usaq

Uşaq ombudsmanına ehtiyac varmı?

Baxış sayı: 1. 500

10 yaşlı Nuray Bayramzadənin başına gələnlərdən sonra uşaqların hüquqlarının qorunması, Uşaq hüquqlarının müdafiəsi üzrə Ombudsmanın yaradılması məsələsi yenidən gündəmə gəldi. Zaman-zaman bu məsələ qaldırılsa da öz həllini tapmayıb. Uşaq hüquqlarının pozulması faktlarının nəticəsidir ki, Azərbaycanda uşaq ombudsmanı təsisatının yaradılması məsələsi müzakirə olunmaqda davam edir.
Ombudsman Aparatının Aparat rəhbəri Aydın Səfixanlı bildirib ki, Azərbaycanda uşaq ombudsmanı təsisatının yaradılması məsələsi gündəmdə deyil. Uşaq ombudsmanı təsisatının yaradılması məsələsinin dəfələrlə qaldırıldığını deyən A.Səfixanlı bu gün bu yeni təsisatın yaranması məsələsinin gündəmdə olmamasının səbəbini də açıqlayıb.

Səfixanlı hesab edir ki, hazırda Ombudsman Aparatı uşaq hüquqlarının müdafiəsi sahəsində tam, əhatəli şəkildə fəaliyyət göstərir. Buna görə də xüsusiləşmiş yeni qurumun yaradılmasına ehtiyac yoxdur: “Əvvəllər bir çox ölkələrdə xüsusiləşmiş uşaq obmudsmanları var idi. Amma daha sonra gördülər ki, bu işlərin bir ombudsman tərəfindən həyata keçirilməsi daha səmərəlidir. Ona görə, onlar da mərkəzləşdirilmiş ombudsman təsisatına üstünlük verdilər. Çünki bəzən bir hüququn pozulma səbəbi digər hüquqların pozulması ilə qarşılıqlı əlaqədə olur. Ona görə də uşaq ombudsmanları digər sahələrə müdaxilə edə bilmirlər. Amma bu gün ümumi ombudsman uşaq hüquqları üzrə beynəlxalq sənədlərdə təsbit olunmuş hüquqları tam və geniş şəkildə müdafiə edə bilir”,-deyən A.Səfixanlıya görə, bu gün Azərbaycan ombudsmanının malik olduğu səlahiyyətlər uşaq hüquqlarının daha səmərəli müdafiəsinə imkan verir.

Hüquqşünas Aynur Musayevanın bildirdiyinə görə, hal-hazırda uşaqların mənafeyi ilə bağlı məsələlərin həlli zamanı bir sıra hallarda məhkəmə və ibtidai istintaq orqanları yerli icra hakimiyyəti orqanlarının nəzdində fəaliyyət göstərən qəyyumluq və himayəçilik orqanlarına müraciət edir: “Belə ki, hazırda uşaq hüquqlarının müdafiəsini daha da təkmilləşdirmək məqsədilə Uşaq hüquqları üzrə müvəkkilin – Uşaq hüquqları üzrə Ombudsman institutunun – yaradılması məqsədəmüvafiqdir. Bu kimi institutun yaranması müvafiq qanunun qəbul edilməsi yolu ilə uşaqların hüquqların müdafiəsi sahəsində konkret normaların müəyyənləşdirilməsi, uşaqların mənafeyinin qorunması proseslərinin prosedur qaydalarının konkretləşdirilməsi, nəticədə uşaq hüquqlarının daha yüksək səviyyədə təmin olunması ilə nəticələnəcək”.

A.Musayeva qeyd edib ki, qüvvədə olan “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikasının Qanunu Uşaq Hüquqları Bəyannaməsinə, Uşaq Hüquqlarına dair Konvensiyaya və digər beynəlxalq hüquq normalarına uyğun olarqaq Azərbaycan Respublikasında uşaqların hüquqlarını və azadlıqlarını, uşaqlar barəsində dövlət siyasətinin əsas prinsiplərini müəyyən edir: “Uşaq hüquqları üzrə Ombudsman institutunun yaradılması qeyd olunan qanunun daha geniş tətbiqinə şərait yaradacaq”.

Onun fikrincə, Uşaq hüquqları üzrə Ombudsman institutu çərçivəsində məqsədli uşaq sosial proqramları işlənilə və tətbiq oluna bilər. “Uşaq hüquqları üzrə Ombudsman tərəfindən “Uşaq hüquqları” haqqında Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş uşağın yaşamaq, normal şəraitdə fiziki, əqli və mənəvi cəhətdən inkişaf etmək,  humanizm və əxlaqi prinsiplər əsasında tərbiyə almaq hüququ, azadlıq və şəxsi toxunulmazlıq hüququ kimi hüquqların təmin olunması üçün konkret hüquqi mexanizmlər yaradıla bilər. Uşaq ombudsmanı tərəfindən həmçinin hərbi əməliyyatlar zonasında yaşayan və ya onların təsirinə məruz qalan, qaçqın və ya məcburi köçkün olan uşaqların, habelə yetim uşaqların, natamam (valideynlərdən biri olmayan), aztəminatlı ailələrin uşaqlarının, şəhid uşaqlarının müdafiəsi sahəsində xüsusi proqramların yaradılması və tətbiqi mümkündür”.

Musayevanın dediyinə görə, uşaqların baxımsızlığı, uşaq hüquq pozuntularının profilaktikası sahəsində tədbirlərin görülməsi də Uşaq huquqları üzrə Ombudsmana tapşırıla bilər: “İnternat müəssisələrinin məzunlarının və sağlamlıq imkanları məhdud uşaqların müdafiəsi sahəsində mövcud problemlər də Uşaq huquqları üzrə Ombudsman institutunun yaradılması yolu ilə öz həllini tapa bilər”.

Qeyd edək ki, bir çox xarici ölkələrdə Uşaq hüquqlarının müdafiəsi üzrə Ombusman fəaliyyət göstərir. Məsələn, Rusiya və Estoniya kimi ölkələrdə uşaqların hüquqlarını müdafiə edən Ombudsman təsisatı məsələsi öz həllini tapıb.

Hüquqşünas Vüqar Səfərlinin dediyinə görə, Azərbaycanda uşaq hüquqları ilə məşğul olan çoxsaylı hökumət qurumları olmasına baxmayaraq, küçələrdə yaşayan yüzlərlə uşaq himayə edilmir. “Bunun səbəbləri arasında ölkədə fəaliyyət göstərən cəmi bir neçə reabilitasiya mərkəzinin bu cür uşqalarla az-az təmasda olmasıdır. Toplanmış məlumatların təhlili göstərir ki, uşaqların küçələrdə yaşama səbəblərindən birincisi təəssüf ki, yoxsulluq, kasıbçılıqdır. İkinci çox yayılmış bir səbəb, ailədə çox uşağın olması və hansısa uşağın baxımsız, diqqətdən kənarda qalmasıdır” deyən hüquqşunasa görə, digər səbəb regionlardan uşaqların Bakıya axınıdır. Onun bildirdiyinə görə, bu uşaqlar Bakıda əksər hallarda dilənçiliyə sövq edilir və ya digər sahələrdə əməyin istismarı həyata keçirilir. “Yaxud da ailələrinə kömək üçün könüllü olaraq müxtəlif işlərlə məşğul olurlar. Azərbaycanda mövcud olan və uşaqlarla birbaşa təmasda olan icra hakimiyyətləri yanında yetkinlik yaşına çatmayanların hüquqlarının müdafiəsi üzrə komissiyalar keçmiş Sovet İttifaqından qalan qurum olduğu üçün müasir dövrdə fəaliyyətlərini tam qənaətbəxş hesab etmək çətindir. Digər tərəfdən uşaq sığınacaqlarının da sayı azdır. Buna görə də Azərbaycanda xüsusiləşmiş uşaq ombudsmanının olmasını təqdirəlayiq hal hesab edirəm”.

Psixoloq Vəfa Rəşidova bizimlə söhbətində bildirib ki, Uşaq huquqları üzrə Ombudsman institutu bizdə də yaradılmalıdır: “Uşaqların hüquqlarının qorunması vacibdir. Belə qurum yaradılsa belə, onun fəaliyyəti barədə uşaqlar maarifləndirilməlidir. Bu kimi qurumun yaradılması uşaqların hüquqlarının müdafiəsinə xidmət edəcək ki, bu da uşaqlarda özgüvən hissinin artmasına xidmət edəcək. Çünki uşaqlar artıq öz hüquqları barədə daha ətraflı biləcək. Uşaqların dövlətinə hörməti daha çox olacaq. Uşaqlar biləcək ki, onun dövləti, milləti onların hüquqlarını düşünür və bu onlarda vətənə bağlılığı, vətənə sevgini artıracaq”.

Dediyinə görə, bizim cəmiyyətdə şiddətə məruz qalan uşaqlar həddindən artıq çoxdur: “Uşaq huquqları üzrə Ombudsman institutunun yaradılması çox önəmlidir. Bu, psixoloqlar üçün də sevindirci hal olardı. Çünki psixoloqlar valideynlərlə çalışarkən çox əziyyət çəkir, çünki uşaqlar hədsiz dərəcədə çox şiddətə məruz qalırlar. Uşaqların şiddətlə üzləşdikdə müraciət edəcəkləri yer az olur. Həm də bununla bağlı maarfiləndirmə də zəifdir. Uşaqlar hara müraciət edəcəyini bilmirlər. Təbii ki, Uşaq huquqları üzrə Ombudsman institutu yaradılsa, uşaqlar hara və necə müraciət edəcəklərini biləcəklər”.
Həmsöhbətimiz bildirib ki, valideynlər öz əsəblərini, gərginliklərini uşaqlardan çıxırlar: “Biz bunu korreksiya edənə, daha doğru istiqamətə yönləndirənə qədər müəyyən zaman alır. Bu, çətin bir prosesdir. Uşaqların hüquqları ilə bağlı maarifləndirilmiş valideynlər uşaqların hüquqlarını bilib övladlarına qarşı daha yaxşı davranar”.

Aynurə MƏMMƏDOVA




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir