Qumru Eyvazova

Yetkinlik yaşına çatmayanın vurduğu ziyana görə kim məsuliyyət daşıyır? – “VƏKİL BÜROSU”

Baxış sayı: 1. 955

Hamı üçün bəlli olan və yazılmamış qanun kimi bildiyimiz fakt odur ki, yetkinliklik yaşına çatmayanın vurduğu ziyana görə valideynlər məsuliyyət daşıyırlar. Valideynlər hər zaman azyaşlı övladlarının vurduğu ziyana görə məsuliyyət daşımalıdırlar – istər avtomobilin təsadüfən cızılması, istər sinif yoldaşının smartfonunun sınması, istərsə də mağazadakı rəfdə olan əşyanın dağıdılması olsun. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 41.4-cü maddəsinə əsasən, yetkinlik yaşına çatmayan uşaqlarının vurduğu zərərə görə ər-arvad mülki qanunvericiliklə müəyyən olunmuş qaydada məsuliyyət daşıyırlar. Bu halda ödəmə ər-arvadın əmlakına yönəldilir. Lakin əgər yetkinlik yaşına çatmayan müəyyən yaş həddinə çatıbsa, o yaşdan başlayaraq, şəxsin öz qazancı varsa, yeniyetmələr dəymiş ziyanı özləri ödəyirlər, əgər dəymiş zərər qanunvericikdə müəyyən edilmiş həddi aşmasa.

 

Bəs həmin yaş həddi qanunvericiklə necə müəyyən edilir?

Azərbaycan Respublikasl Mülki Məcəlləsinin 28-ci maddəsinə əsasən, 7 yaşınadək olan yetkinlik yaşına çatmayanların (azyaşlılar) fəaliyyət qabiliyyəti yoxdur. 7 yaşından 18 yaşınadək olan yetkinlik yaşına çatmayanların məhdud fəaliyyət qabiliyyəti vardır. 16 yaşı tamam olmuş yetkinlik yaşına çatmayan əmək müqaviləsi üzrə işləyirsə və ya valideynlərinin, övladlığa götürənlərin və ya himayəçinin razılığı ilə sahibkarlıq fəaliyyəti ilə məşğul olursa, tam fəaliyyət qabiliyyətli sayıla bilər. Hər iki valideynin, övladlığa götürənlərin və ya himayəçinin razılığına əsasən qəyyumluq və himayəçilik orqanının qərarı ilə, belə razılıq olmadıqda isə məhkəmənin qərarı ilə yetkinlik yaşına çatmayan tam fəaliyyət qabiliyyətli (emansipasiya) sayılır. Həmçinin həmin Məcəllənin 30-cu maddəsində deyilir ki, 14 yaşından 18 yaşınadək olan yetkinlik yaşına çatmayanların ixtiyarı vardır ki, valideynlərinin, övladlığa götürənlərin və ya himayəçinin razılığı olmadan müstəqil surətdə öz qazancı, təqaüdü və digər gəlirləri barəsində sərəncam versin, həmçinin elm, ədəbiyyat və ya incəsənət əsərinin, ixtiranın və ya qanunla qorunan digər əqli fəaliyyət nəticəsinin müəllifi hüquqlarını həyata keçirsin və xırda məişət əqdləri bağlasın. Bu maddədən də göründüyü kimi, yetkinlik yaşına çatmayan, lakin 14-18 yaşlar arasında olan şəxslər özləri qazanc əldə etmək hüquqları vardır.

Həmçinin, Azərbaycan Respublikasl Əmək Məcəlləsinin 46-cı maddəsində göstərilir ki, Əmək müqaviləsi 15 yaşına çatmış fiziki şəxslərlə bağlanıla bilər. 15 yaşından 18 yaşınadək olan şəxslərlə əmək müqaviləsi bağlanarkən onların valideynlərindən və ya övladlığa götürənlərdən (qəyyumlarından) birinin və yaxud qanunla onları əvəz edən şəxslərin yazılı razılığı alınmalıdır.

 

Yetkinlik yaşına çatmayan tərəfindən törədilmiş hər hansısa bir xətaya  görə hansı struktur nəzarət edir və tədbir görür?

18 yaşınadək yetkinlik yaşına çatmayanlar barəsində müvafiq dövlət orqanları tərəfindən daxil olan inzibati xətalar haqqında işlərə və ya materiallara Yetkinlik Yaşına Çatmayanların İşləri və Hüquqlarının Müdafiəsi üzrə Komissiyalar  baxır və intizam təsir tədbirlərindən birini tətbiq edir.

 

Bəs yetkinlik yaşına çatmayan şəxsə qarşı hansı intizam təsir tədbirləri həyata keçirilə bilər?

Hüquq məsuliyyəti növü olmaqla intizam təsir tədbirinin başlıca məqsədi yetkinlik yaşına çatmayanları qanunlara əməl edilməsi ruhunda tərbiyələndirməkdən, hüquq pozuntusu törətmiş yetkinlik yaşına çatmayanlar və digər şəxslər tərəfindən yeni hüquq pozuntusu törədilməsinin qarşısını almaqdan ibarətdir. Komissiyalar qanunazidd əməllərin xarakterini və səbəblərini, yaşını, həyat şəraitini, qanunazidd əməlin törədilməsində iştirak dərəcəsini, habelə məişətdə, məktəbdə və ya işdə davranışını nəzərə almaqla, yetkinlik yaşına çatmayanlar barəsində aşağıdakı intizam təsir tədbirləri növlərindən birini tətbiq edirlər:

1) üzr istəmək;

2) xəbərdarlıq etmək;

3) yetkinlik yaşına çatmayan şəxs müstəqil əmək haqqına malikdirsə və zərərin məbləği 33 manatdan artıq deyilsə, yetkinlik yaşına çatmayan şəxsin öhdəsinə onun vurduğu zərəri ödəmək yaxud 33 manatdan artıq olmayan məbləğdə maddi zərərin nəticələrini öz əməyi ilə aradan qaldırmaq vəzifəsini qoymaq;

4) yetkinlik yaşına çatmayanları valideynlərinin və ya digər qanuni nümayəndələrinin nəzarətinə vermək;

5) 15 yaşından 18 yaşınadək olan yetkinlik yaşına çatmayanların öz qazancını və ya təqaüdünü müstəqil xərcləmək hüququndan məhrum edilməsi haqqında qəyyumluq və himayə orqanına təkliflər vermək;

6) böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cinayət məsuliyyətinə cəlb olunması üçün Azərbaycan Respublikasının cinayət qanunvericiliyi ilə nəzərdə tutulmuş yaş həddinə çatmamış, habelə müxtəlif hüquqpozmalara və əxlaqsız həyat tərzi keçirməyə görə daxili işlər orqanlarında profilaktiki qeydiyyatda olan, lakin islah olunması mümkün olmayan yetkinlik yaşına çatmayanları açıq tipli xüsusi təlim-tərbiyə müəssisəsinə göndərmək;

7) çətin tərbiyə olunan yetkinlik yaşına çatmayanları onların valideynlərinin və ya digər qanuni nümayəndələrinin razılığı ilə açıq tipli xüsusi təlim-tərbiyə müəssisəsinə göndərmək;

8) ağır və ya xüsusilə ağır cinayət törətmiş, lakin cinayət məsuliyyətinə cəlb olunması üçün Azərbaycan Respublikasının cinayət qanunvericiliyində nəzərdə tutulmuş yaş həddinə çatmamış yetkinlik yaşına çatmayanın qapalı tipli xüsusi təlim-tərbiyə müəssisəsinə göndərilməsi barədə məhkəmə qarşısında vəsatət vermək.

Açıq və qapalı tipli xüsusi təlim-tərbiyə müəssisələrinin fəaliyyətinin hüquqi əsasları Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Xəbərdarlıq etmək barəsində komissiyanın çıxardığı qərar 1 il müddətində qüvvədə qalır. Barəsində xəbərdarlıq intizam təsir tədbirinin tətbiq olunduğu yetkinlik yaşına çatmayan nümunəvi davranışı ilə, işə və təhsilə vicdanlı münasibəti ilə islah olunduğunu sübut edərsə, komissiya birillik müddət başa çatmamış həmin təsir tədbirini öz qərarı ilə ləğv edə bilər. Yetkinlik yaşına çatmayanlar barəsində seçilmiş intizam təsir tədbirləri bir nəticə vermədikdə, komissiya yetkinlik yaşına çatmayan şəxs barəsində daha ciddi intizam təsir tədbirləri tətbiq edə bilər. Bu tədbirlər də bir nəticə vermədikdə, törətdikləri əməllərə görə inzibati məsuliyyətə cəlb olunması üçün on altı yaşından on səkkiz yaşınadək olan yetkinlik yaşına çatmayanlar barəsində inzibati xətalar haqqında işlər baxılması üçün komissiya tərəfindən müvafiq dövlət orqanlarına geri qaytarılır.

Qeyd edək ki, üzr istəmək – şəxsin törətdiyi əmələ görə təqsirini (səhvini) etiraf etməsindən və bir daha bu cür əməl törətməyəcəyi barədə üzərinə öhdəlik götürməsindən ibarətdir. Xəbərdarlıq etmək – şəxsə onun əməli nəticəsində vurulmuş ziyanın, əməlin təhlükəlilik dərəcəsini və xarakterini izah etməkdən, eləcə də həmin əməlin təkrar törədiləcəyi təqdirdə onun barəsində daha sərt intizam təsir tədbirinin tətbiq ediləcəyinin xatırladılmasından ibarətdir. Nəzarətə vermək isə valideynlərin və ya digər qanuni nümayəndələrin üzərinə yetkinlik yaşına çatmayana tərbiyəvi təsir göstərmək və onun davranışına nəzarət etmək vəzifəsinin qoyulmasından ibarətdir.

 

Əgər valideyn valideynlik vəzifəsini yerinə yetirmirsə, ona qarşı hansı tədbirlər görülür?

Yetkinlik yaşına çatmayanların təlim-tərbiyəsi və saxlanması sahəsində öz vəzifələrini üzrlü səbəblər olmadan icra etməyən yaxud onların davranışına mənfi təsir göstərən valideynlər və ya digər qanuni nümayəndələr barəsində komissiyalar aşağıdakı intizam təsir tədbirlərini tətbiq edirlər:

1) xəbərdarlıq etmək;

2) yetkinlik yaşına çatmayanlar tərəfindən vurulan və 33 manatdan artıq olmayan məbləğdə maddi ziyanın ödənilməsini tələb etmək;

3) valideynlik hüququnun məhdudlaşdırılması və ya valideynlik hüququndan məhrum edilməsi yaxud övladlığa götürmənin ləğv edilməsi barədə məhkəməyə müraciət etmək;

4) hərəkətləri və ya davranışları ilə yetkinlik yaşına çatmayanın həyatını və ya səhhətini real təhlükə altında qoyduqda qanuni nümayəndələrindən yetkinlik yaşına çatmayanın dərhal alınması üçün qəyyumluq və himayə orqanına müraciət etmək.

Xəbərdarlıq etmək barəsində komissiyanın çıxardığı qərar 1 il müddətində qüvvədə qalır. Komissiya lazım bildikdə bu intizam təsir tədbirini birillik müddət başa çatmamış öz qərarı ilə ləğv edə bilər.

 

Əgər yetkinlik yaşına çatmayanın valideynləri boşanıblarsa, o zaman məsuliyyəti kim daşıyır?

Əgər uşağın valideynləri boşanıblarsa və uşaq, məsələn, anası ilə yaşayırsa, o zaman ayrı yaşayan ata da dəymiş zərərin ödənilməsində iştirak etməlidir. Məhkəmə atanı məsuliyyətdən azad edə bilər, əgər obyektiv səbəblərdən, məsələn, uzun sürən xəstəlik səbəbindən uşağın tərbiyəsində iştirak edə bilmədikdə və yaxud ananın təqsiri üzündən uşağı böyütmək imkanından məhrum olunmuşdursa və ana uşağı ataya göstərmək imtina edirsə və sairə bu kimi səbəblərdən. Lakin, bir daha vurğulamaq yerinə düşər ki, bu hallar, təbii ki, hələ sübuta yetirilməlidir və məhkəmənin buna münasibəti fərqli ola bilər.

Söz yox ki, bəzən uşaqlar arasında yaranan münaqişə onların valideynləri tərəfindən sülh yolu ilə həll olunur. Əgər hadisə təsadüfən baş veribsə, o zaman, sadə yolla, məsələn, səmimi üzr istəməkləqarşı tərəfi razı salmaq olar və bu hal çox vaxt kifayət edir və yaxud qismən kompensasiya ödəməklə məsələni həll etmək mümkün olur. Amma, hər bir halda, məsləhətdir ki, uşaq daim valideynin nəzarəti altında olsun və qanunazidd hərəkətlər etməsin.

 

Vəkillər Kollegiyasının üzvü, Vəkil Qumru Eyvazova




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir