QADIN

Müsəlman qadınlar makiyaj edə bilərlərmi?

Baxış sayı: 292

Ölkəmizdə son illər, demək olar ki, hər şeyin üzərinə “halal” etiketi yapışdırılır. “Halallıq”, sözün əsl mənasında, dəbə minib. Kolbasadan sosislərə, dana ətindən toyuğa kimi bir çox məhsulun və ya onu satan mağazanın üzərində “halal” etiketini görmək mümkündür. Bu etiketin reallığı nə qədər əks etdirib-etdirmədiyi məlum deyil. Onsuz da bugünkü mövzumuz halal qidalar deyil.

Maraqlıdır, islamın qadağan etdiyi donuz ətini, sadəcə, ağız yolu ilə qəbul etmək haramdırmı? Bəyəm orqanizmə dəri yolu ilə daxil olan donuz piyi caizdir?

Bu sualı doğuran fakt isə hər gün metroda, avtobusda qarşılaşdığımız hicablı xanımların makiyajlarıdır. Görəsən, həmin qadınların makiyajda istifadə etdikləri məhsullar nə dərəcədə “halallıq standartları”na uyğundur? Ümumiyyətlə, müsəlman qadın makiyaj edə bilərmi?

Image result for HİCABLI qadınlar

Kosmetik vasitələrin tərkibi

Məlumatlara görə, bir çox firma istehsal etdiyi məhsulların tərkibinə donuz piyi və məni (sperma) əlavə edir. Bunlar daha çox 40 yaşdan sonra istifadə edilməsi məsləhət olan anti-aging (yaşlanma əleyhinə) kremlərin, dərini kollagenlə təmin edib dəri sallanmasının qarşısını alan məhsulların və bəzi dodaq boyalarının, krem formasındakı ənlik və göz kölgələrinin tərkibinə vurulur.

Kosmetik vasitələrin tərkibi və istifadə qaydası barədə şəhərimizdəki az qala hər metrdən bir yerləşən kosmetoloji mərkəzlərdə, gözəllik salonlarında məlumatlıdırlarmı? Axı həmin gözəllik mərkəzləri ilə birbaşa əlaqədə olan məlumatsız təbəqə məhz onların məsləhəti ilə özlərinə qulluq edir. Sorğumuz göstərdi ki, kosmetoloqlarımız belə bu sahədə bilgisizdirlər. Düzdür, onlar kosmetik vasitələrin tərkibində donuz piyi və məni olduğundan xəbərdardırlar. Ancaq insanların bu kosmetik vasitələri ilk baxışda necə ayırd edə biləcəkləri barədə kiçik bilgiyə belə malik deyillər.

Related image

Onları necə tanıya bilərik?

Məlumunuz olsun ki, tərkibində məni olan kosmetik məhsulların qablaşdırmalarının üzərində “Cetyl palmitate”, “cetaceum”, “spermaceti” sözləri yazılır.

Əgər üzərində “Jelatin”, “lesitin”, “sorbitan oleat”, “myristic acid”, “biotin” və “L­cysteine” kimi maddələrin adını görürsünüzsə, deməli, həmin məhsulun tərkibində donuz yağı var.

Düzdür, bu maddələr cüzi miqdarda olur və sağlamlığa heç bir zərər vermir, ancaq müsəlmanın halallığına kölgə salıb günah qazanmasına, o dünyada tanrı qarşsında buna görə hesabat verməyə kifayət edir. Elə bu səbəbdən də müsəlman ölkələrində bu hal birmənalı qarşılanmır.

Related image

Kimdir müqəssir?

Bəlkə də deyəcəksiniz ki, “Qərb belədir də, bizi dindən çıxartmaq üçün hər şeyi edirlər”. Gəlin baxaq görək, doğrudanmı günah tərkibində donuz piyi olan kosmetik vasitə istehsalçısı olan Qərbdədir? Yoxsa dinin qayda-qanunlarından xəbərsiz, dinin mahiyyətini bilmədən hicab geyinib özünü dindar göstərmək istəyənlərdə?

Image result for HİCABLI qadınlar

Makiyaj və din: alimlər nə deyirlər?

Halbuki din mütəxəssislərinin bu mövzuda qənaəti qətidir: müsəlman qadınların tərkibində donuz piyi olan kosmetik vasitələrdən istifadələri bir yana qalsın, onlar, ümumiyyətlə, makiyaj etməməlidirlər.

Əslində, bunu bilmək üçün din xadimi olmağa ehtiyac yoxdur. “Quran”da bu barədə konkret surələr mövcuddur.

Məsələn, Tin surəsində (95/4) deyilir: “Biz insanı ən mükəmməl surətdə yaratdıq”.

Mükəmməl surətdə yaradılmış bir canlının gözəlləşmək üçün əlavə vasitələrə əl atması nə deməkdir? Bu Allaha qarşı gəlmək deyil?

Türkiyəli alimlər qadının makiyaj edərək küçəyə çıxmağını zina hesab edirlər. Onların fikrincə, bəzənib-düzənən qadın eyni zamanda 3 günah işləmiş olur: Birincisi, kişilərin diqqətini cəlb edərək onların günah etməsinə səbəb olur. İkincisi, olduğundan fərqli görünərək insanları aldadır. Üçüncüsü, Allahın verdiyi surəti bəyənmədiyini bəyan edir.

Nur surəsinin 31-ci ayəsində deyilir: “Zinətlərini ərlərindən, yaxud atalarından, yaxud ərlərinin atalarından, yaxud öz oğullarından, yaxud ərlərinin oğullarından, yaxud qardaşlarından, yaxud qardaşlarının oğullarından, yaxud bacılarının oğullarından, yaxud öz (müsəlman) qadınlarından, yaxud sahib olduqları kölələrdən, yaxud ehtirasını itirən kişi xidmətçilərdən, yaxud qadınların çılpaqlığını hələ anlamayan uşaqlardan başqasına göstərməsinlər”.

Din adamları bildirirlər ki, qadınlar bu əmrə riayət etməli, makiyaj edərək çölə çıxmamalı, naməhrəm kişilərin arasında gəzməməlidirlər.

Related image

Gözəllik qurban tələb edir…

Belə görünür ki, kolbasa alarkən halal olub-olmadığına diqqət edən xanımlarımız, növbə gözəlliyə çatanda tərəddüd edirlər. Dini əqidəsi naminə fədakarlıq tələb edən məsələlərdə tərəddüdləri ortaya çıxır. Gözəlliyi qurban verməyə hazır olmadıqları aydın olur. Bu dəfə onlar dinə deyil, dini qaydaları özlərinə uyğunlaşdıraraq dolayısı ilə, dini əqidələrini gözəlliklərinə qurban edirlər.

Bütün bunlar dinə kor-koranə bağlılıqdan, uşaqlıqdan təsir altında qalmaqdan xəbər verir. Halbuki, aptekdən dərman alıb atanda belə onun üzərindəki məlumatları oxuyuruq. Alacağımız geyimin bədən ölçümüzə uyğun olub-olmadığını anlamaq üçün etiketinə nəzər yetiririk. Deməli, “müsəlmanam” demədən zəhmət çəkib “Quran”ı oxumalıyıq. Çünki islamın təməli “Quran”dır, onu oxumadan, onun qaydalarına əməl etmədən müsəlman olmaq mümkün deyil. Dininizin kitabını oxuyun.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir