qadin

Sevgilinizdən ayrılmalı olduğunuzu göstərən əlamətlər – PSİXOLOQ YAZIR

Baxış sayı: 1. 884

Bir çox cütlüklər bitmək üzrə olan arzuedilməz münasibət yaşadığını etiraf etmək istəmir. Lakin onlar bilmirlər ki, zədələnmiş münasibət insan sağlamlığı üçün son dərəcə zərərlidir. Bu cür mənfi münasibətlər ər və ya arvadda depressiya, narahatlıq, stress və zəifləmiş  immunitet sisteminə yol açır. Türkiyəli psixoloq Mehmet Başkak bildirir ki, zərərli və sağlam olmayan münasibət evli cütlüklər, sevgililər, hətta bir-birlərindən ayrılmış köhnə cütlüklər arasında da yaşanır. Mütəxəssis bu mərhələyə gəlmiş münasibətin artıq bitirilməsini məsləhət görür. “Gencaile.az” Aile.lent.az-a istinadən psixoloqun bu haqda fikirlərini təqdim edir.

Psixoloq ilk növbədə onu bildirir ki, zədələnmiş münasibəti sonsuza qədər davam etdirmək məcburiyyətində deyilsiniz. Münasibətinizdə müəyyən sərhədlər çəkməyiniz və prioriteti özünüzə verməyiniz önəmlidir: “Sağlam əlaqələr qarşılıqlı sevgi, hörmət, bir-birinə cəsarət və güvən vermə üzərində qurulur. Münasibətdə bunlar yoxdursa, o zaman həyatınızı dəyişdirəcək bir qərar verməyin vaxtı çatıb. “Amma onu sevirəm” cümləsini yaxşı analiz etmək lazımdır. Bəzən bu cümlə içi boşalmış bir birlikdəlik vərdişini ifadə edir”.

M. Başkak münasibətlərin bitməsinə işarə verən 5 əlaməti sadalayır.

1. Davamlı dava-dalaş, mübahisə və müzakirə halı

Hər zaman haqlı olması lazım olan biri var. Bu vəziyyət ümumiyyətlə, narsizm və eqoist davranışlardan irəli gəlir. Bu adam tərəf müqabilinə qarşı az anlayış göstərir və mübahisədə hər zaman ən son sözü söyləyən adam olduğunu düşünür. Əgər zədələnmiş bir münasibətinizin olub-olmadığına əmin deyilsinizsə, bu sualları özünüzə verin: Bir-birinizlə nəticə əldə etdiyiniz müzakirələr edirsiniz, yoxsa, müzakirələriniz tək tərəfli və nəticəsiz qalır? Mübahisə etdiyiniz vaxt həmişə bir adam müzakirəyə hökmranlıq edir?

2. Emosional olaraq əzilirsiniz

Bəzən tam olaraq nə olub-olmadığını anlamırsınız. Lakin bilirsiniz ki, hər şey qaydasında deyil. Tərəf müqabiliniz tərəfindən davamlı təzyiq altına alındığınızı hiss edirsiniz? Tərəf müqabiliniz başqalarının yanında sizi alçaldır? Passiv təcavüzkar davranışlarla bir şey söyləyib başqa bir şey edir? Bu davranış formalarının hamısında isə hirs hakimdir. Zədələnmiş münasibətə şifahi, bəzən də faktiki olaraq pis rəftar daxildir. Bir dəfə belə bir münasibətə özünüzü təslim etdiyiniz zaman, tərəf müqabiliniz qorxularınız və güvənsizliklərinizdən istifadə edərək, sizi alçaldan davranışlar nümayiş etdirməyə davam edəcək.

3. Bir-birinizdən asılısınız

Cütlüklərin bir-birlərini sevdiyi və dəstək olduğu münasibətlə bir-birlərinə sahib olma üzərində qurulmuş münasibət arasında fərq var. Tərəf müqabiliniz qısqancdırsa və sizi davamlı onu aldatmaqla günahlandırırsa, bu davranışa dözüm göstərməyin. Çünki bu, dağıdıcı bir davranışdır. Sağlam münasibət hər iki tərəfin bir-birinə sevgi və hörmətlə yaxınlaşmasıdır. Tərəf müqabillərin bir-birlərindən asılı olduğu bir münasibət sağlam deyil. Öz xəyallarınızı tərəf müqabilinizin xəyallarından ayıra bilirsinizmi? Şəxsi dostlarınız  varmı? Bir-birinizdən ayrı vaxt keçirə bilirsinizmi? Öz hədəfləriniz varmı? Cütlüklər arasında bir-birindən asılı olan münasibət varsa, bu, onlar arasında sağlam sərhədlər olmasına imkan verməz.

4. Səhvləriniz böyüdülür

Az qala hər gün səhvləriniz və ya çatışmayan xüsusiyyətləriniz tərəf müqabiliniz tərəfindən üzünüzə vurulur. Deməli, zədələnmiş münasibətiniz olduğunu demək olar. Belə bir münasibəti bitirmədiyiniz təqdirdə, vaxt keçdikcə bu vəziyyət vərdişə çevrilir və özünə inamın, özünə hörmətin zədələnməsinə gətirib çıxarır. Özünüzə bu sualları verin: Bu adamla münasibətdə özümü fiziki və ruhi cəhətdən sağlam hiss edə bilirəmmi? Tərəf müqabilim yanımdaykən özümü çox yaxşı hiss edirəmmi? Bu adamla bir-birimizə güc verə bilirikmi? Tərəf müqabilim mənim sevinc qaynağımdırmı?

5. Özünüzü həqiqətən xəstə və yorğun hiss edirsiniz

Aparılan araşdırmalara görə, zədəli və ya mənfi münasibət ürək xəstəliklərinə tutulma riskini artırır. Bu cür münasibətdə bədəniniz məruz qaldığınız yüksək stressdən mənfi təsirlənir, bu da immunitet sisteminin passivləşməsinə səbəb olur. Ruhunuz çox böyük yara alır. Bu da bədən funksiyalarınızı təsir edir. Stressin bədəndə təsir etdiyi ilk orqan ürəkdir. İkinci təsirlənən isə yuxu sistemi olur. Gecələri yata bilmirsiniz və münasibətinizlə bağlı narahatlıqlarınız var? Çəkiniz tez-tez artıb-azalır? Özünüzü davamlı yorğun və halsız hiss edirsiniz? Zədələnmiş əlaqə yaşayırsınızsa, bunun təsirlərini bədəninizdə, psixologiyanızda, həyat keyfiyyətinizə mənfi təsir etdiyini hiss edərsinizsə, ən sağlam çıxış yolu bitirmək qərarıdır.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir