it

Quduzluq xəstəliyinin ilkin əlamətləri hansılardır?

Baxış sayı: 2. 758

Zaqatalada quduzluq xəstəliyi aşkarlanan 47 yaşlı qadın ölüb. Mərkəzi Rayon Xəstəxanasından verilən məlumata görə,  rayonun Faldar kənd sakini, 1969-cu il təvəllüdlü Pəri Qasım qızı Turacova ötən gecə saxlandığı yoluxucu xəstəliklər şöbəsində dünyasını dəyişib.

Qeyd edək ki, Pəri Turacova mayın 22-də quduzluq xəstəliyi əlamətləri ilə xəstəxanaya daxil olmuşdu. Müayinə zamanı məlum olmuşdu ki, aprelin 1-də onu yaşadığı kənddə küçə iti dişləyib. Bunu adi qarşılayan qadın vaxtında həkimə müraciət etməyib.

Mərkəzi Rayon Xəstəxanasının (MRX) antirabik kabinetinin həkimi Nigar Şahmərdənova fəaliyyəti dövründə ilk dəfədir ki, belə halla qarşılaşdığını deyib. Bu xəstəliyin müalicəsinin olmadığını bildirən Şahmərdanovanın sözlərinə görə, əgər kimsə quduzluğa yoluxubsa, onu xilas etmək mümkün olmur. “Yəni, sonu ölümdür. Biz taun əleyhinə stansiyanın mütəxəssisi ilə məsləhətləşmə apardıq. Bildirildi ki, bu xəstəliyin heç bir yerdə müalicəsi yoxdur”.
Qeyd edək ki, quduzluq xəstəliyindən dünyasını dəyişmiş P.Turacova ailəlidir, iki qızı, bir oğlu var. Yoldaşı əlildir.

Həkim Vaqif Qarayev əməkdaşımıza bildirib ki, insanlar   xəstə heyvanlar dişlədikdə xəstələnirlər. Ev heyvanlarindan it, pişik, donuz, iribuynuzlu mal-qara xəstələndikdə təhlükəli olurlar. Xəstəliyin törədicisi – virus – əsasən sinir sistemini zədələyir, vaxtinda həkimə müraciət olunmadıqda bir qayda olaraq ölümlə nəticələnir: “Xəstəliyin gizli dövrü 10-30 gün çəkə bilər. Sonra əsas əlamətlər başlayır. Əsasən sudan qorxma olur, su içərkən boğazda spazm (boğulma) yaranır”.

Həkimin dediyinə görə, quduzluğa yoluxan insanlar çox əsəbi və aqressiv olur, ətrafı vurub dağıdırlar. Heyvan dişləmiş şəxslər vaxtında peyvənd olunmadıqda sinir sisteminin güclü zədələnməsi nəticəsində ölürlər. “Xəstəliyin xüsusi müalicəsi yoxdur. Amma vaxtında peyvənd başlanarsa, həyatı saxlamaq olur”.

V.Qarayev deyir ki, heyvan dişləməsi zamanı insanlar evdə yaranı sabunla yumalı və vaxt itirmədən həkimə müraciət etməlidilər. Mövcud təlimata görə, dişlənmiş yaralarda vaxt itirmədən vaksinasiya başlanılır. “Əgər dişləmədən 14 gün sonra müraciət olunsa, artıq vaksinin də xeyri olmur. Vaksinasiya müddətində dişləyən heyvan müayinə olunur. Əgər xəstəlik aşkar olunmazsa, vaksinasiya dayandırılır, sonadək aparılmır”.

Həmsöhbətimizin bildirdiyinə görə, sahibsiz heyvanlara nəzarət olmadığından onların xəstələnmə ehtimalı daha çoxdur, ona görə də aidiyyati qurumlar belə heyvanlarla mübarizə aparmalıdırlar. Nəzarətdə olan heyvanlar isə vaxtaşırı peyvənd olunmalıdır.

Həkim bildirir ki, quduz heyvanları çox asanlıqla müəyyən etmək olur. Bu heyvanlar quduz virusuna yoluxduqları vaxtdan  çox aqressiv olur və ağızlarından su axır. “Bütün heyvanlar xəstə olmur. Xəstə olan heyvanı kənardan asanlıqla təyin etmək olur. Xəstə heyvanlarla qarşılaşdığınız zaman Baytarlıq Xidməti ilə əlaqə saxlanılmalıdır. Ev heyvanları daim baytar nəzarətində olmalıdır. Şəhərdə sahibsiz itlər az deyil. Aidiyyatı qurumlar tədbir görməli, sahibsiz heyvanlar küçələrdən yığışdırılmalıdır”.

Mütəxəssislərə görə, xəstəliyin 3 fərqli mərhələsi – prodromal-başlanğıc dövrü, təcavüzkar dövrü və iflic dövrü – var. Xəstəliyin əlamətləri ortaya çıxdıqdan 3-7 gün sonra heyvan ölür. Başlanğıc dövr 2-3 gün davam edir. Davranış pozuntuları meydana çıxır, heyvan dişlənən bölgəni yavaş-yavaş dişləməyə, cırmaqlamağa başlayır. Təcavüzkar dövr isə 2-4 gün davam edir. Quduz it və pişik başlanğıc dövrdə ürkək, qorxaq olsa da, sonra xarici cisimlərə marağı artır.  Vərdiş etmədiyi qidalar yeməyə başlayır. İştah azalır və tez-tez su içir. Xəstə heyvan tez-tez sidiyə gedir və yarasının yerini qaşıyır. Gözlərində irinləmə və qızarma müşahidə edilir. Şüuru itər və sahibinin əmrlərini dinləməz, bu dövrdə hər kəsə, hətta sahibinə də hücum edər. Xəstə itlər evi tərk edir və geri qayıtmır. Ağızlarının suyu hər zaman axar. Pişiklər quduz olduqları zaman itlərə də hücum çəkərlər.

İflic dövrü də 2-4 gün davam edir. Xəstəlik dövrü  irəlilədikcə dişlənən ərazidən başlayaraq bütün ətraf iflic vəziyyətinə düşür. Heyvanın hürməsi dəyişir, tüpürcəyi artır, heyvan rahat hərəkət edə bilmir, tarazlığını itirir.  Tam iflic olduqdan 1-2 gün sonra heyvan ölür.

Quduza tutulmuş heyvanın ağzının suyu çatlamış dəriyə, yaraya düşərsə, əllər bulaşdığı halda gözlərə vurularsa, quduzluq yoluxar. Quduza yoluxmuş heyvanın əti və südü çiy istifadə edilərsə, quduzluq insana da yoluxar. Quduzluğun insan orqanizmində inkişafı bir qədər uzun çəkir. Belə ki, virus bədənə düşdükdən 2-8 həftə ərzində kürt dövrü davam edir. Bu dövr nadir hallarda bir il də davam edə bilər.   Virus bədənə düşdükdən sonra lazım olunan müalicə edilməsə, xəstəlik 2 mərhələdə özünü göstərir. Birinci mərhələdə  iştahsızlıq, inciklik, yorğunluq, hərarətin qalxması müşahidə edilir. Daha sonra narahatlıq, həddindən artıq qorxu halı, təcavüzkarlıq, yuxusuzluq, psixiatrik pozuntular, depressiya və öskürək, boğaz ağrısı, titrəmə, qarın ağrısı, bulanma-qusma görülür.

Xəstəlik özünü göstərməyə başladıqdan 7 gün sonra xəstə ölür. Dişləmə başa yaxındırsa, xəstə elə həmin saat, başqa  ətraflardadırsa, ən gec 36- 72 saat müddətində həkimə müraciət etməldir.

Quduz peyvəndi 0-3-7-14 və 28-ci günlərdə vurulur. Peyvənd etmə sistemli şəkildə həyata keçirilsə, 100 faiz xəstəliyin qarşısını alır.
Quduzluqdan qorunmaq üçün:

– Ev heyvanlarını nəzarətdə saxlayın, gecələr evdən buraxmayın;
– Ev heyvanlarınıza quduzluq peyvəndi etdirin;
– Tanımadığınız heyvanlara yaxınlaşmayın, oynamayın;
– Xəstə heyvanlara kömək üçün toxunmayın;
– Ölü heyvanlara yaxınlaşmayın və toxunmayın.

İradə CƏLİL




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir