Nermine Abbasova

Hantavirus niyə bu qədər ölümcül olur?

Baxış sayı: 523

Son illərdə dünyada müxtəlif zoonoz infeksiyalar – yəni heyvanlardan insanlara keçən xəstəliklər daha çox diqqət mərkəzinə gəlib. Onlardan biri də hantavirusdur. Bu virus nadir hallarda rast gəlinsə də, yoluxan insanlarda ağır fəsadlar yaratdığı üçün tibb mütəxəssislərinin xüsusi diqqətindədir. Bəs hantavirusu bu qədər təhlükəli edən nədir?

Yeni aparılan elmi araşdırmalar göstərir ki, hantavirusun əsas təhlükəsi düşündüyümüz kimi yalnız ağciyərləri zədələməsi deyil. Virusun ən ciddi təsiri bədəndəki kiçik qan damarlarında baş verir. Hantavirus damarların daxili səthini zədələyərək onların keçiriciliyini artırır. Nəticədə damarların içində olan maye toxumalara sızmağa başlayır.

Bu proses xüsusilə ağciyərlərdə təhlükəli vəziyyət yaradır. Ağciyər toxumasında sürətlə maye toplanır və xəstədə ağır nəfəs darlığı inkişaf edir. Bəzi hallarda bu vəziyyət saatlar ərzində kəskin tənəffüs çatışmazlığına səbəb ola bilir. Məhz buna görə hantavirus infeksiyası çox zaman reanimasiya şəraiti tələb edir.

hantavirus

Araşdırmalar onu da göstərir ki, virusun yaratdığı ağırlaşmalarda immun sisteminin həddindən artıq reaksiyası mühüm rol oynayır. Orqanizm virusla mübarizə aparmağa çalışarkən bəzən müdafiə sistemi nəzarətdən çıxır və bu da damar zədələnməsini daha da artırır. Yəni problem təkcə virusun özü deyil, həm də bədənin ona verdiyi güclü reaksiyadır.

Hantavirus əsasən gəmiricilər vasitəsilə yayılır. İnsanlar virusu daha çox siçan və siçovul ifrazatları ilə çirklənmiş tozun nəfəs yolu ilə qəbul edilməsi zamanı yoluxurlar. Xüsusilə uzun müddət bağlı qalan anbar, zirzəmi və kənd təsərrüfatı obyektlərinin təmizlənməsi zamanı risk artır.

Xəstəliyin ilkin əlamətləri adi qripi xatırlada bilər: yüksək hərarət, halsızlıq, əzələ ağrıları, baş ağrısı və quru öskürək. Lakin vəziyyət sürətlə ağırlaşaraq nəfəs çatışmazlığına keçə bilər. Bu səbəbdən riskli mühitdə olmuş şəxslərdə bu simptomlar yaranarsa, vaxt itirmədən həkimə müraciət etmək vacibdir.

Hantavirus

Hazırda hantavirusa qarşı təsdiqlənmiş spesifik dərman və ya vaksin mövcud deyil. Müalicə əsasən xəstənin vəziyyətini stabilləşdirməyə yönəlir. Bununla belə, alimlər damar sızmasını azaltmağa kömək edə biləcək yeni preparatlar üzərində araşdırmalar aparırlar. Mütəxəssislər hesab edir ki, virusun orqanizmdə yaratdığı mexanizmin daha yaxşı anlaşılması gələcəkdə daha effektiv müalicə üsullarının hazırlanmasına imkan verəcək.

Hantavirus nadir rast gəlinən infeksiya olsa da, onun yaratdığı ağır nəticələr bir daha göstərir ki, gigiyena qaydalarına riayət etmək, gəmiricilərlə təmasdan qorunmaq və riskli mühitlərdə ehtiyatlı davranmaq olduqca vacibdir.

 

Nərminə Abbasova

Terapevt, ailə həkimi




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir