KONDISIONER

“Kölgəsində” sərinlədiyimiz kondisionerlərdən necə qorunmalı?

Baxış sayı: 832

Mövsümün tələb etdiyi əşyalar sırasında lazımlı yeri olan kondisionerlərin faydaları ilə yanaşı, ziyanlı tərəfləri də var. Qızmar yay günlərində insanların həm dəstəkçisi, həm də təsəllisi olan bu havalandırma sisteminin həddindən artıq istifadə olunması orqanizmə mənfi təsirlər göstərir.

Havanın temperaturu qalxdıqca evdə, işdə, avtomobildə kondisionerdən istifadə olunması günün əsas hissəsini  onun təsiri altında keçirməyimizə səbəb olur. Belə ki, kondisionerlərin yaratdığı təhlükə o qədər güclü olur ki, dərhal nəticəsi  üzə çıxır. Törətdiyi ziyana isə xüsusilə də immuniteti aşağı olan orqanizm, əsasən körpələr daha tez “tutulur”.

kondisioner

Bəs kondisionerin yaratdığı zərərdən qorunmaq üçün nə etməliyik?

İsti günlərdə məkan daxilində və bayırdakı hava fərqi bədən müqavimətini aşağı salır. Bu da virus infeksiyaların çoxalmasına səbəb olur. Kondisionerlər ilk işə salındıqda, filtrində toplanan bakteriyalar hava ilə birlikdə otağa yayılır. Bütün bunları nəzərə alaraq bilməliyik ki, kondisionerlərin filtrləri vaxtaşırı təmizlənməlidir. Çünki onlar müxtəlif xəstəlik törədicilərini özündə saxlayır. Kondisioner filtrlərinin bakteriyalara qarşı qoruyucu təsiri yüksək olmalıdır.Əks halda uşaqlarda adi soyuqdəymədən tutmuş xüsusi gedişatı ilə fərqlənən pnevmoniyaya (sətəlcəm) qədər problemlər yaradar. Bu mikrob insanı ağciyər, bronxit, rinit kimi infeksiyalara yoluxdurur, qulaq və diş iltihablarına gətirib çıxarır. Bu bakteriya kondisionerlərin filtr sistemlərində uyğun nəm və istilikdə törəyir və buradan da ətrafa yayılır. Xəstəlik insandan insana da yoluxur. Xəstələrdə tipik sətəlcəmdən fərqli olaraq, ağciyərə və tənəffüs sisteminə aid olan şikayətlər ön planda olur. İlk 24-48 saat içində halsızlıq, əzələ ağrıları, şiddətli baş ağrısı və narahatlıq yaranır. Daha sonra yüksək hərarət və ilk iki gün quru öskürək müşahidə edilir. Ürək bulanması, qusma, qarın ağrısı görünə bilər.

Havanı qurutduğuna görə müxtəlif nəmləndiricilərdən istifadə etmək lazımdır, ya da pəncərələri tez-tez açıb ventilyasiya yaratmaq lazımdı. Bayırda 40 dərəcə istilik varsa, evdə birdən-birə temperaturu 18 dərəcəyə salmaq olmaz. Uşaq orqanizmi kəskin temperatur dəyişikliyinə dözmür. Temperatur tədricən evdə 22-24 dərəcə tənzimlənsə yaxşıdı. Ən yüksək sərinlətmə dərəcəsi 18 olmalıdır. Kondisionerdən istifadə edərkən birdən-birə yüksək soyuq dərəcəyə qaldırmaq olmaz, dərəcəni yavaş-yavaş tənzimləmək lazımdır.

Soyuq hava kütlələri birbaşa uşağın çarpayısına və ya bədəninə vurmamalıdır. Südəmər uşaqlarda son dərəcə ehtiyatlı olmaq lazımdır. Uşaqların yataq otağında kondisioner olmasa yaxşıdır. Kondisioner altında, yaxınında və qarşısında xüsusilə tərli halda qalmaq kondisioner vurmasına səbəb ola bilər. Kondisionerin hava vuran yeri insanın üstünə yönəlməməlidir. Həmin hissəni tavana tərəf yönəltmək lazımdır. Kondisioner alarkən onu otağın ölçüsünə uyğunlaşdırmaq lazımdır. Yəni otağın ölçüsü balacadırsa, orada iri həcmli kondisioner quraşdırmaq məsləhət görülmür. Yataq otaqlarında kondisionerdən istifadə edilməməlidir. Həm pəncərəni açıq qoyub, həm də kondisioneri işlətmək ikiqat fəsad yarada bilər.

Kondisionerin təsirindən həm də dərimizi qorumalıyıq. Çünki dərimiz bədənimizin ən zərif hissəsidir. Bunu da nəzərə alaraq, ani hava dəyişməsi ilk növbədə dəriyə təsir edir. İstidən soyuğa, soyuqdan istiyə hava dəyişməsi dəriyə olan zərəri artırır. Nəticədə dəri tez quruyur, qabıq verir və yaxud qızarır. Bu, həm də müxtəlif bakterial xəstəlikləri yarada bilir. Kondisionerin düz altında dayanıb, hava kütlələrini birbaşa dəri üzərinə yönləndirmək isə bütün bu ziyanı daha da artırmış olur. Kondisionerdən nisbətən uzaqda durmaq lazımdır.

Sadalanan məqamlara diqqət yetirməkdə fayda var. Əks halda “kölgəsində”sərinlədiyiniz kondisionerlər yay fəslini xəstə keçirməyinizə səbəb olar.

 

Yaqut Ağaşahqızı




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir