usaqlar

Uşaq hüquqları, Qanunvericilik və valideyn məsuliyyəti: Nələri bilməliyik?

Baxış sayı: 659

Valideyn məsuliyyəti valideyn (ata, ana, qanuni nümayəndə) üzərinə düşən hüquq və məsuliyyət kimi başa düşülür.

Uşağın böyüdülməsi, cəmiyyətdə layiqli fərd kimi yetişdirilməsində hər iki valideynin rolu önəmlidir. Bu məsələdə hər hansı iş bögüsünün aparılması yolverilməzdir və hər iki valideyn bu məsuliyyəti bərabər bölüşməlidir.

Beynəlxalq təcrübədə valideyn məsuliyyəti kimi ən mühüm vəzifələr sırasına uşağın yaşayış və xoşbəxt həyatının təmin edilməsi, onun saxlanılması və müdafiə edilməsi nəzərdə tutulur. Bundan başqa, bu məsuliyyətlər sırasına uşağın tərbiyə, təhsil, sağlamlıq və müalicəsi daxildir.

Valideynlərin uşaqla ünsiyyət və düzgün davranış hallarının qurulması, onların bu isitqamətdə məlumatlandırılması və maarifləndirilməsi, hər kəsin qanunla üzərinə düşən məsuliyyətini anlaması istiqamətində fəaliyyətlərin artırılması önəmlidir. Hər bir valideyn yaşadığı dövlətdə onun üzərinə qanunla düşən məsuliyyəti və vəzifələri anlamalı və buna uyğun addımlar atmalıdır.

Yaşadığımız dövr və cəmiyyətdə valideyn məsuliyyətindən, həmçinin ailədə valideyn-uşaq münasibətlərinin düzgün qurulmamasından yaranan və bu diqqətsizlik və məsuliyyətsizlik səbəbindən uşaq hüquqlarının pozulmasına gətirib çıxaran bir sıra hallara rast gəlinir. Təbii ki, cəmiyyətdə bu istiqamətdə baş verən hadisələr narahatlıqla qarşılanır və təəssüf doğurur. Təbiidir ki, bu zaman cəmiyyətdə güniş müzakirələr açılır və hər birimiz bu məsələdə kimin məsuliyyət daşıdığını araşdırmağa başlayırıq.

usaq

Qanunvericiliyə nəzər:

Cəmiyyətin həssas təbəqəsi hesab olunaraq diqqət və qayğıya ehtiyac duyan uşaqlara münasibətdə kim məsuliyyət daşıyır? Dövlət, cəmiyyət yoxsa valideyn? Bunu anlamaq üçün milli qanunvericilikdə qeyd olunan müddəalara gəlin birlikdə nəzər yetirək.

Azərbaycan Respublikasının Ailə Məcəlləsinin müvafiq maddələri uşağın hüquqlarının və mənafeyinin qorunmasına yönəlib. Belə ki, Məcəllənin 49-cu maddəsində göstərilir ki, hər bir uşaq ailədə yaşamaq və tərbiyə almaq, maraqlarının təmin olunması, hərtərəfli inkişaf hüququna malikdir.

Məcəllənin 51-ci maddəsində isə qeyd olunur ki, valideynlik hüquqlarından sui-istifadə halları zamanı uşaq öz hüquqlarını qorumaq üçün müvafiq icra hakimiyyəti orqanına, 14 yaşına çatdıqda isə məhkəməyə müraciət edə bilər. Həmin məcəllənin 52-ci maddəsi isə uşağa ailədə onun maraqlarına toxunan istənilən məsələnin həlli zamanı öz fikrini bildirmək hüququ yaradır.

Məcəllənin 58-ci maddəsi uşaqların tərbiyəsi və təhsilində valideynlərin hüquq və vəzifələrinə həsr olunub və valideynlərin uşaqlarını tərbiyə etməyə borclu olduqları, həmçinin onların tərbiyəsinə, sağlamlığına və onların psixi, fiziki, mənəvi inkişafına görə məsuliyyət daşıdıqları ayrıca vurğulanır. Burada həmçinin dövlətin müdaxiləsi halları da istisna edilmir və bu, uşağın mənafeyi tələb etdiyi halda baş verir. Yəni, dövlət uşaq hüququnun pozulması və onun maraqlarının nəzərə alınmadığı hallarda müdaxilə edə bilər. Məcəllə həmçinin göstərir ki, valideynlərin və uşaqların maraqları arasında ziddiyyət yaranarsa bu zaman müvafiq icra hakimiyyəti orqanı uşaqların hüquq və mənafeyini müdafiə üçün nümayəndə təyin etməlidir.

Hər bir valideyn məsuliyyətini anlamalı və üzərinə düşən vəzifələri layiqincə yerinə yetirməlidir. Ailə Məcəlləsində qeyd edilir ki, valideynlik hüquqları heç bir halda uşaqların mənafeyinə zidd həyata keçirilə bilməz. Yəni, valideynlər uşaqların tərbiyəsində onların istismarına, təhqir edilməsinə, mənəviyyatının alçaldılmasına, qəddarlığa, kobudluğa, biganəliyə yol verməməlidir.  Çünki onlar öz uşaqlarının tərbiyəsi, sağlamlığı, psixi, fiziki və mənəvi inkişafına görə məsuliyyət daşıyırlar. Bu məsuliyyət tədbirlərindən biri də valideynlərin valideynlik hüquqlarından məhrum edilməsidir.

Qanunvericilikdə yetkinlik yaşına çatmayanların mənafeyini üstün tutmaqla onların təhsil alması üçün valideynlər qarşısında bir çox hüquq və vəzifələr qoyulmuşdur. Hər bir uşaq yetkinlik yaşına çatanadək təhsil almalı, məktəbli adını daşımalıdır.

Ölkəmizdə ümumi orta təhsil icbaridir. Azərbaycan Respublikası Konstitusiyasının 42-ci maddəsinin II bəndində “Dövlət pulsuz icbari ümumi orta təhsil almaq hüququnu təmin edir” müddəası təsbit edilmişdir. Eyni zamanda “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikasının Qanununun 22-ci maddəsində uşaqların icbari ümumi orta təhsildən yayındırılmasının qadağan olduğu qeyd edilmişdir.

Uşaqların keyfiyyətli təhsil alması, vətəninə layiqli vətəndaş kimi yetişməsi, şagirdlərin sosial müdafiəsinin yaxşılaşdırılması, ölkədə yüksək ixtisaslı, peşəkar kadrların hazırlanması, ali təhsildə rəqabət mühitinin formalaşdırılması prioritet hədəflər kimi qəbul edilmişdir.

Ölkə qanunvericiliyində uşaqların təhsilə cəlb olunması, ümumi orta təhsil alması üçün bir çox normativ aktlar qəbul edilmişdir. Bu prosesdə valideynlərin məsuliyyətinin artırılması, valideynlərin uşaqların təhsilə istiqamətlənməsində rolu böyükdür. Hər bir valideyn uşağın təhsil almasına maraq göstərməli, uşağın inkişafı üçün münbit şərait yaratmalıdır.

Valideynlərin uşaqlara təhsil verməsi bir borc olaraq Ailə Məcəlləsinin 58-ci maddəsində öz əksini tapmışdır. Bununla yanaşı, bu hüquq “Təhsil haqqında” Azərbaycan Respublikasının Qanunun 34-cü maddəsində təsbit olunmuşdur. Belə ki,  övladlarının erkən yaşlarından fiziki, əxlaqi və intellektual inkişafına şərait yaratmaq, onların icbari ümumi orta təhsil almasının təmin olunması və mənəvi yetkinliyi üçün məsuliyyət daşımaq valideynlərin vəzifələri kimi müəyyən edilmişdir.

Valideyn məsuliyyətinin artırılması məqsədilə İnzibati Xətalar Məcəlləsinin 189-cu və 512-ci maddəsinə əsasən yetkinlik yaşına çatmayanların tərbiyə və təlimi vəzifələrinin valideynlər və ya onları əvəz edən şəxslər tərəfindən üzrlü səbəblər olmadan yerinə yetirilməməsinə və yetkinlik yaşına çatmayanların xırda xuliqanlığına görə valideynlərə məsuliyyət nəzərdə tutulmuşdur.

Valideyn məsuliyyətsizliyinin digər bir təzahürü isə təhsildən yayındırmaqla azyaşlı uşaqların erkən yaşlarda qeyri-rəsmi nikaha məcbur edilməsidir. Cinayət məcəlləsinin 176-1-ci maddəsinə görə qadını nikaha daxil olmağa məcbur etməyə görə və eyni əməllərin nikah yaşına çatmayan şəxs barəsində törədilməsinə görə valideynlərə və ya onların qanuni nümayəndələrinə azadlıqdan məhrum etmə cəzası tətbiq edilə bilər.

“Təhsil haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən  təhsilverənlər uşaq və gəncləri fiziki və psixi zorakılığın bütün formalarından qorumalı, onları zərərli vərdişlərdən çəkindirməli, ixtisas və elmi-pedaqoji səviyyəsini yüksəltməli, elmi araşdırmalar aparmalı, əlavə məşğələlər, sinifdənkənar və məktəbdənkənar tədbirlər keçirməlidir.  Belə ki, təhsil müəssisəsinin rəhbəri hər bir uşağın təhsil almasına maraq göstərməli, təhsildən yayınmasının qarşısını almalıdır.

Məlumat üçün qeyd edək ki, ölkə Prezidentinin 2017-ci il 3 may tarixli, 1361 nömrəli “Rayon (şəhər) məhkəmələrinin baxdığı inzibati xətalar haqqında işlər üzrə protokol tərtib etmək səlahiyyəti olan vəzifəli şəxslərin Siyahısı”nın təsdiq edilməsi barədə Fərmanına əsasən Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinə təhsilalanların təhsil prosesi ilə bağlı olmayan işlərə və tədbirlərə cəlb edilməsinə görə təhsil verənlərə protokol tətbiq etmək səlahiyyəti həvalə edilmişdir.

Reallıqda valideynlər tərəfindən bu təminatın pozulması ilə bağlı məsələlər daha tez-tez rast gəlinsə də yalnız təhsil verənlərə sanksiyaların tətbiq edilməsi nəzərdə tutulmuşdur. Belə ki,  təhsilalanların təhsil prosesi ilə bağlı olmayan işlərə və tədbirlərə cəlb edilməsi İnzibati Xətalar Məcəlləsinin 181.0.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə səbəb olur.

usaqlar

Nəticə:

Göründüyü kimi, milli qanunvericilkdə uşaqların hərtərəfli inkişafına yönələn, bu istiqamətdə valideynlər üzərinə düşən hüquq və vəzifələr açıq şəkildə qeyd edilmiş, pozulmuş hüquq və vəzifələrə görə valideynlər üçün məsuliyyət nəzərdə tutulmuşdur. Belə olan halda valideyn məsuliyyətsizliyi və diqqətsizliyi nəticəsində uşaqların hüquqlarının pozulmasına səbəb olan, cəmiyyətin sərt reaksiyası ilə qarşılanan hallar niyə baş verir?

Təbii ki, buradakı səbəbi yalnız bir nöqtədə axtarmaq doğru olmaz. Qanunların hansı səviyyədə işlək olmasını, onların icra mexanizmini, cəmiyyətin bu prosesdə iştirakını, bu sahədə fəaliyyət göstərən müvafiq dövlət qurumları arasında koordinasiya işini nəzərdən keçirməliyik.

Biz ancaq hər şeyi də dövlətdən gözləməməliyik, yəni valideyn “bu dövətin işidir” düşüncəsində olmamalıdır. Qanunlarda da göstərilir ki, dövlət lazımi məqamda uşağın hüquq və maraqlarının qorunması naminə müdaxilə edir.

Odur ki, cəmiyyətin bu məsələlər ətrafında geniş maarifləndirilməsinə, valideyn məsuliyyətinin artırılması istiqamətində fəaliyyətlərin gücləndirilməsinə ehtiyac vardır.

Cəmiyyət maarifləndirmə prosesinə daha yaxından cəlb edilməli, aidiyyəti dövlət orqanlarının əməkdaşlığına və birgə fəaliyyətinə üstünlük verilməldiir. Həmçinin, bu istiqamətdə qeyri-hökumət təşkilatları, KİV-lər, televiziyalar, sosial şəbəkələr və internet resurslarının imkanlarından istifadə etməklə prosesi daha da sürətləndirməyə ehtiyac vardır.

Daha sadə bir ifadə ilə yekunlaşdırsaq, valideyn Mirzə Ələkbər Sabirin satirik şeirində qeyd olunan “Oğul mənimdir əgər, oxutmuram əl çəkin!” düşüncəsində olmamalıdır, yəni uşağa öz mülkiyyəti kimi baxmamalı, ona bir fərd, şəxsiyyət kimi yanaşmalı, bu sahədəki vəzifə və öhdəliklərinə ciddi şəkildə əməl etməlidir.

 

Fərid Ədilov




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir