menzil

Əmlak bazarında gözlənilməz qiymət artımının səbəbləri nələrdir?

Baxış sayı: 1. 670
“İlkin nəticələrə əsasən, yanvar ayında təkrar mənzil bazarında evlərin qiymətində 1.2-1.5 faiz nisbəti arasında bahalaşma müşahidə olunub”. Bunu Trend-ə Əmlak Ekspert Mərkəzinin direktoru Ramil Osmanlı deyib. R.Osmanlı qeyd edib ki, qiymət artımı gözlənilən olmayıb: “Çünki adətən yanvar ayında qiymət ya düşür, ya da stabilləşir. Amma bazarda bu dəfə aktivliyin azalması müşahidə olunsa da, əksinə qiymətlər artdı”. Ekspertin sözlərinə görə, qiymət artımı daha çox dəyəri 120 min manata qədər olan mənzillərdə müşahidə olunub. R.Osmanlı əlavə edib ki, ilkin mənzil bazarında isə qiymətlər stabil qalıb. Qeyd edək ki, 2017-ci ilin dekabr ayında da Bakıda mənzillərin qiymətində bahalaşma qeydə alınmışdı. Belə ki, təkrar mənzil bazarında qiymətlərdə ay ərzində artım 2.51 faiz təşkil etmişdi.
Bəs görəsən, bahalaşmanın səbəbləri nədir? Bazarda hazırkı vəziyyəti necə qiymətləndirilir? Ümumiyyətlə, qiymət artımı nə vaxta qədər davam edə bilər?
Məsələ ilə bağlı ekspert Ramil Osmanlının özü ilə əlaqə saxladıq. O qeyd etdi ki, bu bahalaşmanın ciddi əsaslandırması yoxdur: “Adətən il başlayan dövrlərdə bazarda qiymətlərin daha çox stabilləşməsi və yaxud azalması müşahidə olunub. Bu il isə tam əksinə olaraq, qiymətlər artıb. Amma bazarda ciddi dinamika müşahidə olunmur. Bu, orta qiymət artımıdır. Artımın da əsas səbəbi ötən ilin sonundan başlayaraq qiyməti nisbətən ucuz olan mənzillərə tələbatın çoxalmasıdır. Tələbin artması ilin sonuna qədər davam etdi. İlin əvvəlində tələb azalsa da, qiymət artımı davam edir. Amma yenə də qeyd edim ki, ciddi bir artım hesab olunmur və dinamik deyil. Əgər artım 5 faiz və daha böyük bir rəqəm olsaydı, bir qədər təəccüblü olardı. Bunun nə vaxta kimi davam edəcəyinə gəlincə isə deyə bilərəm ki, birinci rübün sonunda daşınmaz əmlak bazarında baş verən prosesləri təhlil edəndən sonra  hansısa nəticəyə gəlmək olar. İndidən bu barədə danışmaq çətindir. Çünki il hələ yeni başlayıb. Bazara ciddi şəkildə pul axını yoxdur. Pul axınının hansı səviyyədə olacağı, qısamüddətli və yaxud uzunmüddətli olacağı da dəqiq deyil. Amma hələlik konkret nə isə demək üçün çox tezdir. Hazırda mənzil bazarında təklif yüksək olaraq qalır. Tələb lazım olduğundan aşağıdır. Tələbin artması üçün isə müəyyən şərtlər olmalıdır. Bu, inzibati və iqtisadi səbəblərlə bilavasitə bağlıdır. İnzibati səbəblərə hökumət tərəfindən həyata keçirilən layihələr nəticəsində bazara pul axınının cəlb edilməsi daxildir. Şəhərsalma infrastrukturu ilə bağlı bəzi binaların sökülməsi nəticəsində, bazara ciddi pul axını cəlb edilir. Əslində, hər iki səbəb gözləniləndir. Çünki hazırda neftin qiyməti 70 dollar ətrafındadır. Hələ 2018-ci il başlamazdan əvvəl makroiqtisadi vəziyyətin müsbətə doğru dəyişəcəyinə dair proqnozlar verilib. Bu da özlüyündə inzibati amillərə təkan verəcək”.
Əmlak məsələləri üzrə ekspert Rəşad Əliyev bildirdi ki, bazarda aktivlik var: “Cüzi də olsa son 4-5 ay ərzində bazarda müəyyən canlanma müşahidə olunur. Bu da bir sıra amillərlə bağlıdır. Bu canlanmaya ilk növbədə mənzil təklifinin azalması təsir göstərir. Burada söhbət ucuz mənzillərin təklifindən gedir. Ucuz mənzillərin təklifinin azalması şəhərdə gedən söküntü işləri ilə bağlıdır. Ümumiyyətlə götürdükdə isə qiymət artımı bazarda baş verən texniki məsələlərlə bağlıdır. Ona görə də bu artımın uzunmüddətli davam etməsi üçün fundamental əsas yoxdur. Nəzərə almaq lazımdır ki, qiymət bahalanması müvəqqətidir. Əksər bahalı mənzillərin qiymətində isə ümumiyyətlə dəyişiklik yoxdur”.
Bazar araşdırmaçısı, əmlak məsələləri üzrə ekspert Vaqif Hüseynov deyir ki, ilin ilk rübündə belə bir artım Azərbaycan mənzil bazarı üçün xarakterik deyil: “Hər il dekabr ayından başlayaraq fevralın sonuna qədər əmlak bazarında durğunluq müşahidə olunur. İndi vəziyyət bir qədər fərqlidir. Əsas səbəblərdən biri ipoteka kreditlərinin faizlərinin aşağı salınmasıdır. Normalda faiz göstəricisi 8 idisə indi bu rəqəm 6-7-yə qədər düşüb. Bu proseslərin fonunda mənzil bazarında müəyyən canlanma yaşanır və qiymətlərdə artım olur. Son dövrlərdə bazarda vəziyyət bir qədər başqa cürdür. Qiymət artımının baş verməsi bir qədər fors-major olduğundan, bu barədə hər hansısa proqnoz vermək olmur. Verilən proqnozlar da səhv ola bilər. Çünki bu, planlı şəkildə olan və gözlənilən artım deyil”.
Şəbnəm Mehdizadə



Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir