usaq

Uşaqların kütləvi zəhərlənməsinin səbəbi nədir?

Baxış sayı: 1. 547

Son günlər Sumqayıt şəhəri və H.Z.Tağıyev qəsəbəsində 100-dən çox azyaşlı uşağın kütləvi şəkildə zəhərlənməsi xəbəri cəmiyyətdə böyük ajiotaj yatadı. Bir qisim bu zəhərlənmənin suyun tərkibi ilə bağlı olduğunu desə də, digər bir qisim xəstəliyin epidemiya olduğunu iddia edir. Problem qısa müddət ərzində hər kəsdə haqlı narahatlıq və narazılığa səbəb oldu. Bəs görəsən məsələnin kökündə nə dayanır? Baş verən zəhərlənmə nə ilə bağlıdır?

 

Suyun keyfiyyətində problem yoxdur…

Məsələ ilə bağlı rəsmi açıqlama verən “Azərsu” ASC-dən bildirilib ki, Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsində uşaqlar arasında qeydə alınmış zəhərlənmə içməli sudan baş verməyib: “Bu hadisə ilə əlaqədar “Azərsu” ASC-yə ilk məlumat iyunun 9-da daxil olub və dərhal Cəmiyyətin mütəxəssisləri, Mərkəzi Laboratoriyanın əməkdaşları əraziyə baxış keçirib, mənbə, magistral kəmər və şəbəkədən su nümunələri götürülüb. Yerində ilkin fiziki-kimyəvi analizlər aparılıb və suyun keyfiyyətində dəyişikliklər qeydə alınmayıb, insan sağlamlığı üçün zərərli olacaq hal aşkarlanmayıb. Bu nümunələrin iyunun 10-da əldə olunmuş yekun bakterioloji nəticələri bir daha təsdiq edib ki, suyun keyfiyyət göstəriciləri standartlara tam uyğundur. Növbəti günlərdə də “Azərsu” ASC-nin əməkdaşları Səhiyyə Nazirliyinin Gigiyena və Epidemiologiya Mərkəzinin mütəxəssisləri ilə birgə ərazidə monitorinqləri davam etdirib, müxtəlif ünvanlardan su nümunələri götürülüb və müqayisəli yoxlanılması uçun hər 2 qurumun laboratoriyasına təqdim olunub. Qeyd edək ki, Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsi və ətraf yaşayış məntəqələrinin içməli su təchizatı Şollar-Bakı Su Təchizatı Qurğularından və Ceyranbatan Sutəmizləyici Qurğular Kompleksindən aparılır. Bu mənbələrdən, magistral kəmər və şəbəkələrdən Gigiyena və Epidemiologiya Mərkəzi ilə razılaşdırılmış ünvan və qrafiklər üzrə götürülmüş su nümunələri gündəlik yoxlanılır və hər 2 qurum tərəfindən nəzarət təmin edilir.

“Azərsu” ASC tərəfindən Abşeron yarımadasını içməli su ilə təmin edən mərkəzləşdirilmiş su təchizatı sisteminin mənbədən istehlakçıya qədər bütün mərhələlərində təsdiqlənmiş plan-qrafikə uyğun olaraq gündəlik su nümunələri götürülüb yoxlanılır. Eyni zamanda bu sahədə dövlət nəzarətini həyata keçirən Səhiyyə Nazirliyinin Gigiyena və Epidemiologiya Mərkəzinin mütəxəssisləri də su təchizatı sistemlərində monitorinqlər aparır. Onu da qeyd edək ki, Şollar və Ceyranbatan mənbələri Sumqayıt şəhəri ilə yanaşı, Abşeron yarımadasının digər yaşayış məntəqələrini də içməli su ilə təmin edir və bu ünvanlarda belə hal qeydə alınmayıb. Bir daha qeyd edək ki, Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsində qeydə alınmış hadisə içməli su ilə əlaqəli deyil və vətəndaşların narahatlığı üçün heç bir əsas yoxdur”.

 

“Hər il olan bir şeydir, şişirtmək lazım deyil”

Sumqayıt şəhər səhiyyə şöbəsinin müdiri Nəriman Baxşəliyev deyir ki, uşaqların zəhərlənməsi mövsümi xarakter daşıyan, qripə oxşar bir virus infeksiyası ilə bağlıdır: “Tut, gilas yeyən uşaqlarda bu, daha tez təzahür edir. Onlar mövsümi meyvələri yeyir, üstündən də soyuq su içirlər. Nəticədə gün vurur, qusma olur. Mövsümi xarakter daşıyan, qripə oxşar bir virus infeksiyası var. Bu infeksiya bu dövdə fəallaşır. Bu indi yox, hər il olan bir şeydir. İsti olanda fəallaşır. Sonra ötüb keçir. Hadisəni şişirtmək lazım deyil”.

Nəriman Baxşəliyev bildirib ki, hazırda Sumqayıt Şəhər Uşaq Xəstəxanasında 50 uşaq müalicə alır: “Onların vəziyyəti orta ağır və yüngül formadadır. Ağır formalı uşaq yoxdur. Şükürlər olsun ki, ölüm hadisəsi baş verməyib. Vəziyyət stabildir. Bütün dərman preparatları ilə təmin olunub. Xəstəxanada qalan uşaqlar ən çox 3-4 gün qalıb. İyunun 7-dən bu günə qədər xəstəxanaya ümumilikdə 186 nəfər müraciət edib”.

Şöbə müdiri qeyd edib ki, zəhərlənmənin su ilə əlaqəsi yoxdur: “İnformasiyanın kütləvi zəhərlənmə kimi verilməsi düzgün deyil. Kütləvi zəhərlənmə faktı yoxdur. Su mənbələrindən 2 sutkadan bir analiz götürülür, yoxlanılır. Suda infeksiya olduğu təsdiq olunmayıb. Demək ki, bu problem su ilə bağlı deyil”.

 

Səhiyyə Nazirliyi deyir ki…

Sumqayıt şəhəri və şəhərin Hacı Zeynalabdin Tağıyev qəsəbəsində yaşayan uşaqlar arasında mədə-bağırsaq infeksiyasının baş verməsi ilə əlaqədar dərhal operativ qərargah yaradılıb, Səhiyyə Nazirliyi və Sumqayıt şəhər İcra Hakimiyyətinin əməkdaşları tərəfindən əks-epidemik tədbirlər həyata keçirilməyə başlanıb. Səhiyyə Nazirliyinin mətbuat xidmətindən verilən xəbərə görə, uşaqlardan götürülmüş nümunələrin laborator müayinəsində xəstələrdə “Rotavirus” infeksiyası aşkar edilib. “Yayılma yolunun əsasən su olduğu nəzərə alınaraq, infeksiyanın baş verməsinə səbəb paylayıcı su şəbəkəsi ehtimal olunur. Qeyd olunanlarla əlaqədar suyun təmizlənməsi, zərərsizləşdirilməsi tədbirləri ciddi nəzarətə götürülüb. Aparılan laborator müayinələrin sayı artırılıb. Hazırda suyun tərkibi dövlət standartlarının tələblərinə cavab verir. 4 gün ərzində 136 uşaqda infeksiya əlamətləri baş verib, müayinə və müalicə profilaktik məqsədlərlə xəstəxanalara hospitallaşdırılan xəstələrə yüksək səviyyədə tibbi yardım göstərilib. Hazırda 46 uşağın stasionar müalicəsi davam edir, vəziyyətləri kafidir və yaxın vaxtlarda evə yazılacaq. İnfeksiya baş verən ərazidə profilaktik tədbirlər, əhali arasında sanitariya-müalicə işləri davam etdirilir”.

 

Həkimlər xəbərdarlıq edir…

Pediatr Kəmalə Məmmədli deyir ki, uşaqlar sudan zəhərlənməyib: “Bu, “Rotavirus” infeksiyası ola bilər. “Rotavirus”a bağırsaq qripi də deyirlər. Ən çox uşaqlarda rast gəlinir, amma böyüklər də yoluxa bilər. Virusu yayan nəcis-əl-ağız kontaktıdır. Uşaqlar tualetdən çıxanda əllərini yaxşı yumadıqda və eyni zamanda, viruslu əllərlə oyuncaqlara toxunub oynadıqda, yoluxurlar. Çirkli uşaq bezləri ,bir sözlə natəmizlikdən yaranır. Valideynlər uşaqlara yemək yedikdən qabaq mütləq əllərini yumaq vərdişini aşılamalıdırlar. Bir çox ölkələrdə “Rotavirus”a qarşı uşaqlara vaksin verilir” .

Həkim-pedaitr Vaqif Qarayev qeyd edir ki, bu virusun yayılmasında mövsümilik var: “Virus sudan, çirkli qida məhsulları ilə kontaktdan, bəzi hallarda isə hava-damcı yolu ilə keçə bilir. Əsasən uşaqların mədə-bağırsaq traktını zədələyir, hərarət yüksəlir,təkrari qusmalar,davamlı ishal müşahidə olunur. Bəzən xəstəlik hamının tanıdığı qrip kimi başlaya bilər. Ağır hallarda uşaq orqanizmində susuzlaşma gedir. Bu hal ciddi müalicə tələb edir. Ona görə də şəxsi-gigiyenik qaydalara davamlı və ciddi əməl eləmək lazımdır. Bu xəstəlikdə antibiotiklərdən istifadə olunmur. Bu zaman vəziyyət daha da ağırlaşa bilər. İlkin yardım kimi uşağa duzlu məhlul (Rehidron) vermək olar. Amma xəstəliyin ilkin əlamətləri müşahidə olunan kimi, mütləq həkimə müraciət edilməildir”.

Pediatr Kənan Qarayev bildirdi ki, mədə-bağırsaq sisteminə təsir edən “Rotavirus”lar bu mövsüm ərzində uşaqlarda anidən temperaturun yüksəlməsi, qusma, ishal halları ilə müşahidə olunur: “Əsaəsn 5-7, yəni bağça-məktəb yaşlı uşaqlarda rast gəlinir. 3,5,7 gün ərzində ishal, qusma,temperatur müşahidə olunur. Virus əsasən kontakt vasitəsilə yayılır və mövsümi xarakter daşıyır. Bu zaman uşaqların temperaturu 40-41 dərəcəyə qədər yüksələ və belə hal 5-7 gün ərzində davam edə bilir. İlkin mərhələdə temperaturu diqqətdə saxlamaq lazımdır. Əgər qusma və ishal yoxdursa, uşağa bol maye verilməlidir. Yox əgər qusma və ishal varsa, mütləq həkimə müraciət edilməlidir. Əsasən maye balansını tənizmləmək, virusa qarşı lazım olan tədbirləri görmək lazımdır. Digər uşaqların da virusa yoluxmaması üçün mütləq izolyasiya edilməlidir. “Rotavirus” peyvəndi uşaqların 6 ayına qədər vurulmalıdır. Bəzən valideynlər məsuliyyətli olmurlar və övladını peyvənd etdirmirlər. Lakin sonrakı mərhələdə bunun fəsadları üzə çıxır. Bədəndə temperaturun artması törədici mikroblar üçün əlverişli şərait yaratdığına görə, həmin viruslar aktivləşirlər və bu zaman qida zəhərlənmə riski də artır. Ona görə də gigiyenik qaydalara mütləq əməl edilməlidir. Qeyd edim ki, bu hal epidemiya sayılmır və hər il bu mövsümdə belə hallar müşahidə olunur”.

 

Son olaraq…

“Bir ərazidən qısa müddət ərzində çoxlu sayda uşağın eyni əlamətlərlə xəstəxanaya müraciət etməsi və onların “Rotavirus”la xəstələnməsi bu infeksiyanın su vasitəsilə yayılması haqqında fikir söyləməyə imkan verir”. Səhiyyə Nazirliyinin Gigiyena və Epidemiologiya Mərkəzinin direktoru İmran Abdullayev APA-ya onu da bildirib ki, “Azərsu” ASC-nin işçiləri mərkəzin əməkdaşları ilə birgə Sumqayıtın uşaqlar arasında kütləvi yoluxma halı baş verən ərazilərində supaylayıcı şəbəkənin bütün xətlər üzrə hərəkət istiqamətlərindən su nümunələri götürəcəklər. Bu prosesin bir neçə gün davam etdiriləcəyini deyən İ.Abdullayev qeyd edib ki, əhali arasında sanitariya-müalicə tədbirləri həyata keçirilir, çiy sudan istifadə etməmək, meyvə-tərəvəzlərin çiy su ilə yuyulmaması, şəxsi gigiyena qaydalarına əməl olunması barədə sanitar-epidemik maarifləndirmə tədbirləri aparılır. Onun sözlərinə görə, hazırda suda heç bir problem yoxdur və dövlət standartlarının tələblərinə cavab verir: “Amma problemin iyunun 7-də, 8-də, 9-da başladığı məlum deyil. Ola bilsin ki, qısa bir vaxtda problem olub, hazırda isə keçib. Amma biz bu vəziyyəti nəzarətdə saxlamaq məqsədilə müayinələri davam etdiririk. 10-15 gün ərzində müayinələr mütəmadi olaraq aparılacaq”.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir