynlər az qala son qəpiklərini də xərcləyib övladlarını repetitor yanına göndərir, onlara gələcək karyeralarını qurmaq üçün dəstək göstərməyə çalışırlar. Təəssüf ki, onların canfəşanlıqları bəzən istənilən nəticəni vermir. Valideynlərin ümidinə qalanda, onlar ali məktəb və sənət seçimində əksər vaxt səhv edirlər. Belə ki, onların özünün də bu istiqamətdə məsləhətə ehtiyacı yaranır.

Təbii ki, qarşıya “Bəs bizdə problemi necə həll etmək, valideynlərə, karyera qurmaq, sənət seçmək istəyən gənclərə, nəhayət ixtisasını günün tələblərinə uyğun dəyişmək istəyənlərə necə məsləhət vermək olar?” sualı çıxır. Oxşar qurumun bizdə də yaradılmasına ehtiyac yoxdurmu?

 

Təhsil eksperti Qoşqar Məhərrəmov hesab edir ki, sivil işlərin az olmasına səbəb, sivil təşəbbüslərə dəstəyin az olmasıdır: “Ümumiyyətlə, ölkəmizdə assosiasiyaların, ictimai birliklərin az olması faktdır. Paralel olaraq fəaliyyətlərini dayandıran assosiasiya və ictimai birliklər də mövcuddur. Əgər sivil təşəbbüslər gəlir əldə edə bilmirsə, ayaqda da qala bilmir. Ona görə də belə bir karyera mərkəzinin «gəlir mənbəyi nə olacaq?» sualı hamının beynində ilk yaranan sual olur. Diqqətlə müşahidə edəndə görürsən ki, Avropa ölkələrində çalışan insanların işdən sonra vaxtları çox olduğu və ya çalışma saatları az olduğu üçün bu tip assosiasiyalar qurulub. Bizdə də bununla bağlı ilk təşəbbüsü ixtisas.az saytı edib. Onlar şagirdlərin ixtisas seçimində daha şüurlu və məlumatlı ola bilmələri üçün sayt hazırlayıblar. Artıq müxtəlif peşə sahibləri ora videoçarxlar, müxtəlif peşələrlə əlaqədar məlumatlar yerləşdirirlər. Hər hansı bir şagird sayta daxil olmaqla müxtəlif peşələr haqqında bilgiyə sahib olur, mentorlardan ixtisasla bağlı suallarına cavab ala bilir. Bunun bir ictimai birlik olmasa da, yaxşı bir platforma olduğunu deyə bilərəm. Hesab edirəm ki, belə bir təşəbbüs geniş vüsət ala və assosiasiya halına gətirilə bilər. Çünki hamının internetə və ya kompüterə əlçatanlığı yoxdur. Xüsusən də valideynlərin və yaşlı nəslin nümayəndələrinin bu istiqamətdə məsləhətləri media və sosial şəbəkələrlə bərabər, məkan halında bir qurumdan ala bilməsi əhəmiyyətli ola bilər”.

Ekspertin fikrincə, insan istədiyi yaşda istədiyi peşəyə yiyələnməli və fəaliyyətə davam etməlidir. “İnsan öz seçiminə məhkum olaraq yaşamamalıdır. Əgər insan bir dəfə seçim edibsə, müəyyən vaxt keçdikdən və o peşədən doyduqdan sonra başqa bir peşəyə istiqamətlənə bilər. Bunun üçün də birmənalı şəkildə peşələrarası likvidillik, axıcılıq artmalıdır. Bir peşədən digər peşəyə keçənlərin sayı çoxalmalıdır. Biz bunun nümunələrini Qərb ölkələrinin və ABŞ-ın təcrübəsində görürük. Ancaq bu riskləri olan bir məsələ olduğu üçün Şərq ölkələrində və inkişaf etməkdə olan ölkələrdə bu kimi nümunələrə, peşələrarası keçidə az rast gəlirik. Bu mənada mən ölkəmizdə də belə bir assosiasiyanın qurulmasına ehtiyac olduğunu düşünürəm”.

Q.Məhərrəmov bu vaxta qədər belə bir qurumun olmamasının səbəbini isə onların maliyyə ehtiyacları ilə üzləşməsi və qeydiyyatdan keçmə prosesinin çətinliyi ilə əlaqələndirir: “Buna görə fiziki şəxs və MMC şəklində ortaya çıxan təşəbbüslər var. Bu baxımdan insanlara məkan və ya qurum şəklində maarifləndirici karyera məsləhətləri verilməsi və bu istiqamətdə məsləhətçilərin fəaliyyət göstərməsindən daha çox, internetdə, sosial mediada bu mövzularla bağlı məlumatlara rast gəlmək olur.  Karyera kouçu, karyera məsləhətçisi ölkəmizdə çatışmır. Bu baxımdan bu sahələrin inkişafı, onların ölkə miqyasında görəcəyi işləri genişləndirmək üçün belə bir assosiasiya qurula bilər. Nə qədər çeşidi olsa, nə qədər böyük coğrafiyanı və əhalini əhatə etsə, o qədər ölkəmiz üçün daha faydalı ola bilər”. Ekspert həmçinin belə bir təşəbbüsün indiyə kimi olmamasının səbəbini insanların təşəbbüskarlıqlarının az olması ilə əlaqələndirir: ” Eyni zamanda, QHT-lər də çox vaxt düzgün istiqamətdə çalışmırlar və nəticədə onlara göstərilən maliyyə dəstəyi azalır. Əgər onların fəaliyyət istiqaməti düzgün seçilsə, bu cür təşəbbüslər də yarana və inkişaf edə bilər”.

 

Tarix müəllimi Pərviz Ağalarovun sözlərinə görə, bizim ölkəmizdə şagird və abituriyentlərə, o cümlədən valideynlərə bu tip məsləhətləri, adətən müəllimlər verir: “Şagirdlərin özlərini də, valideynlərini də bəzən istiqamətləndirir, hansı ixtisasın daha perspektivli olması ilə bağlı onlara yol göstərməyə çalışırıq. Bizdə ixtisaslaşma artıq 10-cu sinifdən başlayır. Şagird faktiki olaraq 9-cu sinfin sonunda ixtisasını seçməyə məcbur olur və sonradan ixtisasını dəyişmək məsələsi problemə çevrilir. Tutaq ki, şagird qrupu 9-cu sinfi qurtaranda seçirsə, məsələn, iqtisadiyyat təmayüllü və yaxud humanitar təmayüllü ixtisaslara gəlincə, bu, dəyişmir. Bu baxımdan, seçim məsələsinə müəllimlərin müdaxiləsi daha çoxdur. Ayrı-ayrı sosial qruplar, sosial şəbəkə qrupları da var ki, bu seçimə kömək edirlər”. P.Ağalarov hazırda ölkəmizdə bu istiqamətdə fəaliyyət göstərən, şagirdlərə, abituriyentlərə ixtisas seçimində istiqamət verən hər hansı qurumu tanımadığını deyir: “Hesab edirəm ki, bu cür qurumun olması vacibdir. Valideynlər də, abituriyentlər də, ixtisası dəyişmək istəyənlər də məsləhət üçün həmin quruma müraciət edə bilərlər. Xüsusən hazırkı dövrdə – abituriyentlərin əmək bazarının tələblərinə uyğun ixtisas seçimləri istiqamətində təlimatlanmaları üçün bu cür qurumun yaradılması əhəmiyyətli olar”.

 

Təranə Məhərrəmova 




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir