6

Macarıstanda təhsil alan həmyerlimiz: “Burda ölkəmizlə bağlı təəccüblə qarşılanan bir məqam xatırlamıram” – “TƏLƏBƏ BİLETİ”

Baxış sayı: 3. 207

“Gencaile.az” saytının “Tələbə bileti” rubrikasının budəfəki qonağı Macarıstanın  Szeged universitetinin  Iqtisadiyyat fakültəsində Biznesin idarə olunması və menecment ixtisası üzrə təhsil alan Əliağa Ağayevdir.

 

– Necə oldu ki, xaricdə təhsil almağa qərar verdiniz və niyə məhz Macarıstanı seçdiniz?

Orta məktəb təhsilimi İstək liseyində almışam. Hələ liseyin ilk illərində, öncəki illərin məzunlarının xaricdə təhsil alması, qazandığı uğurlar məndə xaricdə oxumağa böyük bir istək yaratmışdı. Ən əsası, məqsədlərimə çatmaq və planlarımə reallaşdırmaq üçün xaricdə təhsil almağımın böyük rolu olacağını bilirdim. Bakalavr təhsilimə başlamazdan əvvəl, müxtəlif ölkələrin təhsil sistemləri haqqında uzun müddət araşdırma aparmışdım. Macarıstanda təhsil aldığım Szeged universiteti Macarıstanda ən yaxşı təhsil müəssisəsidir. Macarıstanın təhsil səviyyəsinin yaxşı olması, “Stipendium Hungaricum” proqramı və Szeged şəhərinin tələbə şəhəri olması məhz bu ölkəni seçməyimə səbəb idi.

 

– Sizcə, ölkə hüdudlarından kənarda təhsil almaq insana nə qazandırır?

Düşünürəm ki, xaricdə təhsilin qazandırdığı ən önəmli xüsusiyyət insanın öz ayaqları üzərində durmağı öyrənməsidir. Həmçinin, dünyagörüşünün və məsuliyyət hissinin artması da bu xüsusiyyətlərdəndir.

Hər bir insan üçün şəbəkə çox önəmlidir, xaricdə təhsil almaq insanın şəbəkəsinin daha da genişlənməsində çox önəmli rol oynayır.

 

– Təhsilin keyfiyyəti necədir? “Hörmət” edib qiymət almaq təcrübəsi var?

Qeyd etdiyim kimi, təhsilin keyfiyyəti çox yaxşıdır. Macarıstanda təhsil müddəti 7 semestrdən ibarətdir, 6 semestr təhsil, 1 semestr isə təcrübə keçməkdən ibarətdir. Təhsil aldığım 3 semestr ərzində, bilik və bacarıqlarımın çox inkişaf etdiyini düşünürəm. Keçən təhsil ilində göstərdiyim yüksək nəticə və fəaliyyətlərimə görə Macar Mərkəzi Bankı tərəfindən mükəmməllik diplomu ilə təltif olundum və təqaüd qazandım.

Macarıstanda bir çox sahədə “hörmət etmək” anlayışı olduğunu dostlarımdan eşitmişəm, amma təhsil sahəsində hələ ki qarşılaşmamışam və qarşılaşmayacağımı ümid edirəm.

1

– Maraqlıdır, Macarıstana yollanmazdan öncə hansı təəssüratlarınız var idi və orda olduğunuz müddətdə bu ölkə sizdə hansı fikirləri formalaşdırdı?

Mən gözləntilərimi aşağı səviyyədə saxlamağı üstün tuturam. Macarıstanda olduğum müddətdə ölkənin tələbələrə yaratdığı şərait, şəhərlərin gözəlliyi, Budapeştdən Avropa şəhərlərinə çox rahat səyahət etməyin mümkünlüyü mənə çox xoş təsir göstərdi. Düşünürəm ki, Szeged tələbə olaraq yaşamaq üçün ideal şəhər hesab oluna bilər. Amma ora yollanarkən insanlarının böyük qisminin istiqanlı olacağını düşünürdüm, amma Macarıstana getdiyim ilk həftədə bir çox sərt və kobud insanla qarşılaşmağım fikirlərimi tam əks yöndə dəyişdi. Amma orada yaşadıqca, əhalinin istiqanlı və yardımsevər insanlar olduğunun fərqinə vardım.

 

– Macarlar Azərbaycanla bağlı hansı məqamlar təəccüblə qarşılanır?

Azərbaycanla Macarıstan arasında bir çox oxşar cəhət var. Burda ölkəmizlə bağlı təəccüblə qarşılanan bir məqam xatırlamıram. Macarıstanda azərbaycanlılar çox yaxşı qarşılanır və iki ölkə arasında çox yaxşı münasibətlər var. Amma qeyd etməliyəm ki, insanlarımızın davranış tərzləri arasında çox fərqlər var.

 

– Dediniz ki, insanlarımızın davranış tərzləri arasında çox fərqlər var. Bu baxımdan hansı fərqləri müşahidə etmisiniz?

– Davranış tərzləri dedikdə, mədəni cəhətdən bizə qəribə gələn hərəkətləri var

 

– Söhbət hansı qəribəliklərdən gedir?

– Məncə, bu haqda danışmaq o qədər də xoş olmazdı. Ona görə də bu mövzuda danışmaq istəmirəm.

 

– Ailənizin xaricdə təhsilə münasibəti necədir? Yəni evdən uzaqda olmaq çətindir deyə sizə mane olmağa çalışdılar, yoxsa əvvəldən dəstək oldular?

Hələ 8-ci sinifdə təhsil alarkən xaricdə təhsil almaq istəyimi ailəmlə bölüşmüşdüm və o zamandan bəri ailəm hər zaman mənə dəstək göstərib. Düşünürəm ki, hər bir ailə övladları xaricdə təhsil almaq istəyirsə, ona mənəvi, imkanları daxilində isə maddi dəstək göstərməyə hazır olmalıdır.

2

– Evdən uzaqda olmaq demişkən, yəqin burda olanda evə gəlirdiniz ki, hər şey hazırdır və sadəcə, bir az “əziyyət çəkib” yeyib-içmək qalırdı. Orda necədir vəziyyət? Ərzaq alış-verişi, yemək hazırlamaq, evi səliqəyə salmaq – bu məsələləri necə həll edirsiniz?

Qeyd etmək lazımdır ki, ilk başlarda bu məsələlərdə çətinliklər yaranırdı  (gülür-red). Amma 1 ay yaşadıqdan sonra, demək olar ki, insan hər yeri tanımağa başlayır. Uzun müddət xaricdə yaşadıqdan sonra təmizlik etmək, yemək bişirmək və alış-veriş etmək rahat olur. Mənim fikrimcə, xaricdə oxumağa hazırlaşan tələbələr Azərbaycanda olduğu müddətdə təmizlik etməyi, yemək bişirməyi öyrənsə, xaricə oxumağa getdikləri zaman bu kimi çətinliklərlə qarşılaşmazlar.

 

– Oranın mətbəxi necədir, yeməklərinə alışa bilirsiniz?

Vaxt olduğu təqdirdə, evdə Azərbaycan mətbəxinə aid yeməkləri bişiririk. Əsasən, Szegeddə olan türk restoranlarında yemək yeyirik. Macarıstan mətbəxini çox xoşlamıram,  amma bir neçə tarixi yeməkləri var ki, onlar dadlıdırlar.

 

– Fərqli ölkə və təhsil mühitini gördükdən sonra Azərbaycan təhsil sistemində nəyin dəyişməsini arzulayırsınız?

Aydındır ki, Azərbaycanda təhsil sistemi son illərdə inkişaf edib, amma bəzi universitetlərdə yenə də tələbələrə rahatlıq yaradan “hörmət” sistemi davam edir. Düşünürəm ki, bu məsələnin kökdən həll edilməsi lazımdır. Həmçinin tələbələrə karyera qurmaq istədikləri sahədə daha çox təcrübə fürsətləri yaradılmalıdır. Bir başqa problem isə hal-hazırda bəzi universitetlərdə əhəmiyyəti qalmayan biliklərin tələbələrə tədris olunmasıdır və bu məsələnin həll edilməsi böyük önəm daşıyır.

 

Təhsil xərclərinizi təqaüd ilə qarşılayırsınız. – Pul qurtadı. Belə halda nə edirsiniz?

Macarıstan tərəfindən verilən təqaüdün məbləği 80460 Macar forintidir, buda təxminən 250 avroya bərabərdir. Macarıstanda orta aylıq əmək haqqı ilə nisbətdə bu məbləğ çox azdır. Təqaüd ilə bir ay yaşamaq mümkün deyil, buna görə də ailədən dəstək və ya işləmək məcburiyyət halına gəlir.

 

– Aylıq xərclər təxminən nə qədərdir? Bunu niyə soruşuram: xaricdə təhsil almaq istəyən hər bir gənc üçün, övladını xaricdə oxutmaq istəyən valideynlər üçün bu, rəqəm maraqlıdır şübhəsiz ki.

Təxmini olaraq deyə bilərəm ki, aylıq xərclər ən minimum halda 350-400 avro olur. Düşünürəm ki, 500-600 avro bir tələbənin Macarıstanda yaxşı yaşaması üçün yetərli məbləğdir. Szeged şəhərində ev xərcləri(kirayə və kommunal ödənişlər) minimum 150 avrodan başlayır, Budapeştdə isə bu rəqəm daha yüksəkdir. Gündəlik xərclər isə tələbənin yaşam tərzindən asılı olaraq dəyişir.

3

– Ümumiyyətlə, sizcə, xaricdə təhsil almaq istəyində olanlar  universitet və ölkə seçərkən hansı xüsusiyyətlərə fikir verməlidirlər? Xaricdə təhsil almağa hazırlaşan gənclərimizə nə məsləhət görə bilərsiniz?

Xaricdə təhsil almaq istəyən gənclər məncə, universitetlər haqqında araşdırmaya başlayacağı təhsildən ən az 1.5-2 il əvvəl başlamalıdır. Ölkə seçimini edərkən, həmin ölkədəki universitetlərin təhsil səviyyəsi, təqaüd şansları, təhsili bitirdikdən sonra universitetin tələbəyə yaratdığı şanslar, daha yuxarı təhsil səviyyəsi üçün müraciət edərkən universitetin digər universitetlərə nisbətən üstünlüyü, ölkədə olan şirkətlərin xaricilər üçün yaratdığı iş şansları və s. kimi xüsusiyyətlərə fikir vermək lazımdır. Həmçinin, seçdikləri ölkələrdə yaşayan tələbələrlə əlaqə saxlayaraq, daha çox məlumat almaq, ölkə haqqında qərar verməkdə onlara çox köməklik göstərə bilər.

Xaricdə təhsil almaq istəyən gənclər təhsil müddətində, qiymət ortalamasını maksimum səviyyədə yüksək tutmalı və sosial fəaliyyətlər ilə məşğul olmalıdırlar. Təqaüd imkanlarından maksimum istifadə etmək üçün bunlar çox vacibdir. Qəbul olmaq üçün lazım olan imtahanları zamanında düzgün hazırlıq görərək vermək lazımdır, imtahanları son zamanlara saxlamaq düzgün deyil.

 

– Yəqin ki, Macarıstanda təhsil aldığınız müddətdə əcnəbi tələbələrlə də az vaxt keçirməmisiniz. Maraqlıdır, başqa ölkədən gələn tələbələr Azərbaycan haqqında nə dərəcədə məlumatlıdırlar?

Təhsil aldığım Szeged şəhərində, Macar tələbələr də daxil olmaqla 21000-dən çox tələbə təhsil alır. Bu rəqəmə, 4000 dən çox əcnəbi tələbə daxildir. Azərbaycanlılar olaraq, digər ölkələrdən olan tələbələrlə sıx dostluq əlaqələrimiz var. Macar və digər ölkələrdən olan tələbələrin böyük qismi Azərbaycan haqqında məlumatlıdır, məlumatlı olmayanlara isə Azərbaycanlı tələbələr olaraq məlumat veririk. Həmçinin hər il Szegeddə keçirilən Beynəlxalq Mədəniyyət tədbirində Azərbaycanı bu ildə təmsil edəcəyik. Bu tədbirdə, ölkələr öz mədəniyyətlərini 2500 dən çox iştirakçıya təmsil edir, tədbir iştirakçıları digər ölkələrlə yanaşı, Azərbaycan mətbəxinə aid olan yeməklərdən dadır, tarixi rəqslərimizi izləyir və mahnılarımızı dinləyirlər.

 

– Bu gün Azərbaycanın ən böyük problemi Dağlıq Qarabağ münaqişəsidir. Bilirisniz ki, müharibə təkcə cəbhədə getmir. İstənilən müharibə həm də informasiya savaşıdır. Bu baxımdan xaricdə təhsil alan tələbələrimiz Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılmasında mühüm rol oynaya bilər. Üstəlik, siz Azərbaycan-Macarıstan Gənclər Təşkilatının(Diaspora təşkilatı) idarə heyyətinin üzvü, Szeged şəhəri üzrə isə Azərbaycan cəmiyyətinin sədrisiniz. Ətrafınızdakı gənclərlə Qarabağ problemi ilə bağlı müzakirələriniz olurmu?

Təbii ki, Qarabağ münaqişəsi qanında Azərbaycanlı qanı axan hər bir kəsin problemidir və hər kəs də bu problemin işıqlandırılması, həll edilməsində borcu olan vəzifəni yerinə yetirməlidir. Macarıstanda, Azərbaycanlılara qarşı xüsusi hörmət var, Azərbaycan və Macarıstan ölkələrinin qardaşlığı getdikcə daha da artır. Azərbaycan Respublikasının Macarıstandakı Səfirliyi diaspor fəaliyyətinin genişlənməsi məqsədi ilə Macarıstanda yaşayan Azərbaycanlılarla sıx əlaqələr qurur və Azərbaycanın rəsmi bayramlarını, önəmli günlərini qeyd edir, Macarıstan rəsmiləri ilə sıx əməkdaşlıq edir və Dağlıq Qarabağ həqiqətlərini Macarıstanda daima işıqlandırır.

4

Azərbaycan-Macar Gənclər Təşkilatı olaraq, əsas məqsədimiz Azərbaycanlıların Macar cəmiyyətinə inteqrasiyasını gücləndirmək, iki ölkə arasında sıx əlaqələr qurmaq və inkişaf etdirmək, Azərbaycan mədəniyyətini Macarıstanda təbliğ etmək və Dağlıq Qarabağ həqiqətlərini cəmiyyətə çatdırmaqdır.  Yaxın zamanda Szeged şəhərində Azərbaycan Cəmiyyətini qurduq. Szegeddə yaşayan 50-dən çox azərbaycanlı Cəmiyyətin qurulmasında yaxından iştirak etdi. Szeged şəhərində fevral ayında Xocalı faciəsinin il dönümü məqsədi ilə yürüş keçiriləcəkdir. Həmçinin, Macar və digər ölkələrdən olan tələbələrə Qarabağ münaqişəsi haqqında ətraflı məlumat veriləcək tədbir keçirməyi planlaşdırırq.

 

Söhbətləşdi: Tural Məmmədov

5




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir