travel-insurance

Səyahət sığortası icbari olmalıdır?

Baxış sayı: 1. 719

Heç kim başına gələ biləcək hadisədən sığortalanmayıb. Xüsusilə də, yad ölkədə və ya elə öz ölkəmizdə səyahət zamanı istənilən bədbəxt hadisə ilə üzləşə bilərik. Belə hadisələr zamanı tibbi və s. xidmətlərin ödənişi üçün səyahət sığortası verilir. Lakin “Nə olacaq mənimlə?” fikri ilə sığorta üçün əlavə pul ödəmək istəməyənlər də az deyil. Ekspertlərsə hesab edirlər ki, səyahət sığortaları icbari olmalıdır.

 

Turizm sahəsi üzrə ekspert Ramin Zamanovun bildirdiyinə görə, səyahət sığortası səyahət zamanı turistin başına gələ biləcək qəza və ya sağlamlığı ilə bağlı bir problemin maliyyə qarşılığını ödəmək üçün imzalanır: “Səyahət sığortası xaricə gedənlərə verilir. Sığorta şirkətləri bir-birilə bağladığı müqavilələrin əsasında səyahət sığortasını təmin edə bilirlər. Səyahət sığortasının qiyməti qarşılayacağı məbləğə və səyahət növünə görə dəyişir. Məsələn, Azərbaycanda 50 minə qədər olan səyahət sığortası ilə yanaşı, 15-25 manat dəyərində də səyahət sığortaları olur”.

Müsahibimiz deyir ki, bir çox ölkələr turistdən səyahət sığortasını tələb edirlər: “Avropa ölkələrinə səyahət zamanı turist mütləq səyahət sığortası almalıdır. Bu, qəbul edən ölkənin turistin səyahət zamanı başına gələcək hadisəyə görə maliyyə çətinliyinin qarşılığının öncədən alınması məqsədini güdür”.

Ekspertin fikrincə, səyahət sığortasının qiyməti adətən səfərin ekstremal və yaxud da qeyri-ekstremal olmasına görə də dəyişir: “Əgər səfər çox təhlükəlidirsə, dağlara dırmaşırlarsa, sürətli çaylarda səfərdirsə və s. ekstremal səfərdirsə, səyahət sığortasını verən şirkət sığortanı hətta verməyə də bilər. Və ya səyahət sığortasını verərsə, çox baha qiymət qoya bilər. Çünki artıq qəzanın baş vermə ehtimalı çox böyükdür”.

O qeyd edir ki, adətən səyahət sığortası geri qaytarılmır: “Ödənilən məbləğ geri verilmir. Adamın başına heç bir qəza gəlməsə də, geri qaytarılmır” deyən Zamanov əlavə edib ki, səyahət sığortasının aid olduğu məsələlər, bəndlər var. Belə ki, dediyinə görə, adam əməliyyat keçiribsə və yaxud da onda xroniki xəstəliklər varsa, yaşanan xəstəlik bədəndə uzun müddətdirsə, bu, səyahət sığortası aid edilmir: “Turist qidadan zəhərlənə, səfər zamanı qəzaya düşə bilər, bədəninin bir orqanında zədə yarana bilər. Və yaxud da səyahət zamanı düşdüyü ölkənin havasından allergik problemlər yarana bilər. Bunların hamısı, yəni səfərlə, səyahətlə əlaqəli yaranan bütün problemlər səyahət sığortasına aiddir. Səfər etdiyi ölkədə adam dişini çəkdirirsə və yaxud da hansısa bir estetik əməliyyat və yaxud ürək əməliyyatı etdirirsə, bunların heç biri səyahət sığortasına şamil olunmur”.

Image result for Səyahət sığortası icbari olmalıdır?

“Dəniz Turizmi” MMC-nin işçisi Jalə Bayramovanın sözlərinə görə, xarici ölkədə müştərinin başına hansısa bir hadisə gəlsə, yaranan xərcləri ödəmək iqtidarında olmaya bilər: “Səyahət sığortası isə bu xərcləri qarşılayacaq. Sığorta sayəsində müştərinin səhhəti ilə bağlı yaranan xərclər ödənilir. Səhayət sığortalarının qiyməti fərqli olur”.

J.Bayramova bildirir ki, əgər müştəri sığortanı imzalamadan səfərə gedirsə, onun başına gələ biləcək bədbəxt hadisə ilə bağlı nə onu yönləndirən turizm şirkəti, nə də sığorta şirkəti heç bir məsuliyyət daşımır: “O, xərcləri özü qarşılamalı olur. Əgər sığortalı olsa, nəsə pis bir hadisə baş verərsə, onun səyahət üçün ödədiyi pulu da qaytarırlar, sağlamlığı ilə bağlı problemə görə də lazım olan məbləği ödəyirlər”.

Onun dediyinə görə, əvvəllər insanlar səyahət sığortalarını imzalamaq istəmirdilər, indisə yavaş-yavaş başa düşürlər ki, səyahət sığortası lazımdır. “İndi xeyli insan sığortanı imzalayır. Biz ümüumiyyətlə, şirkət olaraq, sığortasız turist göndərmirik. Çünki sonra bizim üçün də problem olur”.

Image result for Səyahət

Azərbaycan Turizm Assosiasiyasından isə bildirdilər ki, dünyada baş verən hadisələrə görə səyahət sığortası icbari olmalıdır: “Səyahət sığortası verilən vaxt müqavilə imzalanmalı və sığorta haqqının nəyə görə alınması sənəddə dəqiq göstərilməlidir. Turist pulu nəyə görə verdiyini və nədən sığortalandığını bilməlidir. Sığorta şirkəti turistə təklif etdiyi şərtləri müqavilədə göstərməyə borcudur. Turist də bilməlidir ki, səfər zamanı xəstələnsə, başına hər hansı bir qəza gəlsə və yaxud dünyasını dəyişən zaman cənazəsinin xaricdən gətirilməsi üçün xərc ödənilməsi məsələləri sənəddə yazılmalıdır”.

Ağakərimov qeyd edir ki, icbari səyahət sığortası “Turizm haqqında” qanunda həllini tapmalıdır. Onun fikrincə, bu, hər bir turistin rahat səyahəti və sağlamlığının qorunması üçün lazımdır.

 

 

Aynurə MƏMMƏDOVA




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir