Dünyada bütün millətlərin toy adətləri bir-birindən fərqlidir. Lakin bir məsələdə fikirlər üst-üstə düşür. Belə ki, demək olar bütün ölkələrdə evlənən cütlüklər nişan üzüyü taxır. Bəs ümumiyyətlə, nişan üzüklər haqqında nələri bilirik?
Evlənən zaman üzük taxmaq adəti qədim Misir və Roma dövründən qalıb. Qədim Romada üzük taxmaq mənsubluq və bağlılıq mənasını daşıyırdı. Taxılan üzüklərin dəmirdən olması evliliyin güclü və möhkəm olmasının rəmzi idi.
Tarixə düşən ilk nişan üzüyü 1417-ci ilə aiddir. Bu brilyant daşlı üzüyü avstriyalı hersoq nişanlısına hədiyyə etmişdi. Bundan sonra brilyant tək qaş üzük evlənmə təkliflərində bir vasitə olaraq istifadə edilmişdir.
XV əsrin sonlarında zəngin venesiyalılar arasında brilyantlarla bəzədilmiş üzüklər dəbə düşdü.
Çox maraqlıdır ki, İngiltərədə Viktoriya dövründə ilan formasında olan nikah üzükləri xüsusilə məşhur idi. Qıvrılmış ilan forması sonsuzluq əlaməti daşıyırdı.
Heç bilirdinizmi ki, qədim zamanlardan bəri üzərində mirvari olan nişan üzüyü göz yaşını simvollaşdırdığı üçün bir çox gəlinlər bu tip üzükləri seçməkdən çəkinirdilər.
Ən kiçik gəlin VII Henrinin qızı olmuşdur. O, artıq iki yaşında evlilik təklifi almışdı. Bu cür siyasi evliliklər o zamanlar çox məşhurlaşmışdı.
MDB ölkələrində nişan üzükləri sağ, Avropa və Amerikada sol ələ taxılır. Əksər hallarda belə seçim cütlüyün etiqad etdikləri dindən asılıdır.
99% hallarda nişan üzüyü adsız barmağa taxılır. Bu adət qədim bir inancdan qaynaqlanır. Deyilənlərə görə, məhz bu barmaq qan damarları ilə ürəyə birbaşa bağlıdır.
Sən demə, Böyük Britaniyada həkimlərə və tibb bacılarına iş vaxtı barmaqlarında nişan üzüklərini taxmaq qadağan edilib. Çünki üzük barmağın bir hissəsini dezinfeksiya etməyə qoymur və bu, xəstələrin həyatı üçün risk təşkil edir.
Dünya zərgərlik tarixində ən bahalı nişan üzüyü “Bulgari” brendinin hazırladığı “Blue Diamond Ring” sayılır. Bu üzük Londondakı “Bonham’s Fine Jewelry” hərracında 9,5 milyon dollara satılıb. Üzüyün qaşı 5,3 karatlıq mavi brilyantdır.
Tarixə düşən ən bahalı nişan üzüklərindən birini Riçard Burtonun Elizabet Teylorun barmağına taxmışdı. Həmin üzük 33,19 karat ikinci A sertifikatlı “Asscher” kəsimli almaz ilə bəzədilmişdir. Elizabet Teylorun üzüyü ölümündən sonra bir tenderdə satılmışdı. Üzüyü asiyalı bir kolleksiyaçı almışdı.
Samirə Tağıyeva