seriallar

Yeni mövsümdə tamaşaçıları hansı yerli seriallar gözləyir?

Baxış sayı: 2. 538

Son illər serial və kino sahəsində irəliləyişlərin olduğu hər kəsə məlumdur. Əsas da TV-lərdə yayımlanan seriallarla bağlı xüsusi canlanma var.

Əvvəlcə komediya serialları ilə başlayan bu axın, dram janrının çoxluq təşkil etməsi ilə müşahidə olundu. Baxmayaraq ki, Türkiyə serialları ölkə üzrə baxış sayında birinci gəlir, ancaq əyalətlərimizdə yerli seriallara daha çox üstünlük verirlər. Azərbaycan əhalisinə xitab edən serialları çəkən prodakşnlar və kanallar yeni mövsümü fürsət bilib tamaşaçıların qarşısına fərqli işlərlə çıxmağa hazırlaşırlar.

“Gencaile.az” “Publika.az”- a istinadən sizə yeni mövsümdə tamaşaçıları ekran qarşısına çəkməyi planlaşdıran serialların siyahısını təqdim edir:

“Ata ocağı” serialı iddialı treylerilə indidən sosial şəbəkələrdə diqqət çəkməyə başlayıb. Ekran işində baş rolları xalq artistləri Qurban İsmayılov, Həmidə Ömərova, əməkdar artist Rasim Cəfər, aktrisa Asya Atakişiyeva və başqaları oynayır. Psixoloji dram janrında olan serial bir neçə ailənin təzadlı həyatından bəhs edir. Ekran əsəri həftəiçi 5 gün Xəzər TV-də yayımlanacaq.

Baş rollarını Oksana Rəsulova, Türkay Cəfərli, Şəhriyar Əbilovun oynadığı “Lal yuxu” serialı da Xəzər TV-də yayımlanacaq. Həmçinin ekran işində əməkdar artist Mehriban Xanlarova, aktrisalar Aydan Axundova, Xumar Səlimova və müğənni Emil Bədəlov da rol alır. Serial oktyabr ayından Xəzər TV-də yayımlanacaq.

Xəzər Tv-də yayımlanan digər serial isə “İmtahan” olacaq. Serialda baş rolları aktyorlar Hikmət Rəhimov və Sənan Ellez ifa edir. Ekran işi adından göründüyü kimi tələbə və universitet həyatı, onların təkcə tədrislə bağlı yox, həm də həyatda qarşılaşacaqları imtahanlarla bağlıdır. Serial həftəiçi 5 gün tamaşaçıların görüşünə gələcək.

Lider Tv-də ekran həyatına başlayan “Sevginin göz yaşları” serialı həftəiçi 4 gün yayımlanacaq. Elçin Cahangirlinin rejissoru olduğu ekran işi dram janrındadır. Tamaşaçılar E.Cahangirlini “Yanmış körpülər” serialındakı Rüfət obrazı ilə tanıyıblar.

“Ögey ana” adlı ekran işində baş rolu “Vicdan haqqı” serialı ilə populyarlıq qazanmış əməkdar artist Kəmalə Müzəffər oynayacaq. Onun tərəf müqabili isə əməkdar artist İlqar Cahangirdir. Dram janrında olan serial sentyabr ayının 11-dən etibarən həftəiçi 4 gün 21.15-də ATV-də yayımlanacaq.

ATV-nin digər yeni ekran işi isə dram janrında olan “Barama”dır. Serialda xalq artistləri Həmidə Ömərova, Nurəddin Mehdixanlı, əməkdar artist İlqar Cahangir, aktyorlar Tural Baxış, Cavanşir Hadıyev, aktrisa Asya Atakişiyeva və başqaları rol alacaq.

“Eks-bacanaqlar” serialı ATV-dəki yayım həyatına davam edir. Həftədə bir dəfə yayımlanan ekran işi, yeni obrazları və gündəmdəki hadisələrdən ilhamlanaraq yazılan ssenarisi ilə yeni mövsümdən davam edəcək.

Xəzər TV-də yayımlanan “Kölgə” serialı da bu mövsüm davam edəcək. Rejissorun verdiyi açıqlamaya görə yeni seriyalarda “Kurtlar Vadisi”ndə oynayan türkiyəli aktyorları da ekran işində görə biləcəyik.

“Qız atası” komediya serialı isə üçüncü mövsümünü yenə də ATV-də davam etdirəcək. Vidadi və qızlarının macəraları tamaşaçıları ekran başına kilidləyəcək.

“Qardaşlar” serialı da yeni obrazları və maraqlı ssenarisi ilə izləyənlərinə gülüş dolu dəqiqələr yaşadacaq. Qeyd edək ki, ekran işində baş rolları Fərda Xudaverdiyev, Tünzalə Əliyeva və başqaları canlandırır.

Xəzər TV-də ekrana gəlməsi planlaşdırılan “Xalxın evi” və “Ailəcanlı” adlı komediya seriallarının isə çəkilişləri artıq start götürüb. Hər iki ekran işinin rejissoru “Bacanaqlar”ın Məhəbbəti Ramin Hacıyevdir.

Ən çox baxılan yerli serial ünvanını sahiblənən “Vicdan haqqı” da tamaşaçıları ilə görüşməyə hazırlaşır. Serialın hansı gün yayımlanacağı barədə isə ATV hələ ki məlumat yaymayıb.

Gecə yarısı ATV-də efirə gələn yerli sitkom “Ər və Arvad” da bu mövsüm davam edənlərdəndir. Serialda aktrisa və aparıcı Kəmalə Piriyeva və aktyor Elcan Rəsulov rol alır. Könül və Yaşarın çəp gələn sözləri və başlarına gələn komik əhvalatlar bu mövsüm də davam edəcək.

Bu mövsüm ARB TV-də də yeni serial start götürəcək. Komediya janrında olan ekran işində həkim olmağa çalışan Cemanın başına gələn tragikomik hadisələr yer alır. “Hipokrat andı” adlanan serialda baş rolları aktrisa Cəmilə Tağızadə və aparıcı Xədicə Sənanqızı oynayacaq. Sentyabr ayında başlaması planlaşdırılan ekran işi 3 ay davam edəcək.

ATV-də yayımlanacaq digər seriallardan biri isə “Laləli saray” adlanır. Rejissorluğunu Şahin Qəhrəmanın etdiyi ekran əsəri həftəiçi 4 gün yayımlanacaq. Serialda baş rolu aktrisa Sevinc Əliyeva oynayır.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir