turşular, ailə

Evdə bağlanan turşular niyə təhlükəlidir?

Baxış sayı: 2. 491
Daxili İşlər Nazirliyinin yaydığı məlumata görə, Saatlı rayonunun Şirinbəy kənd sakinləri Elimnaz Səfərova, oğlanları Qurban, Namiq, qızları Səltənət, Həqiqət, nəvələri Vüsalə və Gülsüm evlərindən pomidor turşusundan zəhərlənmə ilə əlaqədar xəstəxanaya gətiriliblər. Pomidor turşusundan zəhərlənmənin, xüsusən, azyaşlılar Vüsalə və Gülsümə pis təsir göstərdiyi bildirilir. Qeyd edək ki, pomidor turşusundan zəhərlənmə ölkəmizdə hər il qeydə alınır və təəssüf ki, bir çox hallarda ölümlə nəticələnir. Bu cür hadisələrin qışda daha çox baş verməsi onunla bağlıdır ki, insanlar yay fəslində tutduqları turşuları daha çox qış fəslində istifadə edirlər…
Yeri gəlmişkən, turşunun tarixi ilə bağlı maraqlı məlumatı diqqətinizə çatdırmaq istərdik. Deyilənə görə, turşu tutmaq ideyası ilk dəfə soyuq ölkələrdə gündəmə gəlib. Bu da onunla bağlı olub ki, həmin bölgələrdə qış fəslində təbii meyvələr əldə etmək o dövrdə qeyri-mümkün olduğundan insanlar turşu tutmaqla bu boşluğu doldurmaq qərarına gəliblər. Bu təklif özünü doğruldub və həmin ölkələrdə yaşayanlar qablaşdırılmış meyvə-tərəvəzlərlə öz istəklərini reallaşdıra biliblər. Zaman keçdikcə turşu bağlama ənənəsi digər ölkələrdə, o cümlədən Azərbaycanda da geniş yayılıb. Əslində isə Azərbaycan kimi əlverişli iqlimə və coğrafi mövqeyə sahib ölkələrdə turşu tutma məcburiyyəti yoxdur. Çünki ilin hər fəslində istənilən meyvə-tərəvəzi almaq, əldə etmək mümkündür. Bundan başqa, geni dəyişdirildiyindən hazırda dünyanın ən ucqar yerlərində belə təbii meyvə-tərəvəz almaq olar.
Qeyd edək ki, bazarlarda da insan orqanizmi üçün zərərli ola biləcək turşular satılır. Azad İstehlakçılar Birliyinin (AİB) sədri Eyyub Hüseynov qəzetimizə açıqlamasında hələ bir müddət öncə bildirmişdi ki, Bakıda və rayonlarda bazarlarda şorabalar ağzıaçıq şəraitdə satılır. Eyyub Hüseynovun “Zaman-Azərbaycan”a verdiyi məlumata görə, belə şorabalar şirkətlərin istehsal etdiyi məhsullardan da təhlükəlidir.
Onun sözlərinə görə, kustar üsulla hazırlanmış şorabaları satanlar məsuliyyət hiss etmirlər: “Bu da onunla bağlıdır ki, həmin məhsulların saxlanıldığı qabların üzərində onu hazırlayanın nə adı var, nə də ünvanı. Bizdə məlumat var ki, şorabaların saxlanıldığı plastik qabları zibilliklərdən, natəmiz yerlərdən yığırlar”.
Evlərdə hazırlanan turşulardan zəhərlənmə ona görə baş verir ki, insanlar normalara əməl etmirlər. Bəzən bu barədə söz düşəndə deyirlər ki, “guya 30-40 il öncə ağbirçəklər turşu bağlamırdımı, onda niyə zəhərlənmə baş vermirdi”. Belələrinə demək lazımdır ki, elə o vaxt da turşudan zəhərlənmələr olurdu, amma o zaman tibb elmi bu qədər inkişaf etmədiyi üçün insanların qəfil dünyadan köçməsinin səbəbinin turşudan zəhərlənmə olduğu bilinmirdi. Bundan başqa, o dövrdə informasiya texnologiyaları indiki qədər inkişaf etmədiyi üçün baş verən bu cür hadisələr ictimailəşmirdi. Nə isə. Reallıq ondan ibarətdir ki, kim necə gəldi turşu qoyur. Toksikoloqların açıqlamasına görə, əgər pomidor turşusunun balonunda bircə pomidor çürük olsa, bu, ölüm deməkdir. Həmçinin turşu hazırlanarkən təkcə məhsulun özü deyil, onun bağlanacağı qab da bir neçə dəfə təmiz-təmiz yuyulmalıdır. Turşu qoyduqdan sonra onu nəzarətdən kənarda qoymaq olmaz. Belə ki, turşuların saxlandığı qabın qapağına daimi nəzər yetirilməli, qapaqları paslanmış, şişmiş turşular heç bir halda istifadə edilməməlidir. Yoxsa zəhərlənmə təhlükəsi qaçılmaz ola bilər. Bəzi ailələr isə turşunu açıb bir hissəsini istifadə edir, qalanını isə atmırlar ki, heyifdir. Bu zaman da zəhərlənmə baş verə bilir. Həmin turşudan istifadə edən insanın orqanizmi mikroba dözümlüdürsə, o, ölümdən xilas ola bilir, amma zəifdirsə, zəhərlənmə ölümlə nəticələnir.
Gigiyena və Epidemiologiya Mərkəzinin şöbə müdiri İmran Abdullayev deyir ki, turşudan istifadə edən hər bir insan diqqətli olmalıdır: Ev şəraitində hazırlanan konservləşdirilmiş məhsullar azyaşlı uşaqlardan, yaşlı insanlardan, hamilə qadınlardan uzaq saxlanılmalıdır. /”Zaman Azərbaycan”/



Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir