Hamınızın yaxşı tanıdığınız Fəlakətlə zəngləşib “xudmani” ofislərinə üz tutdum! Balaca və dolu bir kişi məni pilləkənlərə ötürəndə bir anlıq elə bildim “Fort Boyard”dayam.
Qapını açıb içəri girəndə Şöşünün (Ramil Babayev), ağsaqqalın (Azər Baxşəliyev) oturub çay içə-içə nərddə zər atdıqlarını gördüm. Onda başa düşdüm ki, yox, düz gəlmişik – “Bozbaş Pikçers”in qonağıyıq…
– Özünüzü necə təqdim edərdiniz? Daşqınov Fəlakət Sunami oğlu, yoxsa?..
– Orucov Elşən Eldar oğlu!
– Sizi daha çox Fəlakət kimi tanıyırlar, yoxsa Elşən kimi?
– Fəlakət kimi… Mən necə deyə bilərəm ki, Elşən kimi?! Elşəni Fəlakətə görə tanıdılar. Dedilər, Fəlakəti oynayan Elşən adlı utancaq bir oğlan imiş…
– Fəlakətlə Elşənin xasiyyətlərində oxşarlıq var? Varsa nədir?
– İkisinin də xasiyyəti kəsilsin, amma var, hardasa, nəsə, mütləq ki, var. Heç bir aktyor deyə bilməz ki, yaratdığı obrazda onun özü yoxdur. Bu absurd olar.
– “Bozbaş Pikçers” sizin üçün nə deməkdir?
– “Bozbaş Pikçers” mənim ikinci evimdir. 10 ildir ki, bu şirkət fəaliyyət göstərir. İlk vaxtlar burda təkcə İlkin idi. Əvvəllər bu işə bir hobbi kimi baxırdıq. Yəni bizim məqsədimiz pul qazanmaq yox, insanları güldürmək idi. İllər keçdi, çox şey dəyişdi. Bircə bundan başqa! Bu gün də bizim əsas məqsədimiz pul deyil…
– “Pul” adlı məqsədiniz yox idisə, həftəlik telelayihədən böyük kinoya niyə keçdiz?
– Biz ilk filmimizi çəkəndə kinoteatrlara 30-a yaxın film çıxmışdı. Bizdən başqa demək olar ki, hamının fikri-zikri pul idi. Ona görə də ən az qazananlar elə onlar oldu. Bizimsə hədəfimiz gəlir yox, keyfiyyətli iş idi.
– Sizcə keyfiyyətli film çəkdiz?
– 230 min pul büdcəsi olan filmi istəsək də, keyfiyyətsiz edə bilməzdik. Həm bizim filmin keyfiyyətini tamaşaçılar sübut etdi. Düzdür, ilk filmimiz “Ay Brilyant” kino aləmində bir yenilik olsa da, rekord vura bilmədi… Amma “Axırıncı yol” və ən əsası “Stalinin başı” kino aləminə səs saldı. Bilirsiz, biz sabah 1 miyonluq da film çəkə bilərik. Amma onun yarısını belə geri götürməyi planlaşdırmarıq! Azərbaycanda kinoya qoyduğu pulun ikiqatını qazanmaq istəyənin ağlı yoxdur. Çünki Azərbaycan tamaşaçısının filmə xərcləyəcəyi bəlli bir büdcə var.
Biz “Stalinin başı” filmi ilə rekord baxış yığdıq. Minimum – 150 min. Hamı da dedi ki, Şəmigil partlatdı. Elə bilirdilər, qazandığımız pulları yığıb-yığışdıra bilmirik. Hərəmizin altında bir təzə inemarka… Sponsorlarımız da dalbadal düzülüb. Düzdür, sağ olsunlar, hələ ki, bizə “yox” deyən sponsor olmayıb. Amma yenə də bizdə dəstək çox zəifdir.
– Heç olmasa, qoyduğunuz pulu götürə bildiz?
– Biz xərclədiymizi yox, “rekord” adını götürdük. Biz Qoridəki səhnəni çəkmək üçün tənbəllik eləmədik, yola vermədik, həqiqətən də getdik, o səhnəni elə Qorinin mərkəzində də çəkdik. Başqaları kimi yalandan “xromokey”də Qori ab-havası yarada da bilərdik. Ama biz bunu eləmədik. Çünki tamaşaçını aldatmaq bizlik deyil.
– “Stalinin başı”nın özəlliyi nə idi?
– Bizim bir avantajımız vardı: Obrazların əvvəlcədən tanınması! Yəni tamaşaçı kinoteatra getmədən öncə bilirdi ki, hara gedir, nəyə pul verməyə gedir. Bilirdilər ki, orda tanıdıqları Şəmi, Şöşü, Fəlakət var ən azı!
Amma başqa filmlərdə əvvəlcədən bilinmir ki, nə nədir, nə deyil. Anonslarından da heç nə başa düşmək olmur. Yazıq tamaşaçı neyləsin?!
– “Əla, əla”, “Eşidissən?”, “Onu maa neçiyə verərsən?” kəlmələrini insanların dilindən düşməyən aforizmə çevirən nədir?
– Sizə bir sirr açım. Bu kəlmələrin heç biri ssenaridə olmayıb. Bunlar hamısı mənim improvizələrimdir. Mən çəkiliş meydançasında bu sözlərdən istifadə edəndə heç ağlıma da gəlməzdi ki, bu kəlmələr belə məşhur kəlamlara çevriləcək. Həm də ki, mən bu sözləri cəmi 2-3 seriyada işlətmişəm. Demək ki, bu Fəlakətdə yaxşı alınır.
Bir də ki, bizə kömək edən təkrarların yayımlanmasıdır. Hər yay biz mövsüm tətilinə çıxan kimi qışdakı efirlərimiz təkrar yayımlanır və təsəvvür edin ki, populyarlıq effekti bir dalğa kimi yenidən qayıdıb gəlir.
– Fəlakəti Şəmi və Şöşüsüz təsəvvür etmək olar?
– Yox! Nə Fəlakəti onlarsız, nə də onları Fəlakətsiz göstərmək olar. Bu, böyük bir fəlakət olardı. Kimsə düşünməsin ki, Fəlakət tək maraqlı olar. Fəlakətin canı o brend üçlüyün dialoqlarıdır.
– Fəlakəti brendə çevirən nədir? Onun geyim üslubu, danışıq tərzi, saflığı, yoxsa?..
– Danışığı və sözləri… Hamı deyir ki, bizim hər birimizin içində bir Fəlakət var. Bu mənim üçün sevindirici haldır. İnsanların içinə yaxınamsa, demək ki, sevilirəm.
– Nə vaxtsa Fəlakət qədər məşhur ikinci bir obraz yaratmağı planlaşdırırsız?
– Fəlakətə tələbat varsa, onu niyə başqası ilə dəyişim ki? Biz hər il mövsüm finalı yaşayanda, deyirik ki, biz artıq hər şeyi eləmişik. Bitdi, yeni mövsümdə reytinq düşəcək. Amma əksinə… İllər keçdikcə görürük ki, reytinq üstünə reytinq gəlir. Mən nə naxtsa görsəm ki, Fəlakətin reytinqi ölüb, o zaman Fəlakət gedəcək…
– “Bozbaş Pikçers”in yayımlanma məqsədi, ictimai mesajı varmı?
– Həftəlik efirlərimizdə sosial mesajlar çoxdur. Hər gün ictimai həyatda nəsə baş verir. Hər günün aktual mövzusu olur ki, bu mövzu da bizim ssenarinin canına çevrilir. Məsələn, bu yaxınlarda belə bir şey oldu. Pullu bir dayday avtobusun qabağında maşınını saxladı, avtobus yol istəyəndə də, həmin adam maşınını səhv yerdə saxladığını bilə-bilə tərsliyinə salıb avtobusun qabağından çəkilmədi və sürücünü söyməyə başladı. Bu bizimçün əsl ssenari oldu. Ekranlaşdırdıq. Həmin pullu daydayın prototipini yaratdıq. Bizə əsas lazım olanı həyata keçirdik. O dayday özünü efirdə gördü. Bəlkə də utandı, dərs çıxardı, bəlkə də avtobus sürücüsünü söydüyü kimi bizi də söydü. Bilmirəm… Əsas odur ki, mesaj yiyəsinə çatdı. Sabah o daydayın əvəzinə bizim dostumuz da ola bilər. Ona görə də bəzən yaxınlarımız da yanımızda bir iş tutmaqdan çəkinirlər. Bilirlər ki, bu hadisə dərhal ssenariyə çevriləcək.
– Televiziya layihələri, seriyallar, yoxsa kino?
– Kino! Çünki əsl sənət kinodur. Televiziya, seriallar gəldi-gedərdir. Bu gün var, sabah yoxdur! Kino isə qalıcıdır. Necə ki, universiteti oxuyub sonda diplomunu əlinə alıb sevinirsən, hər dəfə diploma baxanda universitet xatirələrini yada salırsan ha, kino da elədir. Baxmayaraq ki, həftəlik efirlərdə daha çox tanınmışam, sevilmişəm, mənim üçün yenə də kinonun yeri başqadır.
– Aktyorluğun diplomunu almış adamsız. Diplomsuz aktyor olmaq olmur?
– İstedadın varsa, diplomsuz aktyor da ola bilərsən, istedadsız diplomludan isə aktyor çıxmaz. Bu gün aktyorlar ad alırlar, biri xalq, biri əməkdar artist olur. Bizim adımızı da xalq verir. Diplomluya, diplomsuza baxmır. Bizim komandada Ramil, Azər aktyorluq fakültəsini bitirməyiblər. Amma ən azı mənim qədər sevilirlər.
– Eşitdiyimə görə, sevdiyiniz aktyorlar Yaşar Nuri və İlkin Həsənidir?
– İlkini deyə bilmərəm, amma Yaşar Nuri, hə! Ən sevdiyim aktyorlardandır. Yəqin ki, bilirsiniz, Yaşar Nuri Nicatın qohumu idi. Allah rəhmət eləsin! Yaşara kumirim deməzdim, amma mənim üçün əsl aktyor o idi. Mən onu İlkinlə yanbayan qoya da bilmərəm axı… Məncə, heç İlkin özü də buna razı olmaz!
– Şəmi, Şöşü, Fəlakət, Şirin, Ağsaqqal nə qədər davalaşsalar da, yenə də sonda dost qalırlar? Bəs Elşən, İlkin, Ramil, Azər, Nicat necə?
– Biz həyatda çoxdanın dostlarıyıq. İncəsənət Universitetində oxuduğum illərdə İlkinlə dost idim, sonra Nicatla, İlkin Misgərli ilə dost oldum. Azərlə bir məktəbdə oxumuşam. Ramin isə ilk iş yoldaşım olub. “Bozbaş Pikçers”in də təməlini elə bu dostluq qoyub. Biz bir-birimizi çox yaxşı başa düşürük. Adam olub ki, özü bizə müraciət edib ki, mən bu komandada işləmək istəyirəm. Biz də razılaşmışıq. Amma sonra o, özü görüb ki, bura onun yeri deyil və gedib. Amma sizə deyim ki, bizim kulminasiyamız Nicatdır. O, bəzən kadrarxasında o qədər gülməli zarafatlar edir ki, biz gülməkdən ölə-ölə ona deyirik ki, “Adam ol! Belə də zarafat olar?!” və dərhal bu zarafatı ssenariyə əlavə edirik.
– Yeniliklər var?
– 2 həftəyə mövsüm finalı edəcəyik. Amma bizə istirahət yoxdur. Artıq 3 ildir ki, biz istirahət nədir, bilmirik. Yeni filmə başlayacağıq. Filmin adını biz hələ özümüz də bilmirik. Hələ ki, ssenari yazırıq. Bircə onu deyə bilərəm ki, “Stalinin başı”nı çəkən rejissorla vidalaşmışıq. Dostumuz Emil Abdullayevin özü ilə oturub danışdıq, götür-qoy elədik və düşündük ki, bu filmə yeni nəfəs lazımdır.
– Dostunuz incimədi?
– Yox, qətiyyən! O, özü də bilir ki, yaradıcı adam bir yerdə qalmalı deyil. Yeni rejissorumuzun da adı Emildir. “İkinci pərdə”nin rejissoru Emil Quliyev. Həftəlik rejissorumuz Rövşənin adını çəkməsək, inciyər. Çünki, o, köhnə qurdlardandır. (Gülür)
– Karyerada istədiyiniz nöqtəyə çatmısınızmı?
– Mənim heç vaxt məqsədim “Ən yaxşı aktyor” adını qazanmaq olmayıb. Mən hətta universiteti bitirəndən sonra bu sahədən ayrıldım. Lakin sonda belə alındı ki, bir də gördüm, Fəlakətə dönmüşəm. Nə yaxşı da belə oldu. Amma hələ ki, istədiyim nöqtəyə çatmamışam. Gözləmə rejimindəyəm. Bəlkə bir gün biri gələr, deyər ki, sən mənim ailəmi güldürürsən, çox sağ ol, al bu pulu, get, yeni bir film çək!
– Ciddisiz?
– Sizlə zarafatım var?! (Gülür)
Hərdən oturub fikirləşirəm ki, niyə bizə dəstək verən yoxdur?! Bəlkə hardasa səhv eləmişik. Amma harda?! Tapa bilmirəm.
– Aktyor uğurunun sirri nədədir?
– Bilmirəm, o nə sirdir, nə sehrdir, amma o sirr Fəlakətdə var. Bir dəfə biz həftəlik bölümlərdən birinə bir aktyoru çəkdik. Nə sirr idisə, onda heç nə alınmadı və hətta bizə tənqidi fikirlər də gəldi ki, onu niyə çəkmisiniz. Sonra biz baxdıq, tamaşaçının bizi qınamaqda haqlı olduğunu gördük və onu dərhal yığışdırdıq.
– Populyarlıq nəyi qazandırdı, nəyi itirdiz?
– Populyarlıq mənə gözləmədiyim, öyrəşmədiyim sevgini verdi. Tamaşaçı sevgisi… Başa düşdüm ki, Allahın və tamaşaçıların sevimli bəndəsiyəm. Amma bir şeyi də itirdim. Sərbəstliyimi! Artıq başa düşürəm ki, mən özümə yox, tamaşaçıya aidəm. Hər yerə gedə bilmirəm, hər yerdə otura bilmirəm. Tanınmağım mənə çox problem yaradır. Amma bizim tamaşaçıda xoşuma gələn bir şey var. Səmimiyyət! Yəni millətimizdə sünilik yoxdur. Yalandan kiməsə gülmək, kimisə xala xətrinə alqışlamaq yoxdur. Sevgi belədir, ya var, ya yoxdur. Amma Fəlakətin, ümumiyyətlə, “Bozbaş Pikçers”in tamaşaçısının böyük hissəsi rayon adamlarıdır. Siz təsəvvür edə bilməzsiniz ki rayonlarda bizi necə qarşılayırlar. Bəlkə də Bred Piti qırmızı xalçada elə qarşılamırlar.
– Tamaşaçılara mesajınız…
– Onlara demək istəyirəm ki, həmişə belə istiqanlı qalın. Özünüzdən başqa hamıya “bəxtəvər” kimi baxmayın. Məsələn yeni tikilmiş bir bina görmüsünüzsə, 3 dəfə, “əşi hamısı bizim pulumuza tikilib də” deyəndə, bir dəfə də “nə gözəl binadır” deyin!
Tamaşaçı valideyn olmalıdır. Tərifi tərif, tənqidi tənqid! Bizim tamaşaçı auditoriyamız genişdir. Bizə nazir də baxır, kəndli də!
– Nazir?
– Bəli, hələ onlardan da yuxarısı. Mən bunu elə-belə demirəm. Elə bir vəzifəli adam olub ki, rastlaşanda “salam” əvəzinə bizim zarafatımızı işlədib. Bax onda başa düşmüşəm ki, sevilirəm! (Teleqraf.com)