menzil

Əmlak qiymətləri niyə kəskin şəkildə arta bilər?

Baxış sayı: 642

Son vaxtlar əmlak bazarında mənzillərin qiymətində artım müşahidə olunur. Bəzi insanlar qiymətlərdəki bu artımı Rusiyada baş verən hadisələrlə əlaqələndirirlər. Rusiyada səfərbərlik elan olunması ilə əlaqədar vətəndaşlar ölkəni tərk edir. Həmçinin Rusiyada yaşayan Rusiya vətəndaşı olan azərbaycanlıların da ölkəmizə geri qayıtmağa başlaması mümkündür.

 

İndiyə qədər də əmlak alırdılar

Əmlak eksperti Elnur Fərzəliyev deyir ki, Rusiyaya tətbiq olunan sanksiyalar orada yaşayan soydaşlarımıza da təsir etdi: “İndiyə qədər də Rusiyada yaşayan azərbaycanlılar qazandıqları pullara buradan daşınmaz əmlaklar alırdılar. Rusiya-Ukrayna müharibəsi başladıqdan və Rusiyaya tətbiq olunan sanksiyalardan sonra orada yaşayan soydaşlarımız müharibənin ilk aylarında gəlib Azərbaycanda çox sayda əmlaklarını satıb pulunu apardılar. Çünki orada yaşayan azərbaycanlıların böyük hissəsi ticarətlə, bizneslə məşğuldur. Bu sanksiyalar onların biznesinə də mənfi təsir göstərdi”.

Ruslardan da gələnlər var

Ekspert bildirdi ki, son proseslərdən sonra satışda olmasa da, kirayə qiymətlərində ciddi artım müşahidə olunur: “İndi Rusiyanı çox sayda insan tərk edir, bizim bəzi həmyerlilərimiz qayıdır, hətta ruslardan da gələnlər var. Amma bu hələ ki təsirini kirayə bazarına göstərib. Yeni tikilən binalarda olan evlərə tələbat çoxalıb, aylıq kirayə qiyməti 600 manatdan başlayır. Amma satış bazarında hələ ki vəziyyət olduğu kimidir. Çünki orada yaşayan azərbaycanlıların böyük əksəriyyətinin Azərbaycanın müxtəlif yerlərində əmlakları, torpaq sahələri var. İllər ərzində işləyib qazandıqlarını Azərbaycana yatırım ediblər”.

 

Daha çox təsir Türkiyə bazarınadır

E.Fərzəliyevin sözlərinə görə, Rusiyadakı proseslər Azərbaycan bazarından daha çox Türkiyəyə təsir etdi: “Ola bilər ki, bir müddətdən sonra bizdə də satışa tələbat artar. Amma hazırda Rusiyadakı proseslər daha çox Azərbaycanın yox, Türkiyənin daşınmaz əmlak bazarına təsirini göstərir. Müharibənin ilk günlərindən başlayaraq axın daha çox Türkiyəyə oldu. Avropa, Amerikada yaşayan rus vətəndaşları, iş adamları sanksiyalara görə bizneslərini Türkiyəyə köçürdülər. Bu günə qədər Türkiyədə turistik zonalardakı minlərlə daşınmaz əmlak ruslar tərəfindən alınıb. Türkiyənin əmlak sektoruna milyardlarla yatırım ediblər”.

Xaricdən gələnlər ancaq çıxarışlı mənzilləri ala bilirlər

Ekspertin fikrincə, rus vətəndaşlarının Azərbaycandan əmlak alması yalnız çıxarışı olan mənzillərdə mümkündür: “Hazırda Azərbaycana ajiotaj yarada biləcək alıcı kütləsi gəlməyib. Bizdə qiymətlər süni və yaxud təbii yolla arta-arta gedir. Bir tərəfdən bu da qiymətlərə təsir edəcək. Amma gələnlərin əksəriyyəti Rusiya vətəndaşı olduqlarından xarici vətəndaş sayılırlar. Qanunvericiliyin tələbi ilə istər ruslar, istərsə də Rusiyada yaşayan azərbaycanlılar əgər Rusiya vətəndaşıdırsa, onların Azərbaycandan daşınmaz əmlak alması üçün əmlakın çıxarışı olmalıdır. Yeni tikililərin bir hissəsində, fərdi həyət evlərinin çox hissəsində isə sənəd yoxdur. Ona görə onlar yalnız mərkəz ətrafındakı köhnə tikililər və çıxarışlı binalardan mənzil sahibi ola bilərlər”.

 

Real təsiri oktyabrın sonlarında hiss edəcəyik

Daşınmaz əmlak üzrə ekspert Ramil Osmanlı isə dedi ki, hazırda bazarda müşahidə edilən aktivlik mövsümlə bağlıdır: “Hələ ki Rusiyadakı proseslərin bizim əmlak bazarına təsiri aktiv şəkildə deyil. Rusiyada səfərbərlik yeni elan olunandan sonra insanlar hələ ki vəziyyətin hansı istiqamət üzrə inkişaf edəcəyini bilmirlər. Ümidlər var ki, vəziyyət müsbətə doğru dəyişsin və onlar geri qayıtsınlar. Rusiya faktoru ilə bağlı vəziyyəti oktyabrın sonlarına doğru təhlil edə biləcəyik. Bu tezlikdə aktivlik, dinamika müşahidə oluna bilməz”.

Əmlaka yatırımlar əvvəllər də olub

R.Osmanlı bildirdi ki, Rusiyada yaşayan azərbaycanlılar əvvəllər də zaman-zaman iqtisadi məqsədlərlə əmlaka yatırım edirdilər: “Rusiyada Azərbaycan vətəndaşları yaşayır ki, onların arasında Rusiya vətəndaşlığını qəbul edənlər də var. Eyni zamanda, Azərbaycan vətəndaşı kimi qalıb miqrant olaraq çalışanlar da mövcuddur ki, onlar da zaman-zaman Azərbaycandan investisiya məqsədli əmlaklar alıblar. Məsələn, aldıqları evi kirayə verib qazanıblar, yaxud bünövrəsi yeni qoyulmuş binadan mənzilləri ucuz alıb baha satıblar və s. Əvvəllər bu, sadəcə, iqtisadi faktorla bağlı məsələ idi. İndi iqtisadi tendensiya öz yerini başqa məsələlərə verib”.

 

Bizi böyük sürprizlər gözləyir

Ekspertin sözlərinə görə, ehtimal etmək olar ki, oktyabrın sonu əmlak qiymətləri bir az da artacaq: “Artıq Bakı küçələrində çoxsaylı rus vətəndaşlarını da görmək mümkündür. Heç vaxt Bakıda bu qədər rus görməmişik. Əgər oktyabrın sonu onların ev aldığı ortaya çıxsa, bizi böyük sürprizlər gözləyir. Bu zaman Azərbaycanda daşınmaz əmlakın qiymətində kəskin artım baş verə bilər. Amma bu, bir ehtimaldır. Proseslərin necə gedəcəyini indidən proqnozlaşdıra bilmərik. Bu ehtimalın özünü nə qədər doğruldacağı hadisələrin gedişindən asılı olacaq”.

 

Zərif Salmanlı




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir