bexem

Bekhemlərin sevgi hekayəsi

Baxış sayı: 1. 443

Hər ikisi iş görüşlərində, tədbirlərdə, axşam yeməklərində tez-tez olurdu. Çox vaxt da məcbur olduqları üçün gedirdilər. Bu da o cür görüşlərdən biriydi. Daha doğrusu, xeyriyyə məqsədilə keçirilən oyun idi. Viktoriya Adams ora “Spice Girls” qrupunun digər üzvünün təkidilə gəlmişdi. Ancaq nə biləydi ki, bu görüş onun bütün həyatını dəyişəcək. İlk dəfə orda tanış olmuşdular. Elə dərhal da Viktoriya Bekhemi təəccübləndirə bilmişdi — ondan avtoqraf istəməməklə. Sonralar Devid Bekhem deyəcəkdi: “O, məni futbol kitablarından, mən isə onu televiziya ekranından seçmişəm. Amma dərhal görünürdü ki, biz bir-birimiz üçün yaranmışıq”.

Onların münasibəti ilk baxışdan sevgi deyildi. Çünki Viktoriya da sevgilisindən təzə ayrılmışdı. Münasibətə söhbətləşməklə başlayırlar. Sonra telefonlaşırlar və bir neçə dəfə yeməyə çıxırlar. Artıq birlikdə vaxt keçirməyi xoşlayırdılar. Devid hiss edirdi ki, heç vaxt maraq dairəsində olmayan pop musiqi ilə maraqlanmağa başlayıb, Viktoriya isə futbol oyunlarına gedir. 

Bekhem sadə ailədən çıxmışdı və şöhrətin nə olduğunu gənc yaşında anlamışdı. Onun valideynləri “Mançestr Yunayted” komandasının azarkeşi idi. Onlar Devidi komandanın bütün oyunlarına aparırdılar. Tale elə gətirdi ki, Bekhem 17 yaşında məhz bu komandada futbol karyerasına bağladı. Sonra isə başgicəlləndirici yüksəliş…
Məşhur olmağında xarici görünüşü də müəyyən rol oynadı. Xüsusən yanaqlarındakı batıqlar. Buna baxmayaraq qəfil gələn şöhrət, ucsuz-bucaqsız qonorarlar onu xoşbəxt etmirdi. Əks cinsin nümayəndələri onu diqqətdən kənarda qoymurdu. Ancaq Devid inanmırdı ki, bütün qızları yalnız sadə londonlu oğlan maraqlandırır.

O, Viktoriyada yalnız maraqlı həmsöhbət və cazibədar qadın gözəlliyi tapmamışdı. Viktoriya Devid üçün ideal qadın idi. Layiqli həyat yoldaşı və qayğıkeş ana ola biləcək əsl qadın. Onların hər ikisi kifayət qədər tanınırdılar. Viktoriya hələ xanım Bekhem olmamışdan əvvəl də bəzəkli, baxımlı, səliqəli, gözəl geyimli qadın olub. Uşaqlıqdan əsl xanım kimi yetişmək üçün 3 məqamı mənimsəmişdi: kürəyi düz saxlamaq, dizləri cütləşdirib oturmaq və azacıq kənara əymək, balıq bıçağı ilə ət bıçağını səhv salmamaq. Viktoriya həmin illəri belə xatırlayır: “Özümü tanıyandan öz üzərimdə çalışmağa başladım. Hər şeyi… Oturmağı, durmağı, yeriməyi, gülməyi, əsəbiləşməyi, geyinməyi, soyunmağı… Bilirsiz, nümunəvi imic məsuliyyət tələb edir. Ona görə ki, başqa çıxış yoxdur”.

Atası satıcı, anası isə fermer olmasına baxmayaraq, Viktoriya anadangəlmə aristokratdır. Onun bədən quruluşu 90-60-90 standartında olmasa da, etdiyi hər şey idealdır. Onun 17 yaşı tamam olan kimi “Laine Theatre Arts” kollecinə daxil olur. Viki saatlarla rəqs dərnəyində itib batırdı. Ciddi-cəhdlə rəqs öyrənirdi. Əfsanəvi “Spice Girls” qrupuna müsabiqə ilə düşmüşdü. Bu qrupda o, həm kommersiya, həm də populyarlıq baxımından super uğurlar qazandı. Amma sən saydığını say…

Həm Devid, həm Viktoriya anlayırdılar ki, onlar maraqlı cütlük ola bilərlər. Hər birinin milyonları var, hər ikisi karyerasının zirvəsindədir. Futbol fanatları düşünürdülər ki, Bekhemin tez evlənməyi onun karyerasına ziyan vura bilər. “Spice Girls” qrupunu sevənlər isə Viktoriyanın itkisi ilə tez barışdılar. Mətbuatda isə onların hansınınsa kənarda eşq macərası olması haqda şayiələr gəzirdi. Lakin məlum oldu ki, bunlar hamısı uydurmadır. Tanışlıqlarından bir il sonra cütlük nişanlandıqlarını elan etdi. 1999-cu il 4 iyulda onların toy mərasimi baş tutdu. Çox keçmədi ki, oğlanları Bruklin dünyaya gəldi. Və elə o vaxt Bekhemlər özlərinin ilk evini aldılar. Bu evi jurnalistlər “Bekhemlərin sarayı” adlandırırdı.

Onların xoşbəxtliyinə çoxları həsəd aparırdı. Hər addımları paparatsilərin diqqət mərkəzində idi. Amma gənclər buna çox da əhəmiyyət vermirdi. 2002-ci ildə Bekhemlərin ikinci oğlu Romeo Ceyms dünyaya gəldi.

Ancaq tale onlara ciddi sınaq hazırlayırdı. İkinci oğlu dünyaya gələndən sonra Devid “Real Madrid” klubu ilə müqavilə bağlayır və İspaniyaya gedir. Ailə isə İngiltərədə qalır. Elə hər şey bu zaman baş verir.

Rebekka Lus Devidə dil öyrədir və şəhərlə tanışlığına kömək edirdi. Amma çox keçmir ki, paparatsilər onları tək işgüzar görüşlərdə yox, restoranlarda qeyri-formal şam yeməklərində yaxaladılar. Qəzetlərdə Devid Bekhemin xəyanəti haqda məqalələr yazılmağa başladı. Hətta bunu şahzadə Dianadan sonra ən böyük xəyanət dramı adlandırdılar. Qəzetlərdə “İdeal cütlüyün sonu”, “Devid Vikini kimə dəyişdi?” kimi başlıqlar yayılırdı. Dünya xəyanətə uğrayan qadından reaksiya gözləyirdi. Hamı əmin idi ki, cütlük tezliklə boşanacaq. Amma düşünülənin əksinə, Viktoriya oğlanlarını da götürüb Madridə yollandı — ərinin yanına.

Sonra o, bu barədə belə deyəcəkdi: “Gizlətməyəcəm. Bu, bizim ailənin çətin günləri idi. Amma mən başa düşdüm ki, dünyada hər şeyin öz qiyməti var. İnsanın da həmçinin”. Beləliklə, Viktoriya Devidi bağışladı və dünyaya daha bir oğul gəldi – Kruz.

Bundan sonra cütlük yenə də bütün tədbirlərdə birlikdə görünməyə başladı. Viktoriyanın üzündən təbəssüm əskik olmurdu. Və bütün bunlardan sonra Bekhem öz sevimli qadını ilə daha bir nikah mərasimi düzənlədi. Kilsə kəbinindən sonra ikiqat evlilər belə bir tatu döydürdülər: “Hər şey yenidən”.

Toylarının 10 illiyində Viktoriya hisslərini bu cür bölüşüb: “Mən özümü sonsuz dərəcədə sevilən və möhtəşəm hiss edirəm. Ən yaxşı dostum mənim sevgimdir. Məni hər gün ilhamlandıran ən yaxşı kişi… İldönümün mübarək, dünyanın ən yaxşı əri və atası”. Devid də ildönümlərinə biganə qalmayıb: “Bizim 4 gözəl uşağımız var və onlar üçün səndən yaxşı ana təsəvvür edə bilməzdim”.

2011-ci ilin iyulunda isə üç oğlandan sonra bir qızları dünyaya gəldi – Harper Seven. Dünya şöhrətli iki insanın uzun müddət evli qalmaları qədər, dörd uşaq sahibi olmaları da hər kəsi təəccübləndirir. Bu gün stil ikonası hesab olunan, “Viktorias secret” brendinin yaradıcısı, 42 yaşlı britaniyalı dizayner, model, müğənni həm də gözəl övladların xoşbəxt anasıdır. İndi bütün dünyada milyonlarla gənc və yeniyetmə qız ona oxşamaq istəyir. Viktoriya Bekhem ötən il daha bir addımı ilə gündəmə gəldi. O, döymələrini sildirdi. Bunun səbəbini isə döymələrin hazırki nüfuzuna xələl gətirməsi ilə izah edir. Yəni Viktoriya hazırda bizneslə məşğul olan bir qadın kimi bu döymələri özünə yaraşdırmır.

Bütün bədbin proqnozlara baxmayaraq, onların ailə ittifaqı möhkəm alındı. 18 ildir evli olan bu cütlük haqqında müxtəlif dedi-qodular çıxsa da, onların xoşbəxt həyatı göz qarşısındadır. Bekhemlər övladlarını ciddi və mükəmməl tərbiyə ilə böyüdürlər. Onlar həm də uşaqları ilə dostdurlar. Bunları ən azı valideynlərin sosial şəbəkələrdə paylaşdığı foto və videolardan da görmək olar. Odur ki, Bekhemlərin ailəsi bütün dünyada ideal ailə kimi nümunə göstərilir.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir