Xanim Ehmedova

Sosial fobiya nədir?

Baxış sayı: 734

Sosial fobiya və ya sosial təşviş pozuntusu fərdlərin başqaları ilə qarşılıqlı əlaqədə yaşadığı təşviş, narahatlıq və qorxu vəziyyətidir. Sosial fobiyanın təməli uşaqlıqdan qoyulur. Bu xəstəliyin ən çox rast gəlindiyi yaş qrupu 10 -17 yaş arasıdır.Yayılması 5-12 % faiz olmaqla kifayət qədər rast gəlinən xəstəliklər sırasındadır. Onun yaranması həm bioloji, həm fizioloji, həm də psixoloji səbəblərlə əlaqədar ola bilər. Sosial fobiyası olan uşaqlar tez-tez insanların sıx olduğu yerlərdə, ictimai nəqliyyatda, telefonla danışarkən və ya başqaları ilə yemək yeyərkən daha yüksək səviyyədə narahatlıq yaşayırlar. Sosial fobiyaya (qorxuya) malik olan uşaqlar insanların onları lağ edə biləcəyindən çox qorxar. Cəmiyyət içinə çıxan zaman həddindən artıq qorxu və stress keçirərlər.

 

Sosial fobiya əlamətləri

Sinifdə dostları ilə münasibətləri zəif olar.

Əllərini qaldırmaq və söz demək cəhdini etməzlər.

Sosial əyləncələrə qatılmaq istəkləri olmaz.

Çox geniş dost mühitləri olmaz.

Üzərlərində təzyiq hiss etdikdə həmin cəmiyyətdən dərhal uzaqlaşarlar.

Park kimi yerlərdə dostları ilə oynamaq istəməzlər

Çox vaxt alçaq səslə və ya az danışa bilirlər

Həmyaşıdları və ya böyükləri ilə ünsiyyət qurarkən narahat olmaq, ağlamaq, qəzəblənmək kimi simptomlarla özünü göstərə bilir.

 

Sosial fobiyanın yaranma səbəbləri

Ailəsində və ya yaxın qohumları arasında sosial fobiyası olan insanların bu xəstəliyə tutulma riski daha yüksəkdir. Bununla belə müasir elmi nəzəriyyəyə görə beyindəki serotonin adlandırdığımız maddənin azalması da bu problemi yarada bilər. Eləcə də əgər bir uşaq utanc verici bir sosial vəziyyət yaşayıbsa, o, sosial təşviş hiss etməyə başlaya bilər.

Məsələn, lövhə qarşısında dərs danışarkən səhv etmiş, bu səbəbdən də sinif yoldaşlarının gülüş hədəfinə çevrilmiş uşaq sifət qızarması, əl titrəməsi yaşayıb. Buna görə də, genetik və ətraf mühit faktorlarının birləşməsi fərddə sosial fobiyanın inkişaf etməsi ehtimalını artıra bilər.

 

Sosial fobiyanın aradan qaldırılması

Terapiya prosesində uşağın özünü narahat hiss etdiyi vəziyyətlərlə bağlı hiss etdiyi hiss və düşüncələrə nəzarət etmək vacibdir. Bundan əlavə, uşağın qaçdığı və qorxduğu vəziyyətlərdən qaçmasını azaldaraq, sosial situasiyalarda hiss etdiyi təşvişi idarə etməsinə kömək edilməlidir. Koqnitiv Davranış Terapiyası sosial fobiyanın müalicəsi üçün təsirli psixoterapiya üsuludur. Fobiyanın çox ağır formalarında farmakoterapiya tətbiq oluna bilər.

 

Psixoloq-pedaqoq Xanım Əhmədova




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir