əhər həyatı, stressli yaşam özümüzə vaxt ayırmağa imkan vermir. Xüsusilə də, qaçhaqaçlı, ağır iş günündən sonra görüş varsa, buna çatmaq qeyri-mümkün kimi görünür. Evə getməli, geyinməli və görüşə uyğun makiyaj etmək vaxt ala bilər. Amma səhər evdən çıxarkən düzgün texnika ilə makiyaj etsəniz nə ofisə böyük makiyaj çantası daşımaq məcburiyyətində qalarsınız, nə də ki, görüşə gecikərsiniz. Bu dəfə sizi nəzərə alıb işinizi asanlaşdırmaq üçün gündüz makiyajını gecə makiyajına asanlıqla çevirməyin üsulunu paylaşırıq.
Makiyajınızın altından yaxşı bir baza istifadə edin
Makiyajın gün boyu uzun müddət qalıcılığını təmin edən ən vacib faktorlardan biri təbii ki, yaxşı bir bazadır. Yaxşı təmizlənmiş, nəmləndirilmiş, sağlam dəriyə edilmiş makiyaj günün istənilən anında sizin ehtiyaclarınıza cavab verəcək. Bu proseslərdən sonra isə həm makiyajın dəridə yaxşı yayılması, həm də uzun müddətli olması üçün makiyaj bazasını tətbiq edə bilərsiniz. Əgər göz makiyajınızı daha cəlbedici etmək istıyirsinizsə, göz bazasını da unutmayın.
Uzun müddət qalıcı olan tonal kremə yatırım edin
Tonal kreminizi yalnız örtücülüyünə görə seçsəniz, onun gün boyu dərinizdə qalması şübhə altındadır. Düzgün tərkibə üstünlük versəniz səhər çəkdiyiniz tonal krem saatlarla qüsursuz formada dərinizdə qalacaq. Gün ortasında ya da axşam makiyajınızı 0-dan etmək istəmirsinizsə, tonal krem alarkən qalıcılığı yüksək olan tonal kremə üstünlük verin.
Makiyajınızı sabitləməyi unutmayın
Makiyajınız hazır olduqdan sonra onu kirşanla sabitləyin. Kirşanlar nəm və krem tərkibli tonal kremlərə yaxşı yapışır, dəridən ifraz olunan yağların da makiyajı dağıtmasının qarşısını alır. Bu prosesdə sizə silikon bazalı, transparan sabitləmə kirşanlarını məsləhət görürük. Belə kirşanlar bütün makiyajınızın qüsursuzluğunu və təzəliyini qorumağa kömək etməklə yanaşı, digər kirşanlar kimi, mat və donmuş təsiri vermir. Əgər sabitləmə prosesində kirşanlardan istifadə etmək istəməsəniz, sabitləyici spreylərdən də istifadə edə bilərsiniz.
Dərinizi nəmə həsrət qoymayın
Makiyajı qalıcı etmək üçün gün ərzində qat-qat məhsul tətbiq etmək dəridə quruluq yarada bilər. Bunun əvəzinə, gün ərzində makiyajınızı nəmləndirici spreylərlə yeniləsəniz yorulan dəriniz rahatlayar, canlanar. Nəmləndirici spreyi özünüz də hazırlaya bilərsiniz. Hər hansı bir sprey şüşəsinin içində su ya da ilıq bitki çayı tökün, sonra sevdiyiniz hər hansı bir təbii yağdan bir neçə damcı əlavə edib qarışdırın. Evdən çıxmadan öncə çantanıza qoyana qədər soyuducuda saxlayın. (Foxy.az)