kredit karti

Kredit kartı məngənəsi: yararlı, ya zərərli?

Baxış sayı: 449

Ətrafımızda davamlı olaraq kredit kartı borcu olan, ödəyə bilməyən, beləliklə də, borcu günü-gündən artan insanları görür və ya eşidirik. İstər-istəməz kredit kartının əslində təhlükəli bir şey olduğu qənaətinə gəlirik. Bəs, əslində necədir?

Kredit kartı nağd pula alternativ ödəniş vasitəsidir, istifadə etdikdən sonra təyin edilmiş müddət ərzində xərclərin banka aylıq və ya hissə-hissə ödənilməsi lazımdır. Əslində, kredit kartı borcverən deyil, sadəcə, nağd pula alternativ olan ödəniş alətidir. Əgər sizdə olmayan və ya olmayacaq pulla almaq yerinə nəsə almaq üçün kredit kartınızdan istifadə etsəniz, o zaman onu borc alətinə çevirəcəksiniz və beləcə həm təhlükəsini, həm də zərərinizi görəcəksiniz.

Kredit bank kartı debet bank kartından fərqli olaraq tamamilə başqa bank məhsuludur. Kredit kart sahibi də ondan mağazada və internetdə ödəniş etmək, bankomatdan nağd pul çıxarmaq, digər istifadəçiyə pul göndərmək üçün istifadə edə bilər. Lakin müştəri bütün bunları bank vəsaitləri hesabına həyata keçirir. Yəni bu o deməkdir ki, müştəri istənilən zaman bankın ona təqdim etdiyi kredit xəttindən istifadə edə, xərclədiyi vəsaitləri isə bir qədər gec qaytara bilər.

Kredit kartı öz xüsusiyyətlərinə görə debet kartlarından fərqlənir. Və bankdan məhz belə bir məhsul əldə edərkən daha sonradan xoşagəlməz vəziyyətə düşməmək üçün bütün nüansları dəqiqləşdirmək lazımdır. Kredit kartının əsas xüsusiyyətləri kredit limiti, güzəştli dövr və faiz dərəcəsidir. Kredit limiti – müştərinin müəyyən komissiya, yəni faiz dərəcəsi qarşılığında kartdan maksimum xərcləyə biləcəyi pul məbləğidir. Güzəştli dövr – kredit vəsaitlərindən faizsiz olaraq istifadə edilməsi mümkün olan zamandır. Bu dövr, adətən, 30-100 gün təşkil edir.

Müştəri kredit kartı əldə edərkən faiz dərəcəsi ilə yanaşı, ödəyəcəyi əlavə komissiya haqqları ilə də yaxından tanış olmalıdır. Bu komissiya haqqına bankomatdan nağd pul çıxarmaq, pul köçürməsinə görə komissiya, aylıq komissiya daxildir. Bununla belə, adətən ticarət-xidmət müəssisələrində nağdsız əməliyyatlara görə komissiya haqqı tutulmur.

Beləliklə, kredit kartı çox rahat hesablaşma aləti olmaqla, kifayət qədər də bahadır. Xərclədiyiniz borc vəsaitlərini nə qədər tez bir müddətdə geri qaytara bilsəniz, bank vəsaitlərini istifadə etdiyinizə görə bir o qədər az ödəyəcəksiniz. Kredit kartı üzrə borcu ödəmək üçün, sadəcə olaraq, bankomatda və yaxud bankın kassasında onun hesabını doldurmaq kifayətdir. Kredit kartları da debet kartları kimi müxtəlif ödəniş sistemlərinin, maqnit zolaq və yaxud çiplə təchiz edilmiş, təmassız texnologiyanı dəstəkləyib-dəstəkləməyən ola bilər.

Maraqlıdır, kredit kartı və taksit kart arasındakı fərqlər nədir? Taksit kartı müştərilərə banklarla partnyor olan şirkətlərdə, mal və xidmətlərin dəyərini münasib şərtlərlə ödəmə imkanı təqdim edir. Belə ki, istifadə edilən məbləğ faiz hesablanmadan, partnyordan asılı olaraq 1, 2, 3, 6, 12, 18 və ya 24 aya ödənilir. Kart üzrə borc müvafiq aylar ərzində hər ayın müvafiq tarixinədək banka ödənilir. Ödəniş müddətində borca faiz hesablanmır, lakin gecikmə halları zamanı cərimə faizi hesablanır.

Kredit kartının üstünlükləri isə güzəşt müddəti – kredit vəsaitindən faizsiz olaraq istifadə edilməsi mümkün olan müddət kəsiyidir. Kredit limiti – müştərinin müəyyən faiz dərəcəsi qarşılığında kartdan maksimum xərcləyə biləcəyi məbləği əks etdirir. Faiz dərəcəsi – güzəştli dövr bitdikdən sonra hesablanmış faiz məbləğinin dərəcəsidir.

Kredit kartı üçün müraciət etdikdə kredit üzrə mütəxəssis müştərinin aylıq gəlirlərini və xərclərini dəqiqləşdirir. İlkin təhlil aparıldıqdan sonra müştəriyə limit haqqında məlumat təqdim olunur. Qeyd edək ki, hal-hazırda ölkədə əksər banklar müştərilərinə kredit kartı məhsulunu təqdim edir. Limitin azaldılması və ya artırılması üçün banka müraciət etmək lazımdır.

Bir neçə il əvvəl ABŞ-ın Pittsburq şəhərindəki Carnegie Mellon Universitetində aparılan araşdırmada nağd pul xərcləyənlərin ödəniş anında beyinlərində ağrı və narahatlıq hiss etdiyi, lakin kredit kartları ilə xərcləmələrdə bunun aşkar edilmədiyi qeyd edilmişdi. Bu da ödənişin nağd pul yerinə kartdan xərclənməsi ilə əlaqələndirilir. Tədqiqat aparan alimlər kredit kartlarının insanlara dərman təsiri bağışladığını deyirlər. Dolayısı ilə nağd ödənməyən üsulla məhsul əldə etmək insanları rahatladır. Lakin sonra geri ödəniş prosesi problemli olarsa borc batağı təhlükəsi də yaranır.

Əslində, kredit kartı ondan istifadə etməyi bilənlər üçün faydalıdır. Sadəcə, onun sizə faydalarını və zərərlərini yaxşı ayırd etməyiniz lazımdır. Tutaq ki, bu gün kredit kartınızla alış-veriş edirsiniz, xərclədiyiniz məbləği təyin edilmiş müddət ərzində kartınıza geri qaytardığınız halda heç bir faiz hesablanmır. Lakin durmadan xərcləsəniz, həm nağdlaşmada, həm alış-verişdə kredit kartından istifadə etsəniz, müddət bitdikdə xərclədiyiniz məbləği yerinə qoya bilməsəniz ciddi maliyyə problemləriniz yarana bilər.

 

Lalə Mehralı




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir