YENIYETME

Valideynlər imtahanda az bal toplamış övladları ilə necə rəftar etməlidir? – PSİXOLOQ RƏYİ

Baxış sayı: 1. 587

Qəbul imtahanının birinci turu başa çatıb. Nəticələr açıqlanandan sonra az bal yığan bir sıra abituriyentlərin psixoloji durumu çox həssaslaşıb. Hətta evdən qaçan abituriyentlər belə olub. Ötən illərdə qəbul imtahanlarından sonra yaxşı nəticə göstərə bilməyən abituriyentlərin bəzilərinin canlarına qəsd etməsi faktı da olub.
Builki qəbul qaydalarına görə, az bal yığan abituriyentlərin ikinci dəfə istəklərindən asılı olaraq imtahan vermə şansları yaranıb. Bu isə onları daha da təlaşlandırır. “Görəsən, bu dəfə yüksək bal yığa biləcəmmi? ; ”bu dəfə də az bal yığsam ailəmin üzünə necə baxacam” düşüncələri imtahan stressini daha da yüksəldir. Hətta bu cür düşüncələr sonradan abituriyentlərin depressiyaya qapılması və özünə xəsarət yetirməsi ilə də nəticələnə bilər. Psixoloqlara görə, imtahan öncəsi gərginlik cərrahi əməliyyatdan qabaq yaranan gərginlikdən qat-qat yüksəkdir. Əlbəttə ki, bu, sağlamlığa güclü təsir göstərir. Qeyd edək ki, bu cür gərginliklə imtahana girən abituriyentlər əslində bildiklərini bir anda unuda da bilər.
Maraqlıdır, abituriyentlər psixoloji gərginliyi öz üzərindən necə götürə bilər və valideynlər az bal toplamış övladları ilə necə rəftar etməlidir?

Image result for Azad İsazadə
Psixoloq Azad İsazadə bildirdi ki, yeniyetmə psixologiyasına bu qədər təzyiq düzgün deyil və bəzən uşaq buna dözə bilmir: “Növbəti imtahan turuna bir ay qalıb. Bir ayda abituriyent peşəkar işləsə daha yüksək nəticə göstərə bilər. Abituriyentlər onsuz da 2 ilin hər gününü marafon kimi yaşayırlar. 9-cü sinifdən başlayaraq məktəb, repetitor, kurs, sınaq imtahanları davam edir. Paralel olaraq ətraf, valideyn, qohum-əqrəba abituriyentə dəstək göstərmək əvəzinə sıxırlar ki, ”çox oxu, qəbul olunmasan biabır olacağıq, bütün pulları sənə xərcləyirik, mütləq qəbul olun, az bal yığsan evə qayıtma, ailəmizi biabır etmə, qonşumuzun uşağı filan qədər bal yığıb” və sairə kimi sözlər istər-istəməz fiziki və psixoloji təzyiq kimi uşağın üstündə iki il ərzində olur. Yeniyetmə psixologiyasına bu qədər də təzyiq düzgün deyil və bəzən uşaq buna dözə bilmir. Adətən mart, aprel, may ayları ərzində mənə müraciət edənlərin əksəriyyəti abituriyentlər olur. İki böyük problem yaranır. Birincisi, uzun müddətli marafona görə beyin yüklənir və daha heç bir məlumat qəbul etmir, bu da qavrama problemidir. İnsan məlumatı, dərsi bilir, amma onu lazım olan vaxtda yaddaşında axtarıb tapa bilmir. Çünki çox yüklənmiş olur. İkinci problem isə həyəcandır. Həyəcan bəzən o qədər çox olur ki, abituriyent imtahan vaxtı bildiyini də yadından çıxarır. Bu problemlərlə hər yaz biz məşğul oluruq. Tək mənim yox, bütün psixoloqların yanına abituriyentlər müraciət edir. Ancaq buna baxmayaraq, hər il iki-üç abituriyent intiharı olur. Hələ abituriyentin evdən qaçması nisbətən yumşaq bir reaksiyadır. Fikir versəniz görərsiniz ki, keçən il, ondan əvvəlki il 2-3 abituriyent imtahandan kəsildiyinə görə özünə qəsd edib. Yeniyetməlikdə maksimalizm olduğuna görə hər bir uğursuzluq belə bir reaksiya verə bilər”.
Psixoloq abituriyent olan yeniyetmələrin valideynlərinə diqqətli olmağı tövsiyə etdi: “Valideyn övladına ”bu il olmazsa, gələn il verərsən”, “Biz hər zaman sənin yanındayıq”, “Universitetə qəbul olmamaq dünyanın sonu deyil, rahat ol, girərsən lap yaxşı, girməzsən canın sağ olsun” kimi sözlər deməklə ona dəstək olmalıdırlar”.
Qeyd edək ki, imtahanqabağı qida rasionu da önəmlidir. Belə ki, yuxunun yaxşı olması üçün çətin həzm olunan və yuxunu qaçıran qidalardan uzaq olmaq lazımdır. Tərəvəz, balıq və toyuq əti, meyvə, yoqurt və süd kimi qidalar məsləhət görülür. Yatmazdan 30-40 dəqiqə əvvəl 1 stəkan ilıq suda 1 xörək qaşığı balı həll edib içmək əsəb sistemini gücləndirir.
Bu imtahanda az bal yığan abituriyentlər üzülüb, depressiyaya qapılmasınlar. Əksinə, DİM-in yaratdığı fürsətdən istifadə edərək növbəti turda özlərini bir daha sınasınlar. Unutmayın ki, ali məktəbə qəbul olmamaq dünyanın sonu deyil. Önəmli olan sizin sağlamlığınız və cəmiyyətə yararlı insan olmanızdır.
Günel MANAFLI




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir