Artıq Ramazan ayının yarısını geridə qoymuşuq. Amma bununla belə indinin özündə də oruc kimi nəhəng enerjili ibadətin nə olduğunu bilməyimiz vacibdir. “Gencaile.az” saytının “Ramazan bələdçisi” rubrikasında bu dəfə “Hansı insanların orucu qəbul olmur?” sualının cavabını tapmağa çalışmışıq.
Oruc dedikdə yeməmək və içməmək nəzərdə tutulmur. Orucun özünəməxsus şərtləri vardır. İmam Sadiq (ə) buyurur: “İmamına qarşı itaətsizlik edən kəsin orucu yoxdur. Fərar edən bəndənin orucu düzgün deyildir, o zamana qədər ki, geri qayıdıb, xidmətə davam etməz. Ərini incidən arvadın orucu düzgün olmaz o zamana qədər ki, tövbə edər və ərinə itaət edər. Həmçinin ata və anasına ağ olan övladın orucu düzgün olmaz o zamana qədər ki, islah olar”.
Həzrət Fatimeyi-Zəhra (s.ə) oruc tutanlar haqqında belə buyurur: “Oruc tutan (orucunun haqqını əda etməzsə) o zaman ki, dili, qulağı, gözü və əzalarını (o şeylər ki, ona haramdır) hifz etməz. Yəni həqiqi oruc tutmaq qarını bütün yeyəcəklərdən və içəcəklərdən və digər batil işlərdən hifz etmək və xülasə, Allahın günahından çəkinməkdir. Çünki oruc tutan bütün haramlardan çəkinmədən həqiqi oruc tutmaz”.
Həzrət Peyğəmbərdən (s) belə bir hədis vardır: “Beş xüsusiyyət vardır ki, orucu batil və dəstəmazı pozar: yalan və qeybət, söz gəzdirmək, şəhvəti təhrik edən fikirlər, yalandan and içmək”. Bu xüsusiyyətlər oruc və dəstəmaz kimi ibadətlərin mənəvi və ruhani əsərlərini aradan aparır. Oruc və dəstəmazın əcr və savabını məhv edir.
İmam Rza (ə) başqa yerdə buyurur: “(Ey oruc tutan) bil ki, Allah sənə rəhmət edər, həqiqətən, oruc bir hicab və örtüdür. Allah onu dillərə, qulaqlara, gözlərə və başqa üzvlərə vurmuşdur. O zaman ki, şər və fəsad və çirkin işlərə aludə olmuş olar. (Çünki dil, qulaq, göz və başqa üzvlər o zaman ki, şəxsin iman və dininin kontrolu altında olar, onların şərindən tamamilə amanda olar). Təharət (oruc hicabı) onu cəhənnəm atəşindən qoruyar və atəşə qarşı möhkəm hicab olar”.
Peyğəmbəri-Əkrəm (s) buyurur: “O kəs ki, həyat yoldaşını dili ilə incidər, Allah ondan heç bir həsənə və əməl qəbul etməz. O zamana qədər ki, qarşı tərəfi razı salmaz. Əgər kişi öz arvadına zülm edərsə, bütün ömrünün günlərində oruc olsa da, ömrünün bütün gecələrini namaza dayanmış olsa da, bütün qulları azad etmiş olsa da, cəhənnəmə daxil olacaq ilk insan olacaqdır”.
Oruc əxlaq institutu, nəfsi islah edən və şəxsiyyəti formalaşdıran bir ibadətdir. Oruc tutan bu institutda bütün tərbiyə qaydalarından xəbərdardır. Həqiqətdə özü bir əxlaq müəllimi və bədənin bütün üzvlərinə hakim olmalıdır. Gözü, qulağı, dili və sair üzvləri də oruc olmalıdır. Həzrət Cəfər Sadiq (ə) buyurur: “O zaman ki, orucsan, gərək qulağın, gözün və saçın imsak halında olsun. (Hər bir günahdan çəkinsin)”.
İmam Səccad (ə) isə oruc haqqında buyurmuşdur: “Orucun haqqı odur ki, bilməlisən ki, bu bir pərdədir. Allah onu dil, qulaq, göz və qarnının qarşısında qərar vermişdir ki, səni atəşdən qorusun. Belə ki, hədisdə deyilir: “Oruc atəşin qalxanıdır”. Əgər əzalarını bu pərdənin arxasında saxlasan (onları günahdan hifz etsən) ümid var ki, (əzabdan) hifz olunasan. Əgər əzaların pərdə arxasında rahat durmazsa, künc-bucağından yuxarı qalxarsa, üzvlərin sərhədi keçmək istəyərsə, mümkündür ki, pərdə parçalansın və bədən bayıra düşsün. “Və la qüvvətə illə billəh”.
Bunu da qeyd etmək lazımdır ki, iftar edən zaman mədənizi birdən-birə doldurmayın. Çünki Allah dərgahında dolu qarından nifrətedici bir şey yoxdur. Baxmayaraq ki, halal yeməklə dolmuş olsun. Bu zaman Ramazan ayının fəzilətli gecələrində ibadət etməkdən məhrum olarıq. Bu əməl orucun mənəvi və ruhani göstərişləri ilə təzad təşkil edir.
Bu məsələyə də diqqət edin ki, iftar zamanı qorxu və iztirab halında olun, çünki Allah Təalanın orucunuzu qəbul edib-etmədiyini bilmirsiniz. Əgər orucunuz qəbul olarsa, Allaha yaxınlardan olarsınız və əgər qəbul olmazsa, Allahı qəzəbləndirənlərdən olarsınız. Budur orucun mənəvi və batini mənası. Bu cür oruc peyğəmbərlərin (ə) və övliyaların orucu kimi olar.
Elşən Azadlı