menzil

“Tələbələrin yataqxana problemi həll olunarsa, mənzil bazarında kirayə evlərin qiyməti enə bilər”

Baxış sayı: 380

Son illər kirayə bazarında qiymətlərdə artım müşahidə edilir. Kirayə bazarında qiymətlərin artmasının müxtəlif səbəbləri var. Ən başlıca səbəb, Bakı şəhərində 2016-cı ildən istismar müddətini bitirmiş binaların sökülməsidir.

Əmlak məsələləri üzrə ekspert Elnur Fərzəliyev bildirir ki, qəzalı vəziyyətdə köhnə çoxmənzilli yaşayış binaları və fərdi həyət evləri söküldükdən sonra yeni binalarla əvəz edildi. Həmin binalarda da yeni kirayə mənzillər kirayə bazarına çıxmış oldu. Eyni zamanda həmin binaların sakinləri yeni tikili binalarda yeni mənzillər verilən günə qədər ortalama 2-3 il müddətinə özləri kirayə çıxmalı olurlar.

elnur ferzeliyev

“Sökülən köhnə binaların yerində tikilən yeni binalarda kirayə mənzillərin aylıq icarə qiymətləri, köhnə tikili binalarla müqayisədə 2 dəfəyə qədər daha baha qiymətə təklif olunur. Bu da təbii ki, vətəndaşlar üçün əlçatan deyil”-deyə Elnur Fərzəliyev bildirir.

Ekspertin sözlərinə görə, kirayə qiymətlərini artıran digər səbəb kirayəyə daha çox ehtiyacı olan tələbələrdir. Tələbələr kirayə mənzil bazarının böyük bir hissəsini təşkil edirlər.

“Bir zamanlar tələbə yataqxanalarında məcburi köçkünlərimiz yaşayırdı. Dövlət onları daha sonra evlə təmin etdi. Həmin tələbə yataqxanaları artıq mərhələli şəkildə sökülərək, daha müasir və daha hündür mərtəbəli yataqxanalarla əvəzlənərsə, tələbələrin ev problemini aradan qaldırmaqla bərabər həmçinin kirayə mənzil bazarında çox sayda mənzillərin satışa çıxmasına səbəb ola bilər”-deyən ekspertin fikrincə, rəqabət yarandıqca kirayə qiymətlərində də endirimin olması gözləniləndir.

 

İradə Cəlil




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir