qrip

Soyuq havada özümüzü xəstəliklərdən necə qoruyaq?

Baxış sayı: 395

Artıq bir neçə gündür ölkə ərazisində payız mövsümünə xarakterik hava şəraiti müşahidə olunur. Təbii ki, soyuq havaların başlaması ilə bir sıra mövsümi xəstəliklər, infeksiyalar aktivləşir. Bəs bu cür hava şəraitində özümüzü xəstəliklərdən necə qoruyaq?

Mövzu ilə bağlı Ankara” klinikasının rəhbəri Zülfüqar Yusifov aşağıdakıları dedi:  “Məlum olduğu kimi, soyuq havaların gəlməsi ilə müxtəlif infeksion, virus xəstəliklərinə yoluxma  ehtimalı da artır.

Özümüzü bu cür infeksion, virus xəstəliklərindən qorumaq üçün ilk növbədə immun sistemimizi gücləndirmək lazımdır. Bunun üçün xüsusən düzgün qidalanmağa diqqət etməli, meyvə-tərəvəzdən, mayedən istifadəni çoxaltmalıyıq. Bu aylarda vitamin və vitamin əlavələri qəbul etməkdə fayda var. Həmçinin yuxu rejiminə də diqqət etməliyik.

Bütün bunlarla yanaşı, məsafəni qorumaq lazımdır. Pandemiya dövründə aldığımız məsləhətləri yada salmalı, mümkün qədər çox sıxlıq olan yerlədən uzaq qaçmaq, dezinfeksiya qaydalarına riayət etmək çalışmaq lazımdır. Əgər kimdəsə yoluxma  şübhəsi hiss etdikdə, uzaq durmağa çalışmalıyıq. Əgər tutaq ki, iş şəraitində, evdə bu alınmırsa maskadan istifadə etməliyik.

Bununla yanaşı, həm də müəssisə rəhbərliyinin üzərinə müəyyən vəzifələr düşür. Yəni əgər müəssisədə xəstələnən işçilər varsa, vaxtında onları işdən təcrid etmək üçün müəyyən qərarlar qəbul etməlidir. İş şəraitinin adekvat olmasına çalışmaq lazımdır. Belə ki, iş şəraitində dezinfeksiya məhlullarının olmasına, bundan əlavə, əmək rejiminin mümkün qədər çox yorucu olmamasına çalışmaq  lazımdır. Düşünürəm ki, bütün bunlara riayət etməklə, hansısa yoluxmanı yüngül keçirməyə nail ola bilərik. Təbii ki, yoluxma varsa birinci növbədə ortaya çıxan məsələ ilk andaca həkimə müraciət etməkdən ibarətdir. Üstəlik, koronavirusun yeni ştamının ortaya çıxdığını nəzərə alaraq, məsələyə daha həssas, diqqətli olmalıyıq”.

Medicina.az - Zülfüqar Yusifov - MD, FİPP, CİPS, TTT, İnvaziv ağrı mütəxəssisi, fleboloq

Zülfüqar Yusifov indiki dövrdə xüsusən uşaqların geyim və qidalanmasına xüsusi diqqət edilməsini diqqətə çatdırdı: “Artıq məktəb dövrünə bir neçə gün qalıb. Bu cür dəyişkən havalarda uşaqların geyimlərinə diqqət etmək lazımdır. Baş örtükləri adətən bizdə az istifadə olunur. Lakin çox tövsiyə edilir ki, yağışlı, soyuq günlərdən papaqlardan, örtüklərdən istifadə olunsun. Soyuq havada baş örtüyünün olmaması nəticəsində kəllə boşluqlarında soyuqlama ortaya çıxa bilir. Bu hal təzyiq xəstəliyi olan insanlar üçün olduqca ziyanlıdır. Ona görə də soyuq küləkdən qorunmaq olduqca vacibdir”.

Dietoloq-həkim Ləman Süleymanova isə qeyd etdi ki, soyuq hava şəraitində immuniteti nəzarətdə saxlamaq üçün düzgün və sağlam qidalanmaq lazımdır: “Gündəlik qidalanmada karbohidrat, zülal, yağ balansını təmin etmək, vitamin və minerallarla zəngin olan qidalara üstünlük vermək lazımdır.

A, C və E vitaminlərinin çoxluq təşkil etdiyi qidalar antioksidantlarla zəngindir və bu da orqanizmdə sərbəst radikallarla mübarizə rolu oynayır. Toyuq, balıq və süd məhsullarında, E vitamini ilə daha çox zəngin olan çərəzlərdə çoxlu antioksidant maddələr var.

Payız mövsümündə C vitamini ilə zəngin qidalar rasiona daha çox əlavə edilməlidir. Portağal, qreyfrut, mandarin, limon və digər sitrus meyvələri bu mövsümdə daha çox qəbul edilməlidir. Sağlamlıq üçün vacib hesab edilən protein yumurta, ət məhsulları və pendirdə daha çoxdur. Balıq məhsulları isə Omeqa-3 turşusu ilə zəngindir.  Eyni zamanda qida rasionumuzda yaşıl tərəvəzlər, süd və süd məhsulları də qida rasionunda əsas yer tutmalıdır. Gün ərzində çoxlu maye qəbul edilməsi də orqanizm üçün xeyirlidir.

Şəkər immuniteti zəiflədən qidadır və ona görə də şirniyyatdan mümkün qədər az istifadə olunması məsləhətdir”.

 

Xalidə GƏRAY




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir