masin

Donuz balaları üçün yaradılan, amma indi hamının arzuladığı AVTOMOBİL – FOTOLAR

Baxış sayı: 1. 731

Hər avtomobil modelinin yaranma tarixi var. Amma yüngül yük maşınlarının, yəni minik maşını ilə yük maşınının kompozisiyası daha qəribə tarixçəyə malikdir.

Bu maşın 1932-ci ildə bir qadının xahişi ilə yaradılıb. Həmin il “Ford” Avtomobil Şirkətinin Avstraliya şöbəsinə belə bir məktub daxil olub: “Biz bir ailə olaraq həm yük maşını, həm də minik avtomobili almaq gücündə deyilik. Amma istərdik ki, elə maşınımız olsun ki, onunla kilsəyə gedəndə utanmayaq, bazara donuzlarımızı çıxardanda isə rahat apara bilək. Siz bizə bu işdə kömək edə bilərsinizmi?” – deyə fermer təsərrüfatı ilə məşğul olan qadın yazır.

Şirkətin 22 yaşlı baş avtomobil mühəndisi Lyu Bendt cəld hərəkətə keçir. İkiyerli yük maşını və qoşqunun arakəsmə ilə birləşməsindən ibarət eskiz çızır. Buna qədər əslində “Ford” şirkəti bənzər 8 silindrli yük maşını hazırlamışdı. Amma Lyunun yeni modeli daha kompakt və istifadəsi rahat hala salınır. Rəhbərlik bu eskizi görən kimi gülümsəyib: “Tez yığın bu avtomobili, qoy donuz balaları da rahat maşında gəzsinlər!”, – demişdi.

Beləliklə 1934-cü ildə ilk “Ford Coupe Utility” satışa çıxarılır. Maşın tezliklə çox populyarlaşır. Çünki Avstraliya fermer təsərrüfatı ilə sıx məşğul olunan yerdir. Burada əksər insanlara belə ikisi birində maşınlar lazım olurdu. Sonrakı 20 ildə 20 min belə maşın satılıb. Nəzərə alsaq ki, həmin dövrdə Avstraliyanın əhalisi 8 milyon idi, o zaman bu rəqəm yaxşı nəticə hesab oluna bilər.

Avtomobilin bir nüsxəsini Detroyda (əsas zavoda) gətirib şirkətin qurucusu Henri Forda göstəriblər. Henri Ford bu modeli çox bəyənir və eynisinin ABŞ fermerləri üçün də hazırlanmasını tələb edir. Ancaq bu model amerikalıların diqqətini çəkmir. Yalnız 50-ci illərdə yük-minik maşını görkəmini dəyişib daha da gözəgəlimli olandan sonra ədəbaz amerikalılar ona diqqət yetirirlər. 1957-ci ildə çıxan “Ford Ranchero” tezliklə özünə xeyli müştəri toplayır. Ancaq “Ford”un rəqibi olan General Motors da ondan geri qalımır. 1959-cu ildə isə “Chevrolet El Camino” da bu yeni model karvanına qoşulur. Üstəlik “Chevrolet”in daha incə görkəmi və filmlərdəki xəyali maşınlara oxşaması avtomobil həvəskarlarının diqqətini daha tez çəkir.

Maraqlıdır ki, “Ranchero” 1979-cu ildə, “El Camino” isə 1987-ci ildə istehsaldan çıxarılıb. Səbəbi isə dəqiq bildirilmədiyinə görə, ancaq gümanlarda ilişib qalıb. Deyilənə görə, yeni seriya avtomobillərin istehsalı həmin modelləri kölgədə qoyduğundan belə qərar verilib.

Avropada bu modellər o qədər də populyar olmasa da SSRİ-də, xüsusən də kənd yerlərində, təsərrüfatlarda belə maşınlara ehtiyac yaranmışdı. SSRİ-də 1984-1988-ci illərdə “Moskviç -2315” modeli hazırlanırdı. Daha sonra isə “İj-27151-011-01” modeli də istifadəyə verildi. Bu maşınların sadəliyi və qiymətdə ucuz olması əlverişli idi.

Hazırda yük-minik maşınları demək olar ki, bütün avtomobil şirkətlərində hazırlanır. Amma əvvəlki populyarlığını itirmiş sayılır. Xüsusiən də Asiya şirkətləri belə modelləri daha çox görünüş üçün hazırladığına görə daşınma üçün yararlı olmur.

Məlumat üçün bildirək ki, Lyu Bendt 1976-cı ildə təqaüdə çıxıb. Taleyin ironiyasına bax ki, onun ölümünə səbəb də elə yaratdığı bu model maşın olub. O, 1987-ci ildə özünün də sürdüyü yük-minik maşını ilə “Avstraliyada böyük icadlar” adlı sənədli filmin çəkilişlərindən qayıdarkən qarşı yola çıxaraq yük maşını ilə toqquşub və yerindəcə həlak olub. (Publika.az)




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir