Uşağın immunitetini necə gücləndirək? – Analar üçün!

Baxış sayı: 2. 496

Düzgün qidalanma, yuxu, istirahət, fiziki hərəkətlər…

Əgər uşağınızın immunitetinin zəif olması əlamətlərini görmüş olsanız həkim-immunoloq məsləhətindən istifadə edin. Həkim zəif immunitetin səbəblərini müəyyən edərək lazım gələrsə müvafiq müalicə kursu təyin edə bilər.

Bir çox hallarda xüsusi müalicənin təyin edilməsinə heç bir ehtiyac olmur, sadəcə olaraq, uşağa savadlı qulluq etmək lazım gəlir. Belə qulluqlarla biz sizi aşağıdakı bölmədə tanış etməyə calışacağıq.

Düzgün qidalanma

Bu haqda danışarkən ən sadə məsləhətlərdən başlayaq. Uşağın immun sisteminin normal şəkildə olması üçün tam və keyfiyyətli qidalanmanın əhəmiyyəti böyükdür. Düzgün olmayan, natamam dəyərli və qeyrirasional qidalanma uşagın immun sisteminə xeyli dərəcədə zərər verir.

Uşağın qidası tərkibinə görə tam dəyərli (zülallar, yağlar, karbohidratlar, vitamin və mikroelementlərlə kifayət qədər zəngin) olmalıdır. Zülalların tərkibində olan amin turşuları immun sisteminin yuksəlməsinə xeyli dərəcədə müsbət təsir edir. Buna görə də uşağın qida rasionu kifayət qədər ət, balıq, toyuq, yumurta, süd məhsulları ilə zəngin olmalıdır. Uşaq orqanizmi üçün yalnız heyvani zülallar deyil, bitki tərkibli zülallar da (noxud, lobya, paxlalı bitkilər) vacib hesab edilir. İmmun sistemi zəif olan uşaqlara ən azı həftədə bir dəfə olmaqla paxlalı bitkilərdən hazırlanmış qidalar vermək lazımdır.

İmmun sisteminin normal şəkildə fəaliyyət göstərməsi üçün daha vacib hesab edilən vitaminlər A, C, E, B və D qrupu vitaminləridir.

Vitamin A-nın mənbəyi hesab edilən qida maddələri: kök, kahı yarpağı, kələm, balıq yağı, böyrək, qaraciyər, dəniz balıqlarının qaraciyəri, yumurta sarısı, kərə yağı, qaymaq və s.

A vitamini orqanizm tərəfindən E və S vitaminləri ilə birlikdə daha yaxşı mənimsənilir. Buna görə də mütəmadi olaraq uşaqlar üçün bitki yağı (vitamin E) əlavə edilmiş və üzərinə bir qədər limon şirəsi (vitamin S) sıxılmış kök, kələm, kahı yarpağı salatları hazırlamaq məsləhət görülür.

Vitamin S – soyuqdəymə ilə əlaqədar olan xəstəliklərə qarşı mübarizədə orqanizmə kömək edir; məsələn, KRVX-nin ilkin dövrlərində C vitamininin qəbul edilməsi orqanizmin sağalmasına, daha ağır formalara keçməməsinə kömək edir. C vitamininin əsas mənbələri kimi, sitrus meyvələri, itburnu, kələm, pomidor, qara qarağat, qırmızı istiot və s. qeyd etmək olar.

Vitamin E – orqanizmə mikroblardan, viruslardan, hətta xərçəng xəstəliyindən qorunmaqda kömək edir. E vitamini xeyli miqdarda qaraciyər, yumurta sarısı, kahı yarpaqlarında, günəbaxan, zeytun, qarğıdalı yağlarında, təzə cücərdilmş buğdada, qarabaşaq (“qreçka”), düyü və digər yarmalarda var.

Vitamin B1. Orqanizmində bu vitamin çatışmazlığı olan uşaqlar ağlağan, hirsli, dəcəl olur, tez-tez baş ağrılarından, ümumi zəiflikdən şikayət edirlər. Sinir sistemi zəif olan uşaqların immun sistemi də zəif olur. Buna görə də uşaqların qida rasionunda B1 vitamini ilə zəngin olan qida məhsullarının (“qerkules”, lobya, paxlalı bitkilər, qoz, fındıq, araxis, kartof, qaraciyər, böyrək) olmasına fikir vermək lazımdır.

Vitamin B2. Bu vitamin çatışmazlığında da immunitet zəifləyir, müxtəlif mədə və bağırsaq xəstəlikləri baş verir. Tərkibində vitamin B2–nin olduğu əsas qida məhsulları: kələm, təzə lobya, alma, qaraciyər, yaşıl noxud, pomidor, cücərdilmiş buğda, yumurta, süd və süd məhsulları, mal əti. Yadda saxlamaq lazımdır ki, vitamin B2 işıqdan “qorxur” – süd və süd məhsulları 2 saat ərzində günəş şüaları altında saxlanılarsa, qıcqıraraq tərkibində olan B2 vitaminini də itirir.

Vitamin B6 da immun sisteminin normal fəaliyyəti üçün vacibdir. Bu vitaminə qara çörək, ət, balıq, yumurta sarısı, süd, qaraciyər, yarmaların tərkibində də rast gəlinir.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir