1338549889_isterseniz-dogmayin-cocuklar

Məşhurlar neçə uşaq istəyir? – EKSKLÜZİV AÇIQLAMLAR

Baxış sayı: 2. 660

Bəs maraqlıdır, tanınmışlar necə düşünür – İdeal ailədə neçə uşaq olmalıdır. Onlar ailələrində neçə uşaq planlaşdırırlar? Məşhurlar bu barədə “Gencaile.az”ın sorğusuna cavablarında danışıblar.

Ədalət Şükürov, müğənni:

– Fikrimcə 3-5 arası ən ideal saydır.

Billurə Aslanqızı, telejurnalist:

– Böyüklərimiz deyir ki, bacıya bacı, qardaşa qardaş gərək. Yəni 2 oğlan, 2 qız. Amma dövrümüzdə Allahın  izni ilə hər paydan 1-i olsa – 1 oğul, 1 qız bəs edər məncə. Əsas sağlam və xeyirli olsun.

 Emil Bədəlov, müğənni:

– Mənim üçün say önəmli deyil. Allah nə qədər məsləhət etsə, o qədər.

Turanə Rəsulova, tibb işçisi:

– Məncə, bu, individual məsələdir, yəni ideal ailədə filan qədər uşaq olmalıdır fikri ilə razı deyiləm. Mən ailədə çox uşağı sevirəm. Lakin müasir dünyanın tələbləri buna imkan vermir. İstədiyim həyat şərtlərini tam təmin edə biləcəyim halda 2, əks halda 1 uşaqla kifayətlənməyi düşünürəm.

Yaşar Cəlilov, müğənni:

– Məncə, 2 uşaq bəs edər.

Nəsimi Nəbizadə, jurnalist:

– Mən məktəbdə oxuyanda qız sevirdim. Fikirləşirdim ki, 4 uşağım olmalıdı, ikisi qız, ikisi oğlan. Çünki uşaqların qoy dayısı da olsun, bibisi də, əmisi də, xalası da… Amma hələ də subayam.

Səidə Bəkirqızı, telejurnalist:

– Mən dörd övladımın olmasını istərdim. İki qız, iki oğlan. Məncə, ən ideal olan da elə bütün ailələr üçün budur.

Nurlan Əzizbəyli, müğənni:

– Məncə, iki uşaq ən ideal variantdır.

Fərda Xudaverdiyev, aktyor:

– Bəndənin istəməsi heç nəyi həll etmir ki… Təki Allah izn versin, nə varsa min bərəkət. Allah olmayanlara qismət etsin İnşallah.

Təranə Anka, radio aparıcısı:

– Əslində, indiki dövrdə təkcə istəməklə yox, daha çox maddiyyatla bağlıdır  hər şey. Maddi durum yaxşı olarsa, 3 uşaq olması yaxşıdır, hətta 4 uşaq da ola bilər. Yox, çətinlik varsa, 1 və ya 2 uşaq kifayətdir. İdeal ailədə isə uşaqların gələcəyini təmin edə biləcək qədər uşaq olmalıdır.

Əsəd Qaraqaplan, yazar:

–  Həmişə istəmişəm 4 uşağım olsun: 2 oğlan, 2 qız. Oğlanların bacısı olduğu kimi qardaşı da olsun, qızların da qardaşları olduğu kimi bacısı olsun. Bu, həm də mənim üçün sanki bir ilahi bərabərlik və həyatımın 4 sütunu şəklində olub həmişə. Ancaq uşaqlıq xəyallarını itirmiş, evlənmək belə istəməyən biri üçün çətin məsələdir bu…

Hacıbəy Heydərli, jurnalist, azxeber.com saytının baş redaktoru:

–  Məncə, ideal ailədə 2 və ya 3 uşaq olmalıdır. Ancaq ideal ailə uşağın sayına baxmır, əsas qarşılıqlı anlayışdır. Əgər ərlə həyat yoldaşı anlaşırsa, uşağın sayının o qədər də əhəmiyyəti olmaz. Özümə gəlincə istəyərəm gələcək də 2 övladım olsun, 3 olsa da pis olmaz.

İlham Kərimli, rəqqas:

– Məncə, ailədə ideal uşaq sayı ən azı 2  və ya 3-dür.

Zəhra Osmanova, teleaparıcı:

– İmkan olan yerdə çox uşağın olması yaxşıdır. İndiki zamanda maddiyyat baxımından çox uşağın olmasına yer verilmir, əlbəttə ki, bu da alqışlanası hal deyil. Ancaq mən valideynləri də yaxşı anlayıram. Ana əziyyət çəkir, 9 ay bətnində uşaq gəzdirir, sonda dövlət tərəfindən ona 93 manat birdəfəlik müavinət verilir. Digər ölkələrdə isə hər uşağa görə 10 minlərlə pul verilir. Bundan sonra kim çox uşaq istəyər ki – indi hər addım puldur.

 Hazırladı: Səbinə Məmmədova

 




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir