QADIN

Qadın nə vaxtadək gözəl görünür?

Baxış sayı: 1. 366

İngiltərə alimlərinin araşdırmalarına görə, hər 3 qadından 2-si həmcinslərindən iltifat eşidə bilmək üçün saatlarla güzgü qarşısında durur. Yaşları 18-30 arası olan xanımlar üzərində aparılan araşdırma zamanı xanımlar özləri bu həqiqəti etiraf ediblər. Sorğu iştirakçıları eşitdikləri iltifatların çoxunun qadınlar tərəfindən olduğunu bildiriblər.

Qadınlar kimin üçün bəzənirlər? Mütəxəssislərin fikrincə, qadınlar öz həmcinslərinə gözəl görünmək üçün dəridən-qabıqdan çıxırlar.

Psixoloq Aynur Əlibəylinin sözlərinə görə, başqa ölkələrdə qadınlar öz həmcinslərinə gözəl görünmək üçün bəzənsələr də, Azərbaycanda bu əksinədir. “Bizdə qadınlar kişilərə gözəl görünmək üçün bəzənirlər. Çünki cinsi partnyor seçimini qadın edir. O, özünə partnyor tapana qədər çox gözəl görünür”.

Qadınlarda bəzənmək və bəyəndirmə arzusunun olduğunu deyən müsahibimizin bildirdiyinə görə, zərif cinsin nümayəndələri özünü seçdiyi kişiyə bəyəndirmək istəyi ilə yanaşı rəqiblərindən də gözəl görünməyə can atır. Psixoloq bildirir ki, nə qədər acınacaqlı olsa da, Azərbaycan qadını ailə qurduqdan sonra tez ruhdan düşür, özünə əvvəlki kimi zaman ayırmır, bəzənmir. Çünki əmin olur ki, artıq onu sevən, ona aid olan biri var. “Qadın ailə qurduqdan sonra kişinin maraqlarını nəzərə almır. Olduğu kimi görünməyə başlayır. Evin işi, uşaqlara baxmaq isə qadın özünü tamamilə unudur”.

A.Əlibəylinin dediyinə görə, kişilər isə qadınlardan fərqlidirlər. Belə ki, onlar hər zaman gözələ baxmaq, gözələ toxunmaq istəyində olurlar. “Qadının özünə baxmaması kişidə ona qarşı olan sevgi və maraq hissini tamamilə məhv edir. Və kişi yeni maraqlar ardınca qaçmağa başlayır. Qadın isə kişinin daim yanında olacağını düşünüb, özünə baxmır. O zamana qədər ki, sevdiyi insanı itirir. Sonradan isə yeni axtarış başlanır”.

Həmsöhbətimiz bildirir ki, qadınların çoxu ərə gedənə qədər baxımlı olurlar. Sonradan isə onları heç nə maralandırmır.

“Azərbaycan qadını həm də tez qocaldığını qəbul edir. Məsələn, bəzən görürük ki, 40 yaşlı bir xanım bəzənməkdən, bir qədər müasir geyinməkdən çəkinir. Ona elə gəlir ki, artıq yaşlıdır və özünə fikir versə, ona güləcəklər. Əslində isə belə deyil, qadın hər zaman istər kişilərin, istərsə də qadın rəfiqələrinin gözündə gözəl olmağı bacarmalıdır. Özünə fikir vermək insanın həyat tərzinə çevrilməlidir. Əgər bir gənc qız özünə 16 yaşından baxmağa başlayıbsa, bu 60 yaşa qədər də belə davam etməlidir. Belə olarsa, həyat daha maraqlı olar, kişilər yeni maraqlar arxasınca qaçmazlar”.

Sosioloqlar isə bu məsələyə başqa prizmadan yanaşırlar. Onların fikrincə, qadın ancaq və ancaq həmcinslərinə gözəl görünmək üçün bəzənir, özünə baxır. Sosioloq Nəzakət Əhmədova deyir ki, qadınlar böyüyən budlarına, çıxan qarnına, ayaqlarındakı selülitlərə görə, yanındakı kişidən deyil, rəfiqələrindən utanırlar. “Bir kişi bir mühitə girdiyi zaman əvvəl qadınlara baxar, bir qadın bir mühitə girdiyində yenə qadınlara baxar. Mənim fikrimcə, estetik əməliyyatlar dövründə yaşadığımız üçün estetik burun, silikonu ilə qadınlar bir-birinə oxşamağa başlayıblar”.

Qadının bütün istəyi aynaya baxınca özünü xoşbəxt hiss etməkdir. Qadın ən kədərli zamanında belə aynaya baxar, necə göründüyünə fikir verər. Ən təlaşlı anlarında belə əllərini saçlarına aparıb düzəldər. Depressiyada olan qadın arada gözəllik salonuna gedib saçlarını kəsdirir, səliqəyə saldırar.

Deyirlər, qadın qadının qurdudur. Digər qadının müvəffəqiyyətini və müvəffəqiyyətsizliyini və ya çirkinliyini görmək başqaları ilə bu barədə danışmaq qadına zövq verir. “Məsələn, iş yerində bir qadın bir kişi iş yoldaşı ilə birlikdə daha yaxşı yola gedir və yaxşı işlər ortaya qoyarlar. Amma iş yerində istisnalar xaricində heç bir zaman iki qadın razılaşıb, dil tapa bilməzlər. Çünki bir-birlərini rəqib görürlər. Məncə, qadınlar həyatlarında ancaq qadınlar üçün işləyir, qadınların prinsipinə görə bəzənir, özünə fikir verir. Və digərlərindən seçilmək üçün özünə daha çox zaman ayırır”.

N.Əhmədova onu da bildirir ki, Azərbaycan qadını özünə çox fikir vermir. Azərbaycan qadının özünə fikir vermə yaşı maksimum 40-dır.

Kosmetoloq İlahə Bayramovanın sözlərnə görə, ona ən çox yaşı 18-38 arası olan xanımlar müraciət edir. Bir qədər yaşlı xanımlar isə çox nadir hallarda gözəllik salonuna üz tutur. “Əsasən gənc xanımlar bizə müraciət edir. Yaşı 40-dan yuxarı olan xanımlar isə salona az gəlir. Hətta gələndə belə onları heç nə ilə razı salmaq mümkün olmur. Onlar makiyajın, manikürün azını, saç düzümünün isə ən sadəsini istəyirlər. Dəfələrlə makiyajı sildirib yenidən çəkdirirlər. Düzünü söyləsəm, yaşlı xanımlarla çalışmaq da çətindir”.

İ.Bayramovanın dediyinə görə, xanımların çoxu ailə həyatı qurana qədər özlərinə fikir verir. Sonradan bəzilərini həyat yoldaşları qoymur, bəziləri isə arxayınlaşdıqları üçün daha bəzək vasitələrindən istifadə etmirlər. Kosmetoloq hesab edir ki, qadınlar bəzək vasitələrindən ancaq ərə getmək üçün istifadə edirlər. “Ərə gedəndən sonra gözəl görünmək istəyi sönür, qadın olduğu kimi görünməyə başlayır. Məhz ailə həyatı qurandan sonra qadının təmizkar və çirkin olduğu üzə çıxır”.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir