ders

Yeni dərs ilinin köhnə problemi

Baxış sayı: 1. 571

Yeni dərs ili başlayar-başlamaz, köhnə problemlər yenidən üzə çıxdı. Belə ki, illərdi orta məktəb şagirdləri üçün iş dəftərlərinin alınmasının vacib olmadığı bildirilsə də, demək olar, bütün məktəblərdə uşaqlara iş dəftərləri məcburi aldırılır. İş dəftərlərinin qiyməti elə də aşağı deyil və hər kəsin bunu almağa maddi imkanı çatmır. Mövcud vəziyyət sual doğurur ki, tədris prosesində iş dəftəri olmadan mümkün deyilsə, niyə Təhsil Nazirliyi bunu şagirdlərə pulsuz paylamır?

 

Təhsil Nazirliyinin ictimaiyyətlə əlaqələr sektorunun müdiri Cəsarət Valehov bildirir ki, iş dəftərlərini almaq könüllü xarakter daşıyır, məcburi deyil.

Təhsil Xidmətləri Araşdırma Mərkəzinin rəhbəri, təhsil eksperti Kamran Əsədov deyir ki, ölkə prezidenti İlham Əliyevin 2004-cü ildə imzaladığı sərəncama əsasən orta məktəblərdə şagirdlər tərəfindən istifadə olunan bütün dərs vəsaitləri dövlət tərəfindən pulsuz olaraq verilir: “Həmin dərs vəsaitində şagirdin keçdiyi mövzunu mənimsəməsi üçün bütün suallar və tapşırıqlar var. Dünya təcrübəsində də iş dəftəri kimi əlava vəsaitlər arzuolunan deyil. Çünki bu, şagirdlərin əlavə yüklənməsinə səbəb olur”.

Həmsöhbətimiz hesab edir ki, iş dəftərlərinin məcburi tələb olunması, sadəcə olaraq, kimlərinsə şəxsi maraqlarına xidmət edir. “2010-cu ilə qədər iş dəftərlərinin istifadəsi bu qədər geniş hal almamışdı. Həmin zamanla müqayisə etsək, şagirdlərin bilik və bacarıqlarında elə bir fərqin olmadığını görərik. Apardığımız araşdırmalar göstərir ki, məktəblilər üçün nəzərdə tutulan iş dəftərləri olduqca bahadır. Düşünürəm ki, qiymətlərin yüksək olmasının başlıca səbəbi marketinq xərclərinin düzgün hesablanmamasıdır. Bir iş dəftərinin maksimum qiyməti 1 manatı keçə bilməz. Çünki çap xərcləri buna imkan yaradır”.

Onun sözlərinə görə, qiymətdən əlavə, testlər, iş dəftərləri uşaqların çantalarının ağırlaşmasına səbəb olur. “Təsəvvür edin ki, bir şagird azı 6 fənn keçirsə, hər fənnin ayrıca iş, test və qiymətləndirmə dəftəri varsa, bu, çantanın xeyli ağırlaşmasına səbəb olur”.

Əsədov qeyd edir ki, iş dəftərlərindən imtina etmək lazımdır: “Çünki bunların heç birinin təhsilin müsbət yöndə inkişafına təsiri yoxdur. Adicə olaraq, kurikulumun başlıca tələbi ondan ibarətdir ki, şagirdin nitq mədəniyyəti yüksək səviyyədə olsun. Sadaladığımız bu ləvazımatlar isə uşaqları bu bacarıqlardan məhrum edir. Təhsil Xidmətləri Araşdırma Mərkəzi olaraq Bakıda kitab, məktəb ləvazimatları satışı həyata keçirilən yerlərdə apardığımız monitorinqlər zamanı ortaya çıxan qiymətlər keçən illə müqayisədə artıb. Hazırda ibtidai sinif şagirdləri üçün tələb olunan bəzi iş dəftərləri və testlərin qiymətləri isə belədir: 4-cü sinif üçün Azərbaycan dili və riyaziyyatdan iş dəftəri: 5,50 manat, 2-ci sinif üçün yarpaq testi 3,50 manat, 1-ci sinif üçün sinifdən xaric oxu 3,50 manat, 4-cü sinif üçün qiymətləndirmə 4 manat, 4-cü sinif testləri 2,80 manat” deyən Əsədov hesab edir ki, müəllimlər iş dəftərlərini aldırmamalı, kitablarda olan tapşırıqlar ilə şagirdlərə mövzunu mənimsəmətməlidirlər.

Image result for iş dəftəri

Təhsil eksperti Elşən Qafarov isə hesab edir ki, iş dəftərləri lazımdır: “Təhsil Nazirliyi iş dəftərlərini çap etdirib məktəblərə pulsuz göndərməlidir” deyən E.Qafarov “Ekspress”ə bildirib ki, bu gün məktəbli üçün bir kitabın maya dəyəri 3 manat 50 qəpikdir. “Amma onu 6 manat 50 qəpiyə sənədləşdirirlər. Təhsil alanların adambaşına maliyyə hesablamaları var. Təhsil sektorunda adambaşına 5 manatla həm şagirdlərin kitablarını, həm də iş dəftərlərini tam olaraq vermək olar. Amma bu, böyük sərfiyyətdir”.

Müsahibimiz təklif edir ki, ilk növbədə planşet sisteminə keçirilsin. “11 il ərzində bir şagirdə yalnız dərslikləri üçün 1100 manat pul sərf olunur. Orta hesabla bir planşetin qiyməti isə 200-300 manat arasındadır. Planşet sisteminə keçməyin vaxtıdır. Bu həm ekoloji cəhətdən kağıza, həm də dövlət büdcəsinə qənaət deməkdir. Təklif edirəm ki, hər bir şagirdə planşet verilsin. Hər il planşetlərə dərsliklər, iş dəftərləri, testlər əlavə olaraq yüklənilsin. İş dəftərlərsiz proqramın tam mənimsənilməsi mümkün deyil”.

Məsələyə münasibət bildirən Binəqədi rayonu 179 nömrəli məktəbin ibtidai sinif müəllimi Mehriban Əliyeva isə iş dəftərlərini bəyənir, kitabları bəyənmir: “Çünki kitablarda çox az çalışmalar, məlumatlar var. Əvvəlki kitablarla indikilər arasında çox fərq var. Demək olar, bütün müəllimlər bununla bağlı narazılığını bildirirlər ki, əvvəlki kitablarla müqayisədə indiki dərsliklərdən çox şey çıxarılıb. Dərsliklərdə məlumat, çalışma az olduğuna görə, iş dəftərləri onları daha da təkmilləşdirir. Keçirilən mövzunu, qaydanı iş dəftərinə tətbiq edirlər. İş dəftərlərilə işləmək maraqlıdır. Sadəcə, pul söhbətinə görə valideynlərin narazılığı olur”.

Onun dediyinə görə, iş dəftərləri pulsuz paylanılsa, yaxşı olar. “Pullu olduğu üçün valideynlər şikayət edirlər ki, məktəb başlayır, yenə müəllimlər bizə iş dəftərlərini, testləri aldıracaq. Bununla bağlı problemlər yaşanır. Kitablarda elə tapşırıqlar var ki, onları ancaq iş dəftərlərində işləmək lazımdır. İş dəftərlərinə görə şəxsən etiraz etmirəm. Xoşuma gəlir, iş dəftərləri keçirilən mövzuları daha da təkmilləşdirir”.

Həmsöhbətimiz hesab edir ki, iş dəftəri olmasa, keçirilən mövzuyla bağlı boşluq olacaq. “Gərək onda müəllimə hardansa əlavə məlumat tapsın, əlavə tapşırıqlar yazdırsın. O da vaxt itkisinə səbəb olur. Sinifdə onu çatdırmaq mümkün deyil. İş dəftərlərini sinifdə də işlədir, eləcə də iş dəftərindən ev tapşırığı verib ondan istifadə etmək olar”.

 

Aynurə Məmmədova




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir