Susana Stalder

İsveçrə xanımının səfiri: “Azərbaycan kişilərinə kompliment demək istərdim” – MÜSAHİBƏ

Baxış sayı: 1. 349

“Gencaaile.az” saytı “Teleqraf.com”-a istinadən  “Səfir xanımı” layihəsi çərçivəsində İsveçrənin Azərbaycandakı səfiri Filip Stalderin xanımı Susana Stalderlə müsahibəni təqdim edir. Susana xanımla səfirin iqamətgahında görüşdük. Qapının zəngini basıb gözlədik, yarı ingilis, yarı azərbaycanca “gəldim, one minute” sözləri ilə bir xanım bizə yaxınlaşdı, qapının ağzında dayanmış iti səsləyib bizi evə dəvət elədi. Özünü səfir xanımı kimi təqdim edib yeni il atributları ilə bəzədilmiş, geniş və işıqlı evdəki divanda əyləşməyimizi tövsiyə elədi. Bizi qapıda qarşılayan Susana xanımın iti də müsahibə boyu onu qucaqlayıb sakitcə divanda oturdu. Səfir xanımı azərbaycanca öyrənməyə başladığını, yeni dil öyrənməyi sevdiyini söylədi.
– Susana xanım, ilk növbədə Azərbaycandakı yaşayış tərziniz barədə məlumat vermənizi xahiş edərdik. Həyat yoldaşınızın işi ilə əlaqədar ölkəmizdəsiniz, Bakıya adaptasiya çətin olmadı ki? 
– Azərbaycana, Bakıya adaptasiya çox asan oldu. Qonşularım çox mehribandır, şəhəriniz möhtəşəmdir, özümü Azərbaycanda çox rahat hiss edirəm.

– Hansı bölgələrimizə səfər etmək imkanınız olub? 
– Ailəmizlə birlikdə Quba, Qusar, Şahdağ, Xınalıq, Qobustan, Abşerona getmişik. Bundan başqa Naxçıvan məni çox cəlb elədi, oradakı sanatoriyalarda oldum, təbii mineral su bulaqları və bu bölgənin tarixi abidələri, mənzərəsi, landşaftı çox xoşuma gəldi.

– Azərbaycan mətbəxindən hansı təam xoşunuza gəlir? Özünüz yeməklərimizdən hansınısa hazırlamağa cəhd eləmisiniz? 
– 3 qızım var, onlara görə tez-tez müxtəlif yeməklər hazırlayıram. Biz Bakının çox gözəl yerində – İçərişəhərdə yaşayırıq və ətrafda o qədər maraqlı restoranlar var ki, tez-tez kafe və restoranlara gedirik. Özümüz və övladlarımız şah plovu çox xoşlayırıq. Bundan başqa saciçi, qutabları sevirik. Hələ ki Azərbaycan mətbəxinin təamlarını hazırlamağa cəhd eləməmişəm (gülür).

– Qızlarınız barədə məlumat verə bilərsiniz, buradakı məktəblərindən, dostlarından razıdırlar? 
– Böyük qızımın 15 yaşı var, o biri qızlarım əkizdir, 12 yaşları var. Məktəblərindən və çevrələrindən çox razıdırlar. İçərişəhərdə yaşadıqlarına görə sevinirlər. Beynəlxalq məktəbdə oxuduqları üçün dünyanın bir çox yerlərindən məktəb yoldaşları var, azərbaycanlı dostları da çoxdur. Mənim üçün ən önəmlisi odur ki, buradakı həyatımız çox təhlükəsizdir.

– Qızlarınızın məktəb yoldaşlarını evinizdə qonaq qismində qəbul edirsinizmi?
– Əlbəttə. Ümumiyyətlə, həyat yoldaşım səfir olduğundan iqamətgahda tez-tez həm Azərbaycandan, həm də İsveçrədən rəsmi qonaqlarımız olur. Eyni zamanda evimizin qeyri-rəsmi qonaqları da olur. Qızlarımızın məktəb yoldaşları, dostları bizə qonaq gəlir, elə olur ki, axşamadək evimizdə oynayır, bizdə gecələyirlər.

– Azərbaycanda hansısa layihə həyata keçirmək istərdiniz? 
– Mən “Homs” adlanan xarici missiya rəhbərlərinin xanımlarının təmsil olunduğu təşkilatın üzvüyəm. Biz xanımlarla birlikdə layihələr həyata keçiririk, müəyyən layihələrə dəstək vermək üçün səylərimizi əsirgəmirik.

– Hansı səfirin xanımı ilə dostluq münasibətindəsiniz?
– Təbii ki, onların bir çoxu ilə normal əlaqələrimiz var. Bəzi səfir xanımlarını daha yaxından tanıyıram, amma ümumilikdə hər biri ilə normal münasibətlərim var.

– Boş vaxtınızı necə keçirirsiniz?
– Üç uşaq anası və səfirin xanımı kimi boş vaxtım olmur (gülür). İtimiz var, gündə 2 dəfə gəzintiyə çıxırıq. Övladlarımı məktəbə hazırlayıb yola salıram. Mətbəxdə çox vaxt keçirirəm, yemək bişirməyi, oxumağı çox sevirəm. Hətta əvvəllər mahnı oxumağı da xoşlayırdım.

– Azərbaycanlılar üçün İsveçrə ədəbiyyatı bir o qədər tanış deyil. Oxumaq üçün hansı yazıçıları tövsiyə edərdiniz?
– Çox yaxşı isveçrəli yazıçılar var. Düzü çox oxuyuram, amma adları unuduram, böyük məmnuniyyətlə, Dürrenmatt, Hürliman və Maks Frişi məsləhət görə bilərəm.

– Səfir xanımı kimi siyasətlə, diplomatiya ilə aranız necədir? Bu sahəyə marağınız varmı?
– Səfir xanımı kimi siyasətə daim yaxın oluram. Özüm də çalışıram ki, İsveçrədə baş verən hadisələri yaxından təqib edim. Çalışıram ki, bu sahədə biliyimi artırım. Seçkilərdə iştirak edirəm.

– Dünyada baş verən müharibələr siyasətlə maraqlanmayan insanların belə diqqətini çəkir. Dünyanın qaynar nöqtəsindəki hansı problem Sizi sarsıdıb? 
– Azərbaycana gəlməzdən qabaq Yunanıstanda yaşamışıq və orada qaçqınlarla bağlı baş verən proseslər, Şimali Afrika və Suriyadan gələn qaçqınların vəziyyəti mənə çox təsir edirdi. Bundan başqa daim yaşadığım ölkədə gedən proseslərə də diqqət yetirirəm. Yunanıstanda dərin böhran var idi, çalışırdım ki, hansısa mənada dəstək olum. Bu gün Azərbaycanda da müəyyən mənada çətinliklər görəndə yardım göstərmək istəyirəm.

– Azərbaycan qadınını cəmiyyətdə hansı obrazda görürsünüz? 
– İsveçrə ilə müqayisədə Azərbaycan qadınları ənənəvi dəyərlərə daha bağlıdırlar. Azərbaycanda azad və açıq cəmiyyəti görəndə təəccübləndim. Özüm ixtisasca müəllim olduğum üçün təhsilə çox önəm verirəm. Azərbaycanda hər bir insanın, o cümlədən xanımların təhsil almaq imkanının çox geniş olduğunu görəndə çox sevindim.

– Bəs Azərbaycan kişilərini necə xarakterizə edərdiniz? 
– Onlar haqda böyük kompliment demək istərdim (gülür). Gördüyüm ilk və son Azərbaycan kişilərinin hamısı çox nəzakətli, mehriban insanlardır.

– Adətən, deyirlər ki, isveçrəlilər daha uzunömürlü olur. Hətta mühacirlərin bir çoxu rahatlıq baxımından İsveçrəni seçir. Bu rahatlığın səbəbi nədir?
– Çox mürəkkəb sualdır. Çox istərdim ki, özüm də bu suala cavab tapım. Ümumiləşdirsək, deyə bilərəm ki, İsveçrədə sosial təhlükəsizlik, sığorta, tibbi təminat yüksək səviyyədədir. Bu rahatlığı Alpla, qarla da bağlamaq olar, bəlkə də yox. Amma əsas meyarlar sadaladıqlarımdır. Hesab edirəm ki, həm də İsveçrənin bir az bəxti gətirib. Dünya müharibələrində iştirak etməyib, bəzi hallarda bəxtin sayəsində belə dövlət qura bilmişik. Təbii ki, siyasət də öz işini görüb.

– Belə bir deyim var, hər uğurlu kişinin arxasında güclü qadın dayanır. Sizin həyat yoldaşınızın uğurlarında payınız varmı?
– Bizdə də o cür deyim var, tamamilə haqlısınız (gülür). Həyat yoldaşımın diplomatiya sahəsində çalışması ailəmiz üçün bir növ dəstək oldu. Onun qazancı mənə işləməmək imkanı verdi. Odur ki, çalışıram evdə bütün işləri elə səviyyədə görüm ki, o, diqqətini evə yox, öz işinə yönəltsin. Hesab edirəm ki, bu baxımdan ona dəstək verə bilirəm. Digər tərəfdən, bəxtimiz onda gətirib ki, biz bir-birimizə çox uyğun insanlarıq, bir-birimizi tamamlayırıq. Elə şeylər var ki, hansısa sahədə o, məndən daha yaxşıdır. Elə sahələr də var ki, məndən bir balaca geri qalır. Mən öz karyeramdan onun işinə görə əl çəkməli olmuşam. Hərdən peşman oluram, amma ümumilikdə belə deməzdim. Adətən, kişilər evdə texniki işləri, məsələn, işıq xətlərindəki problemi yoluna qoyurlar, mənim həyat yoldaşım bu sahədə bir o qədər də bacarıqlı deyil, ona görə də əl işləri ilə bağlı işləri də çalışıram özüm görəm. Bu gün qadınların evdə oturmağı arzuladığı zaman deyil. Amma işləməmək də bir üstünlükdür, haradasa işləyəndə böyük məsuliyyət götürməkdənsə ailəyə daha çox vaxt ayırmağı da məqbul sayıram.

– Evinizdəki Yeni ili dekorasiyası diqqətimi çəkdi. 2017-ci ili harada qarşılamağı planlaşdırırsınız?
– Milad bayramını dekabrın 24-də Azərbaycanda qeyd edəcəyik. Ailə üzvlərimiz, xüsusilə də həyat yoldaşım səyahəti sevir. Buna görə də Yeni ili Sank-Peterburqda və Tallində qarşılayacağıq.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir