UZUM

Vaxtından əvvəl nübar, yoxsa orqanizmdə yaranacaq azar?

Baxış sayı: 1. 389

Yəqin ki, çoxlarınız meyvə-tərəvəzi bazardan alırsınız. Çox nadir hallarda mövsümi olmayan, nadir tapılan meyvəyə görə marketlərə üz tuturuq ki, orada ilin istənilən mövsümündə istənilən məhsulu tapmaq olur. Bir neçə il bundan əvvələ kimi  bazarlarda mövsümi olmayan məhsulu görəndə, təəccüb keçirirdik. Bu da çox nadir hallarda rast gəlinən bir hal idi. Amma dövr keçib, zaman dəyişdikcə belə şeylərə artıq təəccüblənmək də olmur. İndi may ayında bazarda şaftalı, iyunda isə üzüm satılır. Soruşanda atıcı “öz həyətindən elə bu gün dərmişəm” cavabını verir. Yəni, artıq qarpız yemək üçün iyulu, avqustu  gözləmirik. Bu, bir tərəfdən yaxşı hal olsa da, insan istər-istəməz düşünməyə başlayır. Görəsən, nə dəyişib ki, qarpız daha tez yetişməyə başlayıb. Bəlkə, qarpızın daha tez yetişməsi üçün müxtəlif kimyəvi dərmanlardan istifadə olunur? Bəlkə, geni dəyişdirilmiş sortlar əkilir?  Ümumiyyətlə, normalda avqust ayında yetişməli olan üzüm iyunun sonunda artıq dərilirsə, bunun insan orqanizminə hər hansı bir fəsadı ola bilərmi?  Bu sualların cavablarını mütəxəssislərdən öyrənməyə çalışdıq.

Tibb üzrə ekspert, professor Adil Qeybulla deyir ki, belə meyvə və tərəvəzlərin əksəriyyəti yeni modifikasiya olunan məhsullardır: “Adətən, bu məhsullar vaxtından əvvəl xüsusi iqlim şəraitində, istixanalarda yetişdirilir. Belə tərəvəzlərin və meyvələrin yeyilməsi orqanizm üçün təhlükəlidir. Elə məhsullar da var ki, onlar konservləşdirilərək saxlanılır. Yazda dərilən meyvələr isti şəraitdə saxlanılaraq satışa çıxarılır. Geni dəyişən məhsulların bir xüsusiyyəti də var ki, onları konkret bir temperaturda illərlə saxlamaq mümkündür. Belə məhsullar lazımi vaxtdan bir qədər erkən satışa çıxarılır. Azərbaycanda 9 iqlim qurşağı var. Bizim hətta subtropik bitkiləri istehsal etmək və daxili bazarı təmin etmək qabiliyyətimiz var. Amma təəssüflər olsun ki, bundan yararlanmırıq. Hansı məhsullar ki, ölkə daxilində yetişdirilir, onu yetişdirən insanlara, fermerlərə, kəndliyə stimul vermək lazımdır. Onlardan təbii şəraitdə yetişdirilən məhsulu almaq lazımdır. Yalnız ölkədə olmayan ekzotik meyvələr idxal edilməlidir. Yerdə qalan məhsullar öz mövsümündə yeyilməlidir. Qida təhlükəsizliyi məsələsinə ciddi riayət etmək lazımdır. Bu, formal xarakter daşımamalıdır. Mövsümdən əvvəl yetişən meyvələr isti şəraitdə saxlanılır və yetişdirilir. Digər qismi isə xarici ölkələrdən idxal edilir. Bazarda insanlara satılan və yerli məhsul kimi təqdim edilən meyvələrin əksəriyyəti xaricdən idxal edilir. Hazırda bazarda yerli məhsul kimi moruq satılır. Amma indi onun mövsümü deyil. Belə məhsulların əksəriyyəti xaricdən idxal olunur”.

Ekspert Qadir Bayramlı bildirdi ki, mövsümdən əvvəl satışa çıxarılan məhsulların tərkibində gübrənin miqdarı həddən artıq çox olur: “Belə məhsullar insan orqanizmi üçün təhlükəlidir. Əslində meyvə və tərəvəzlərin mövsümdən bir qədər əvvəl satışa çıxarılmasında heç bir problem yoxdur. Amma o şərtlə ki. məhsulun tərkibində olan gübrənin miqdarı normal həddə olsun. Çünki bəzi məhsullar var ki, onları tam yetişdikdən sonra bazara çıxardıqda, qısa müddət ərzində xarab olur. Alıcılar belə məhsulu almaqdan imtina edirlər. Bu, satıcıya maddi cəhətdən ziyan vurur. Normalda, əsas problem, meyvə-tərəvəz istehsalı ilə məşğul olan fermerlərin bazar araşdırması olmadan öz məhsulunu bazara çıxarmasındadır. Düzdür, bazarda müəyyən qədər tələb var. Amma kənd təsərrüfatının tarazlı inkişafına ehtiyac var. Azərbaycanın, bunun üçün lazımi iqlimi və geniş imkanları var. Yaxşı olardı ki, bazara çıxarılan məhsulların keyfiyyəti tələb olunan  standartlara uyğun olsun. Amma meyvə-tərəvəz istehsalı ilə məşğul olanlar əlindəki məhsulu tez bir zamanda satmağa çalışır. Çünki kənd təsərrüfatında aqro-sığorta yox səviyyəsindədir. Məhsulların tez xarab olmaması və fermerin əlində qalmaması üçün onu, mövsümdən əvvəl satmağa çalışırlar. Digər tərəfdən, fermerlər maddi sıxıntı çəkirlər. Fermerin əsas məqsədi bu məhsula çəkdiyi xərci götürməkdir. Ona görə də məhsul erkən şəkildə satışa çıxarılır. Çünki mövsümdən əvvəl satışa çıxarılan meyvə və tərəvəz nisbətən baha satılır. Amma bazar iqtisadiyyatı şəraitində buna tam olaraq nəzarət etmək bir qədər çətindir. Çünki bizdə hələlik bəlli standartlar tətbiq edilməyib. Məsələn, Türkiyədə belə bir qayda var ki, avqustun birinci həftəsinə qədər dövlət üzümün  ixracına icazə vermir. Çünki məhsul tam yetişməlidir. Bu təcrübədən istifadə etməklə sözügedən sahədə müəyyən problemləri həll etmək olar. Azərbaycanda sovet dövründə yetişdirilən sortların böyük əksəriyyətində avqustdan sonra məhsul yığımı olurdu. Amma indi ölkəyə xeyli sayda tezyetişən üzüm sortları gətirilib. Bazara çıxarılan və mövsümündən əvvəl satılan məhsulların böyük əksəriyyəti idxal məhsullarıdır. Bununla yanaşı, digər bir səbəb  isə tezyetişən sortlara tələbin get-gedə artmasıdır”.

 

Şəbnəm Mehdizadə




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir