valideyn

Övladınızın düzgün tərbiyəsi üçün 25 vacib tövsiyə

Baxış sayı: 1. 944

“Uşağı inkişaf etdirmək lazımdır. Ona görə yox ki, o vunderkind olacaq. Əsas məsələ uşağın xoşbəxt böyüməsidir”.

Bu sözlər Soni şirkətinin qurucularından olan Masaru İbukanın “Üçdən sonra gecdir” adlı araşdırmasından bir parçadır. Uşaq psixologiyası və pedaqogikası ilə dərindən məşğul olan M.İbuka araşdırmasında uşağın erkən inkişafının metodologiyasını təqdim edib.

O bildirir ki, uşağın erkən inkişafının əsas məqsədi xoşbəxt uşaq tərbiyə etməkdir. Uşağa yaxşı musiqi dinlədilməsi, ya da xarici dil öyrədilməsində məqsəd linqivist, ya da musiqiçi böyütmək deyil. Əsas məqsəd uşağı mümkün qədər yaxşı tərbiyələndirmək, onun daha xoşbəxt inkişafına çalışmaqdır.

“Gencaile.az” “Publika.az”-a istinadən Masaru İbukanın “Üçdən sonra gecdir” adlı kitabından tərbiyə üçün əsas məsləhətləri təqdim edir:

1. Uşağı bəşəriyyətin ən yaxşı nailiyyətləri ilə əhatə edin. Klassik musiqiyə qulaq asın, incəsənət əsərləri göstərin, bədii ədəbiyyat oxuyun.

2. Uşağı tez-tez qucağınıza götürün. Toxunulmaqla duyulan ünsiyyət uşağın əqli inkişafında böyük rol oynayır.

3. Uşaqla körpə kimi danışmayın. Uşaq doğulandan onunla böyük kimi danışın.

4. Hər gün uşaqla məşğul olun. Hətta gündə bir dəfə məşğul olmağınız belə maraqlı nəticələrə səbəb ola bilər.

5. Uşağın yanında dava etməyin. Belə olduqda uşağınız neqativ halı və həyəcanı tez hiss edir.

6. Körpəyə sizin yatağınızda yatmasına icazə verin. Birgə yuxu uşağın inkişafına müsbət təsir edəcək.

7. Başqa uşaqlarla ünsiyyət qurmağa həvəsləndirin. Çünki bu uşağın ağlını inkişaf etdirir.

8. Uşağa öz maraqlarının müdafiəsinə qalmasını, hətta dava etməsini də yasaqlamayın. Davalar uşağın bacarığını inkişaf etdirir.

9. Uşağı məhdudlaşdırmayın. Əlləri ilə nə isə etmək onun intellektini və yaradıcılıq qabiliyyətini inkişaf etdirir.

10. Cəzalandırarkən və mükafatlandırarkən diqqətli olun. Etdiyi yaxşı əmələ görə xoş sözlər deyin, az hallarda cəzalandırın, xüsusən oğlanları.

11. Öz “yaxşı” və “pis”lərinizi uşağa sırımayın. İmkan verin öz həyat təcrübəsini toplasın. Özü zamanla bu fərqləri anlaya biləcək.

12. Uşağın maraqlarını oyadın və onu dəstəkləyin. Onlara şərait yaratmağa çalışın.

13. Keçmişdə olanları təkrarlayın. Bu uşağın beynində düzgün sxemlər formalaşdırır.

14. Uşağa yalnız ana deyil, ata da lazımdır. Ata ilə uşaq arasındakı ünsiyyətə sərhəd qoyulmamalıdır.

15. Uşağın fantaziyalarına qeyri-ciddi yanaşmayın. Arzu etmək, xəyal qurmaq uşağın yaradıcılıq potensialını inkişaf etdirir.

16. Uşağa öz mülkünüz kimi baxmayın.

17. Körpədə toxunulmaqla duyulan hissləri inkişaf etdirin. Balaca uşağa müxtəlif materiallardan – yumşaq-bərk, ağır-yüngül, hamar-nahamar predmetlərə toxunmaq imkanı verin.

18. Uşağın istədiyi hər şeyi almayın. Oyuncaqların bolluğu uşağın diqqətinı yayındırır. Nəticədə onun oxuması çətinləşir.

19. Uşağa detallardan ibarət oyuncaqlar təklif edin. Detalları bir yerə toplamaq onları xoşbəxt edəcək.

20. Onların yaradıcılıq qabiliyyətini inkişaf etdirin. Fiqurları kəsmək, qatlamaq bu məsələdə yaxşı təklifdir. Çünki uşağın ağlı barmaqlarının ucundadır.

21. Uşaqla piyada gəzin. Çünki bu çox faydalıdır. Yeriyərkən bədənin 639 əzələsindən 400-ü hərəkət edir.

22. Uşaqların məşğul olduqları işlərin nəticələrinə çox da diqqət etməyin. Çünki onları nəticədən çox hadisənin özü maraqlandırır. Qoyun, onlar istədikləri qədər məşğul olsunlar.

23. Uşaqları nəyəsə məcbur etməyin. Çünki bu zaman onların iradəsinə zidd getmiş olacaqsınız. Bununla da onun inamını qıracaqsınız.

24. Uşaqlarda qeyri-standart düşüncəni stimullaşdırın. Standartlar standart insan yetişdirir.

25. Uşaqları tərbiyə etməzdən əvvəl, valideynləri tərbiyə edin.

Sonda M.İbuka qeyd edir ki, uşaq üçün ən yaxşı tərbiyə ana sevgisidir.

“Valideynlər üçün ən vacib məşğuliyyət uşaq tərbiyəsidir. Əgər onlar bununla razı deyillərsə, onda nə üçün uşaq dünyaya gətiriblər?”




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir