ramazan

Ramazanda necə qidalanmalı?

Baxış sayı: 1. 226

Artıq 11 ayın sultanı, dinimizdə uca və müqəddəs qəbul edilən Ramazan ayını yaşayırıq. Ramazan ayında İslamın təməl ibadətlərindən olan oruc ibadəti başlayar və bütün dünyadakı müsəlmanlar Ramazan ayı boyunca oruc tutar.

Ramazan ayı ona görə müqəddəsdır ki, Qurani-Kərim bu ayda nazil olub. Məhz bu ayda Allah müsəlmanlara oruc tutmağı vacib buyurub. Qurani-Kərimin “Bəqərə” surəsində Allah bəyan edir ki, “Sizdən öncəkilərə vacib edildiyi kimi, oruc tutmaq sizlərə də vacib edildi ki, bəlkə təqvalı olasınız”.

Qeyd edək ki, oruc həddi-buluğa çatan dövründən tutulmalıdır. Bu, qızlar üçün 9, oğlanlar üçün 15 yaş kimi qiymətləndirilir. Bu yaşdan sonra insanlara oruc saxlamaq vacib buyurulur. İnsan həddi-buluq dövründən yaşlanıb, zəifləyənə qədər oruc tutmalıdır. Yəni insan yaşlaşarsa, zəifləyərsə, bu zaman oruc tutmaqdan azad olur. Bundan əlavə, insan xəstədirsə, həkimlərin qəti tapşırığı varsa, onda onlar da orucu tərk etməlidirlər. Eləcə də, səfərdə olan müsəlmanlar orucdan azad olurlar. Eyni zamanda, hamilə qadınlar, süd verən analar özlərinə və uşağa ziyan dəyəcəyinə əmin olarsa, orucu tərk edə bilərlər.

Lakin sağlam insanlar belə oruc tutarkən müəyyən qaydalara riayət etməli, düzgün qidalanmalıdır. “Gencaile.az” saytının “Ramazan bələdçisi” rubrikasında məhz bu haqda danışacağıq.

Dietoloq Tutu Zeynalova bildirir ki, Ramazan ayında da orqanizmimiz ehtiyacı olan vitamin, mineral, karbohidrat, protein və yağları yetərli miqdarda almalıdır: “Müqəddəs Ramazan ayında bədənimiz zərərli maddələrdən azad olaraq özünü yeniləyir. Spirtli içki və siqaret olmadığı üçün qanımız, qaraciyərimiz təmizlənir. Amma bədənimizə yardım etmək üçün qida rasionumuza da diqqət yetirməyimiz önəmlidir”.

Zeynalova qeyd edir ki, Ramazan ayında öyünlər sahur və iftarda 2 ana yemək və iftardan sonra 2 ara öyün şəklində düzənlənməlidir: “Oruc tutanların mütləq sahura qalxmaları sağlamlığını qorumaq baxımından önəmlidir. Sahurda yumurta, süd, qatıq, pendir kimi qidalardan ibarət yüngül bir səhər yeməyi yeyilməli, ya da şorba, tərəvəz və zeytun yağlı yeməklərdən ibarət bir öyün tərcih edilməlidir”.

Dietoloq bildirir ki, Ramazan ayında kilo almanın başlıca səbəbi olaraq iftar yeməyində aşırı qida qəbulu və ardından heç bir fiziki aktivliyin olmamasıdır: “Ramazan ayında hədəfimiz kilo verməkdən çox mövcud kilomuzu qorumaqdır. Yetərincə su qəbul olunmalıdır. Gündə ortalama 2-2,5 su içməyə çalışmaq lazımdır. Çünki gün ərzində içilməyən suyu iftardan sonra da içməsəniz halsızlıq, yuxululuq, həzm problemləri, mədə ağrıları yarana bilər. Həmçinin qan təzyiqinin aşağı düşməsinə gətirib çıxara bilər. Maye itkisi iş qabiliyyətinin də aşağı düşməsinə səbəb ola bilər. İftara pendir, pomidor, zeytun kimi və ya şorba kimi yüngül yeməklərlə başlanması, 10-15 dəqiqə sonra az yağlı ət yeməyi, tərəvəz yeməyi, salatla davam etmək məqsədəuyğundur. Birdən-birə çox yemək boş mədənin yüklənməsinə səbəb olar. Həzm çətinləşir, mədədə ağırlıq, yanma, bulanma, turşuma, bağırsaqlarda qəbzlik, köp kimi problemlər yaranır. Qlisemik indeksi yüksək olan qidalardan uzaq durmaq məsləhətdir. Ağ çörək, düyü kimi qidaların yerinə bulğur, kəpəkli çörək və ya kəpəkli makaron istifadə edə bilərsiz. Yeməkləri tez-tez yemək olmaz. Yavaş-yavaş, yaxşıca çeynəyərək yeyilməlidir. İftar yeməyindən sonra dərhal televizor və ya kompüter qarşısına keçmək, divanda uzanmaqdansa, bir az hərəkət etməyə çalışın, qısa məsafəli gəzintilər həzmə kömək edəcəkdir”.

Zeynalovanın dediyinə görə, Ramazan ayında qidalanma düzənindəki dəyişikliklə bağlı olaraq sağlam insanlarda belə qəbzlik, mədə yanması, yuxululuq, unutqanlıq, diqqətsizlik, baş ağrısı, qan şəkərinin düşməsi, çəki artımı kimi şikayətlər meydana gələ bilər: “Orqanizmdə baş verən dəyişiklikləri göz önünə alaraq bu şikayətləri minimuma endirəcək bir şəkildə qidalanma planımızın olması zəruridir. Qidalanmada baş verən dəyişikliklərə bağlı olaraq yarana biləcək qəbzliyin qarşısını almaq üçün (paxlalılar, kəpəkli taxıllar, tərəvəzlər, ara yeməklərdə fındıq, qoz, badam kimi çərəzlər, quru meyvələr) lifli qidalara üstünlük vermək lazımdır”.

Həkim terapevt Hüseyn Mehdiyevin bildirdiyinə görə, günün istisində çölə çıxmalı olan, ağır fiziki işlərlə məşğul olanlar oruc tuta bilməzlər: “İstər-istəməz səhər nə qədər su içsələr də, bədəndə yanğı hissi çoxalacaq. Ağır işlərdə işləyənlər oruc tutmaq istəyirsə, məzuniyyət götürməlidir. Havanın isti vaxtında çölə çıxmaq olmaz, evdə və ya kölgə yerlərdə oturub istirahət etmək lazımdır” deyən müsahibimiz əlavə edib ki, Azərbaycanda son illər oruc tutanların sayı günü-gündən artır: “İnsanlar sağlamlığından, xəstəliyindən asılı olmayaraq Ramazan ayında oruc tutmaq üçün hazırlaşırlar. İsti havada oruc tutmaq çətinlik törədir. Orucu fiziki cəhətdən tam sağlam olan adamlar tutmalıdır. Yəni müəyyən xəstəlikləri olan insanlar oruc saxladıqda orqanizmlərində fəsadlar yarana bilər. Diabet xəstəliyinə tutulanlar, arterial təzyiqi yüksək olanlar, mədə-bağırsaq, qaraciyər və s. xəstəliklərin əksəriyyətində oruc tutmaq məsləhət deyil. Belə ki, sutka ərzində günün çox hissəsini ac qalmaq istər-istəməz orqanizmdə geri dönməyən fəsadlar törədə bilir. Məsləhətdir ki, tam sağlam adamlar da həkim müayinəsindən keçsinlər. Dəqiqləşdirsinlər ki, onlara oruc tutmaq olar ya olmaz. Bəzən insanlar həkim məsləhət görməyəndə də oruc tuturlar”.

Mehdiyev bildirir ki, mədəsində turşuluğu çox olan şəxslər şirniyyat yeyəndə, meyvə şirələrini içəndə, ola bilsin, gün ərzində onların mədəsində qıcqırma, diskomfort hissi artsın: “Hər bir insan Ramazan ayında qidalanmaya individual yanaşmalıdır”.

H.Mehdiyevin sözlərinə görə, iftar süfrəsinə əyləşən insan aclıq hissindən çoxlu miqdarda yemək yeməyə başlayır ki, bu da orqanizmdə müəyyən fəsadlar törədir. “Yaxşı olar ki, yeməyi hissə-hissə, az miqdarda qəbul edərək qidalansınlar. Oruc saxlayarakən bir-iki saat fasilə verməklə yemək lazımdır. Bədəni yükləmək olmaz. İsti aylarda xüsusilə ehtiyatlı olmaq lazımdır. Mümkün qədər çörəkdən az istifadə olunmalıdır. İstifadə olunmasa, daha yaxşıdır. Oruc tutan bəzən düşünür ki, axşama kimi 15-16 saat ac qalacağam. Mədəni nə qədər çox doldursam, mənə bir o qədər kömək edər. Amma həmişə əksinə olur. Az qidalanmaqla orucluğun ac qalan saatlarını daha yüngül başa vurmaq olur, nəinki çoxlu miqdarda qida qəbul edərkən. Çox yedikdə orqanizm onu qəbul edə bilmir və problemlər yaranır”.

İsti havalarda susuzluq hissi yaranmasın deyə həkim adi süfrə suyu içməyi məsləhət görür: “Dədə-babadan həmişə belə deyiblər ki, istər səhər yuxudan oyananda, istərsə də iftarda yeməkdən qabaq mütləq su içilməlidir. Dietoloqlar da məsləhət görürlər ki, mütləq su için. Səhər oyananda birinci su içmək lazımdır. Bu, susuzluğun qarşısını alır. Yay aylarında mümkün qədər çox su içmək lazımdır ki, yanğı hissi azalsın. Çörək, duzlu yeməklər, xəmir xörəkləri də susuzluğu yaradır”.

Düzgün qidalanma ilə yanaşı müsəlmanlar haram qidalardan da uzaq durmalıdır. Bununla bağlı Hacı Surxay Məmmədli bildirir ki, donuz, it, qaban əti İslam dinində haramdır: “Bu sahədə çeşidlər çoxdur. Azərbaycanın mətbəxində, şükürlər olsun, bu yeməklər verilmir, haram ətlər də kəsilmir. Bəzən müəyyən məclislərdə spirtli içkilər verilir ki, bu da haramdır. Bu günləri – Ramazan ayında və digər aylarda, ümumiyyətlə, şübhəli olan ətlər yeyilməməlidir. Haram ət yemək İslamda günahdır. Məsələn, inək, qoyun, keçi əti şəriət qaydasıyla kəsilmirsə, bunun üz qibləsi yoxdursa, dörd damar boğazında kəsilmirsə, bismillahı yoxdursa, əlbətdə ki, o əti yemək şübhəlidir və günahdır. Bunların hamısı dinimizdə təsbit və təsdiq olunub”.

 

Aynurə MƏMMƏDOVA




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir