virus

Ölkəni bürüyən qorxulu virusdan necə qorunmalı?

Baxış sayı: 1. 794
Son günlər Bakıda  və rayonlarda əhali arasında sürətlə yayılan kəskin qrip virusu artıq hər kəsi narahat edir. Müşahidələr göstərir ki, bu virus adi qriplərdən ağırlıq dərəcəsi ilə xeyli fərqlənir. Xəstəlik daha çox qızdırma, qusma, bel və kürək nahiyəsində ağrılar, kəskin öskürəklə müşayiət olunur. Bəs bu qrip böyüklər və uşaqlar üçün nə dərəcədə təhlükəlidir?  Ondan hansı yollarla qorunmaq olar? Xəstələnmiş insanlarda müalicə necə aparılmalıdır? 
 
Tibb elmləri doktoru Adil Qeybulla bildirdi ki, bu cür qrip virusları artıq hər il yayılır və fərqli şəkildə özünü göstərir: “Yeni yayılan virusun H3N2 olması hələ dəqiq deyil, ancaq ehtimal olunur. Əvvəla, bu virus A qrupu viruslarına aiddir və kifayət qədər təhlükəlidir. Virus həyatın qeyri-hüceyrəvi formasıdır. O regenerasiya edərək xassəsini dəyişir və dərmanların bəzən effekti olmur. Viruslar bu xassələrinə görə daim dəyişirlər. Ona görə də hər il peyda olan qrip virusları özlərini müxtəlif cür aparırlar. Zamanında ispan qripi, donuz qripi xeyli insan tələfatı ilə müşahidə olunmuşdu. Bu gün buna daha çox mövsüm qripi demək olar. Artıq insanların xeyli hissəsini əhatə edib. Qripin bu forması demək olar ki, hər il peyda olur. Bununla yanaşı nəzərə almaq lazımdır ki, yuxarı tənəffüs yollarında xeyli infeksiyalar var. Bunlar adnaviruslar, paraviruslardır. Onlar özləri də qrip əlamətləri ilə müşahidə olunan yuxarı tənəffüs yollarının iltihabına səbəb olurlar. Buna kəskin respirator xəstəlik və soyuqdəymə xəstəliyi də deyilir”.
 
H3N2 virusuna gəlincə, tibb  elmləri doktoru diqqətə çatdırdı ki, bu A qrupu viruslar içərisində kifayət qədər narahat virusdur: “H3N2 fəsadlaşmağa meyilli, yuxarı tənəffüs yollarında iltihaba, pnevmaniya və digər orqanların zədələnməsinə səbəb olan xəstəlikdir.  Ona görə də bu virusla yoluxan şəxslər bir çox qaydalara riayət etməlidir. İlk növbədə xəstəliyin yayılmaması üçün tibbi maskalardan istifadə etməlidir. Xəstə şəxslər dərhal yataq rejiminə keçirilməlidir. Müvəqqəti olaraq işə və ya dərsə getməməlidir. Bundan başqa çoxlu maye qəbul etməli və hərarəti nəzarətdə saxlamalıdır. Daha sonra həkim nəzarətində olmaq lazımdır.  Bizim insanlar qrip zamanı daha çox antibiotiklərdən istifadə edirlər. Bu, qətiyyən yolverilməzdir. Antibiotikin virusa qarşı təsiri ümumiyyətlə yoxdur. Sadəcə olaraq, antibiotik immun sistemini daha da zəiflədir. Antibiotik o halda istifadə edilməlidir ki, artıq ağırlaşma var, pnevmaniya var, bakteriyalar fəallaşıb. O halda antibiotik istifadə etmək olar. Antibiotikin hədəfi virus deyil, bakteriyalardır. Ona görə də insanların aptek şəbəkələrindəki müxtəlif dərmanlardan istifadə etmələri məqsəduyğun deyil. Yalnız Parasetamol, Anti-Qrip, Qrip Hot və sair bu kimi tərkibli dərmanları həkim tövsiyəsi ilə qəbul etmək olar”.
 
Adil Qeybulla qeyd etdi ki, bu virus uşaqlar üçün daha təhlükəlidir: “Uşaq orqanizmi daha reaktiv olduğu üçün bu proses yüksək hərarətlə müşayiət olunur. Hərarətin çox yüksək olmasına qətiyyən yol vermək olmaz. Bu zaman uşaqlarda qıcolma əmələ gələ bilər və onun izi qalar. Ona görə də uşaq orqanizminin özəlliyini nəzərə almaq lazımdır. Uşağa çoxlu maye qəbul etdirmək lazımdır. Hərarətə ciddi nəzarət etmək, vitaminlər vermək, pediatrların tövsiyələri əsasında müəyyən möhkəmləndirici dərman preparatlarından istifadə etmək lazımdır”.
Səhiyyə Nazirliyinin baş epidemioloqu İbadulla Ağayev isə mətbuata açıqlamasında bildirib ki, ölkədə yoluxucu xəstəliklərə qarşı bütün zamanlar üçün qabaqlayıcı tədbirlər görülür: “Əgər hər hansı bir xəstəliyin kütləvi yayılması baş verərsə, qarşısını almaq mümkündür. Bu gün ölkə ərazisində kəskin respirator xəstəliklər, o cümlədən qripə yoluxma ilə bağlı epidemioloji baxımdan narahatedici vəziyyət yoxdur”.
Tibb ekspertləri isə əhalini diqqətli olmağa, ictimai yerdə tibbi maskadan istifadə etməyə və gigiyenik təmizliyə ciddi riayət etməyə səsləyirlər. Həmçinin orqanizmin immunitetini gücləndirən qidalardan istifadəni məsləhət görürlər.
 
Nərgiz LİFTİYEVA



Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir