oyun

“Biznes mələkləri”ni “oyun”a necə cəlb etməli?

Baxış sayı: 1. 355

Bizim vaxtımızı keçirdiyimiz, əyləncə hesab etdiyimiz kompüter oyunları bir çox ölkələrin iqtisadiyyatında böyük gəlir gətirən sektor hesab olunur. Hətta “oyun iqtisadiyyatı” deyilən bir yanaşma da var. Bu biznes növünün dünya iqtisadiyyatında payı ildən-ilə də artır.2013-cü ildə dünyada oyun bazarının həcmi 93 milyardlıq maliyyə dövriyyəsinə sahib idisə, 2015-ci ildə bu rəqəm 111 milyard dollara çatmışdı. Hazırda isə bu rəqəm təxminən 150 milyard dollar olub. Bu cür gəlirli sahədən biz də istifadə edə bilərik. Bəs niyə yararlanmırıq? Məsələn, bu gün 5 milyondan çox istifadəçisi olan “Fatal Fight” oyununun yaradıcısı azərbaycanlı oyun qurucusu Toğrul Səmədovdur. O, bildirdi ki, ölkəmizdə tələbat olmadığı üçün öz layihəsini Estoniyanın “Itech Media Solutions” şirkətinə satmağa məcbur olub: “O layihəni iki il ərzində hazırlayıb bazara çıxarmışıq. Ümumilikdə 5 platformada fəaliyyət göstərirdik. Komanda üzvlərinin hamısı bu sahədə peşəkar olan insanlar olduğu üçün maaşları da yüksək idi. Yəni, xərclərimiz kifayət qədər böyük idi. Komanda dağılmasın deyə, biz əlavə investisiya cəlb etməliydik. Ancaq bunu bacarmadıq. Heç kim maraqlanmadı. Halbuki dekabr ayında “Bakutel” sərgisində iştirak edəndə müəyyən maraq oyanmışdı. O zaman Azərbaycandan investisiya cəlb edə biləcəyimizi fikirləşirdik. Amma sonra maraq tez söndü, ona görə biz məcbur olub oyunu xaricə satdıq ki, növbəti oyunlarımızı maliyyələşdirə bilək, həmçinin komandamız da dağılmasın”.

 

“Bu, özəl sektorun işidir”

Bəs bu tipli layihələrə ölkəmizdə investorlar niyə maraq göstərmirlər? Bu cür məhsulların öz ölkəmizdə dəstəklənməsi, Azərbaycan məhsulu olaraq dünya bazarına çıxarılması üçün nələr edilməlidir? Burada dövlət, yoxsa özəl sektorun rolu daha çox olmalıdır? T.Səmədov deyir ki, sahib çıxmaq məsələsinə gəlincə, heç kim nə dövlətdən, nə də özəl sektordan heç nə gözləmir. Burada bazar formalaşmalıdır: “Özəl sektorun marağı yoxdursa, biz burada heç kimdən nəsə tələb edə bilmərik. Eləcə də dövlətdən. Dünyanın heç bir yerində bu kimi işlər dövlət tərəfindən aparılmır. Normalda bu, özəl sektorun işidir. Dövlət qurumlarından investisiya fəaliyyəti gözləmək çətindir. Çünki, dövlət qurumları qərarları kifayət qədər uzun müddətə verirlər, tələbləri çox yüksək olur. Həmin yanaşma isə bu tip bizneslərdə mənfi tərəfdir. Dövlətin rolu ancaq ondan ibarətdir ki, sahibkarlığın inkişafına şərait yaratsın. Həmçinin, mülkiyyət hüququnu təmin etsin ki, xarici və yerli investorlar bu tipli layihələrə maliyyə yatırmaqda maraqlı olsunlar. Bu tipli layihələrə sahib çıxmaq, maliyyə ayırmaq müzakirə mövzusu deyil. Müzakirə mövzusu özəl sektorda olan investorların bu istiqamətə maraqlı olmamasıdır”.

 

“Yerli bazarlar üçün bu tip layihələr rentabelli deyil”

Oyun qurucusunun sözlərinə görə, sırf yerli bazar üçün hansısa oyun hazırlamaq bu gün o qədər də effektli olmaz: “Azərbaycan istifadəçisi oyunlara pul xərcləmir. Azərbaycan istifadəçisinə göstərilən reklamların qiyməti çox aşağı olur. Ona görə də, yerli bazar üçün oyun hazırlamaq heç də maraqlı olmur. Azərbaycan istifadəçisinin oyunlara xərclədiyi ortalama məbləği Rusiya ilə müqayisə etsək, 10 dəfə aşağıdır. Rusiyada isə Amerika ilə müqayisədə 10 dəfə azdır. Ümumilikdə götürsək, Amerika və Avropa ölkələri ilə müqayisədə, Azərbaycanda istifadəçinin xərclədiyi ortalama məbləğ 100 dəfə aşağıdır. İstifadəçi sayına görə də Azərbaycan çox balaca bazardır. Yerli bazarlar üçün bu tip layihələr rentabelli deyil. Ona görə biz İT sahəsində reallaşdırmaq istədiyimiz bütün layihələrin qlobal olmasına diqqət edirik. Yerli bazarda sadəcə, şirkəti qurub, kadrları inkişaf etdirə bilərik. Amma onun üçün bizə ya dövlətdən, ya da özəl investorlardan dəstək lazımdır”.

 

“Satışlardan qazanmırıq”

“AzDimension” şirkəti ölkədə oyun istehsalı ilə məşğul olur. İndiyə qədər “İşgal Altında: Şuşa”, “İşğal Altında: Ağdam”, “İşgal Altında: Qisas”, “İki İgid” oyunları istifadəyə verilib. Şirkət 5 ildir yaransa da, hələ ki ancaq sifarişlərdən gəlir əldə edirlər, oyun satışından yox. Şirkətin rəhbəri Fərid Haqverdiyev deyir ki, Azərbaycanda oyun sektoru hələ indi inkişaf etməyə başlayıb: “Qrupumuz 2010-cu ildə yaradılıb. Şirkət olaraq isə 2012-ci ildə fəaliyyətə başlamışıq. Hazırda komandamız 5 nəfərdən ibarətdir. Azərbaycanda bu işi bilən adamların sayı da azdır. Ümumiyyətlə, Azərbaycan oyun sektoru hələ indi inkişaf etməyə başlayıb. Bizim bütün oyunlarımız pulsuzdur, amma buna baxmayaraq, gələcəkdə gəlir qazanmağı planlaşdırırıq. Biz birinci oyunumuzu öz vəsaitimizlə düzəltmişik, amma başqa layihələrə Gənclər və İdman Nazirliyi tərəfindən dəstək olunub. Biz oyunları onların sifarişi ilə düzəldirik. Gəlirimiz hələ ki, sifarişlərdən olur, satışlardan qazanmırıq”.

 

“Xarici investorlar daha çox maraq göstərirlər”

Yüksək Texnologiyalar Parkının (YTP) aparıcı mütəxəssisi Ayan Kərimova bizimlə söhbətində bildirdi ki, YTP-də kompüter oyunları ilə bağlı layihələri olan gənclərə dəstək göstərilir: “Bizim İnkubasiya Mərkəzimizdə hələ ki kompüter oyunları hazırlayan bir komanda fəaliyyət göstərir. Bu “Omarov’s Game Studio”dur. Onlar “Bakutel-2016” sərgisində də öz işlərini nümayiş etdirdilər və maraqla qarşılandı. Biz bu cür komandalar və layihələr üçün münbit şərait yaradırıq. Həftənin 7 günü 24 saat ərzində onları, işləyə biləcəkləri ofislə, internet xidməti ilə, iş görüşləri, tədbirlər keçirmək üçün məkanla təmin edirik. Həm biznes dəstəyi veririk, həm də mütəmadi şəkildə müxtəlif tədbirlər keçiririk. O tədbirlərə investorları, müxtəlif mütəxəssisləri dəvət edirik. Bütün bunlar imkan verir ki, bizim startapçılarımız yeni əlaqələr qursun, təcrübə mübadiləsi aparsın. Eyni zamanda, onları investisiya yönümlü tədbirlərə, müsabiqələrdə iştiraka yönləndiririk. Bu istiqamətdə bir çox uğurlu nəticələr də əldə etmişik”.

A.Kərimova qeyd etdi ki, kompüter oyunları ilə bağlı layihələrə xarici investorlar daha çox maraq göstərirlər.

 

“Niyə bu sektorda bizim ölkənin də payı olmasın?”

Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz deyir ki, bu sahəyə marağın olmaması onlayn biznes, rəqəmsal sahibkarlıq mühitinin bizdə nə dərəcədə inkişaf etdiyini göstərir: “İşlər elə gətirib ki, tarixən bizdə ənənəvi biznes sahələrinə üstünlük verilib. Biznesə maraq göstərənlər mağaza açıblar, kənd təsərrüfatı ilə məşğul olublar və s. Rəqəmsal sahibkarlıq geniş bir sahədir. Bunun içərisindəki bölmələrdən biri də “oyun biznesi”dir. Azərbaycanda indi hansısa sahibkara, yaxud fərdi şəxsə “oyun yaradacağam, bunu satıb pul qazanacağam” desəniz, bildirəcəklər ki, ondansa, həmin məbləğə hardasa mağaza açmaq, torpaq almaq, yaxud hansısa ənənəvi bizneslə məşğul olmağı daha məqsədəuyğun hesab edirlər. Bizim sahibkarlar üçün bu, qəliz bir sahədir. Amma dünyanın statistikasına baxsaq, görərik ki, daha böyük pullar onlayn sahədədir. Niyə bu sektorda bizim ölkənin də payı olmasın?”.

 

“Keçid dövrü üçün dövlətin üzərinə böyük yük düşür”

O.Gündüzün sözlərinə görə, ölkəmizdə bu sahənin inkişaf etməsi üçün dünyadakı oturuşmuş təcrübədən istifadə etmək lazımdır: “Söhbət ilk növbədə, rəqəmsal sahibkarlıq mühitinin yaranmasından gedir. Sahibkarlar arasında bu istiqamətə investisiya qoyanlar yoxdur. Bunun da səbəbi var. Onları inandırmaq lazımdır, beynəlxalq təcrübədən xəbərdar olmalıdırlar və s. Amma reallıq odur ki, bu yoxdur. Halbuki, xaricdə bu cür fərdi sahibkarlara angellər – “biznes mələklər” deyirlər. Bizdə “biznes mələklər” ancaq oflayn dünyadadır, rəqəmsala pul buraxmırlar. Belə olan halda, dövlət burada müəyyən iş görməlidir. Münbit şərait yaratmalı, investorların risklərini sığortalamalı, maarifləndirici işlər görməlidir. Böyük məbləğdə dövlət özü də investisiya yatırımı edə bilər. Bu baxımdan müəyyən keçid dövrü üçün rəqəmsal sahibkarlığın inkişafı ilə bağlı dövlətin üzərinə böyük yük düşdüyünü hesab edirəm. Hazırda bununla bağlı müəyyən addımlar atılır, amma görüləcək işlər daha çoxdur”.

O.Gündüz sahibkarların bu istiqamətdə yatırımlar etməsi üçün həm də cəlbedici, normal hüquqi mühit yaradılmasının vacib olduğunu bildirdi: “Risklərin sığortalanması, güzəştli və uzunmüddətli şərtlər tətbiq oluna bilər. Dünya ölkələrinin təcrübəsinə əsaslansaq, 3-5 il rəqəmsal sahibkarlıq sahəsini bütün vergilərdən azad edirlər. Biznesi qururlar, pul qazanırlar, sonra vergi məsələsinə baxılır. İnkişaf etmiş ölkələrdə yanaşma adətən, belə olur. Yaxud simvolik bir vergi alınır. Rəqəmsal biznes vergi orqanlarının işini asanlaşdırmış olur. Belə ki, onların vergidən yayınması mümkün deyil. Burada sahibkarın nə qədər qazandığını asanlıqla tutmaq olur”.

 

Həm gəlirli, həm riskli…

O.Gündüz deyir ki, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin tabeliyində İnformasiya Texnologiyalarının İnkişafı Dövlət Fondu tərəfindən İT sahəsində olan startaplara, layihələrə müəyyən qədər dəstək göstərilir. Amma böyük biznes qurulmasından söhbət gedirsə, daha çox gəlir müzakirə mövzusudursa, bu zaman ayrılan maliyyə də çox olmalıdır: “5-10 min manatla böyük biznesə doğru addım atmaq olmur. Böyük yatırımlar və dövlətin böyük dəstəyi olmadan irəliləmək, dünya bazarına çıxmaq çətin olur. Hökumət oyun biznesinə vəsait yatırıb böyük pullar qazana bilər. Amma bizdə bu biznes sahəsində lazım olan qədər kadr yoxdur. Bu kadrları necə yetişdirmək lazımdır? Burada artıq problemlər var. Gərək xaricdən mütəxəssis çağırasan, ali təhsil müəssisələrində ixtisaslar açasan, kadrları yetişdirəsən. Kadr yetişdirmək lazımdır”.

O.Gündüz onu da bildirdi ki, bu iş gəlirli olduğu kimi, həm də risklidir: “Startap elədir ki, burada risklər var. 100-dən 90-ı uğursuz olur. Amma yerdə qalan 10 faizin əldə etdiyi gəlir qoyulan investisiyadan 100 dəfə çox olur. Bir milyon qoyulursa, 900 mini batır. 100 mindən gələn xeyir bir neçə milyon olur”.

“Oyun sektoru üçün lazım olan məbləğə sahib investor yoxdur”.

Kompüter oyunlarının satışı, online kompüter və mobil oyunlara ödəniş sistemi olan Gamebuy.az layihəsinin həmtəsisçisi Seymur Haşımovun sözlərinə görə, Azərbaycanda əsas yatırımlar oflayn bizneslərədir: “İndi demək olar ki, hər ailədə kompüter var. Bu səbəbdən kompüter oyunlarına maraq kifayət qədər var. Dövlətin bu sahədə ümumiyyətlə, dəstəyi yoxdur. İKT ilə bağlı qrant müsabiqələrdə ayrılan məbləğlər oyun sektoru üçün olduqca azdır. Qlobal düşünsək, investorlar kifayət qədər var. Lokal bazarı düşünsək, oyun sektoru üçün lazım olan məbləğə sahib investor yoxdur. Təkcə oyun yox, digər İKT sektorları üçün də Azərbaycanda investor yoxdur. Bizdə yatırımlar daha çox oflayn bizneslərədir”.

S.Haşımovun sözlərinə görə, yerli investorların bu sahəyə cəlb olunması üçün onlar birinci özlərindən başlamalıdır. Bu sahəyə yiyələnib, yeniliklərdən xəbərdar olmalıdırlar.

S.Haşımov bildirdi ki, Gamebuy.az kollektivi tərəfindən yaxın aylarda Azərbaycanda oyun çempionatlarının təşkili olacaq və oyun mediası ilə əlaqədar verilişlər hazırlanacaq. Bu mühitin inkişafı üçün bütün addımlar atılacaq.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir